Yeni bacarıqların əhəmiyyəti, bu istiqamətdə perspektivlər və inkişaf tendensiyaları nəzərdən keçirildi
Müasir dünya nə bildiyimizi deyil, bildiklərimizi necə tətbiq etdiyimizi mükafatlandırır. XXI əsrin təhsil sistemini necə qurmalı sualına cavab verərkən eyniadlı kitabında PISA rəhbəri Andreas Şleyxer belə qeyd edir. Çünki dünya bizdən savadlılıq, kommunikasiya, komandada işləmə, kreativlik, tənqidi yanaşma, təşəbbüskarlıq, əzmkarlıq, uyğunlaşma, hətta liderlik bacarıqları tələb edir. Baş vurduğumuz hər işdə uğur qazanmaq üçün xarakter, vətəndaşlıq, sədaqət gözləyirlər. Müasir dünyanın tələbləri, gözləntiləri çoxdur. Bəs, hər gün artan tələbləri ödəyəcək kadrların yetişməsi üçün əlimizdən nə gəlir və hamısını edirikmi?
Mütəxəssislərin və ictimai xadimlərin iştirakı ilə keçirilən “dəyirmi masa”nın gündəliyində də məhz təhsildə XXI əsr bacarıqları idi. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təşkilatçılığı, “T-Network” platformasının tərəfdaşlığı ilə baş tutan tədbirdə yeni bacarıqların əhəmiyyəti, bu istiqamətdə perspektivlər və inkişaf tendensiyaları nəzərdən keçirildi, müxtəlif fikirlər, təkliflər müzakirə olundu.
Müzakirədə millət vəkili Ceyhun Məmmədov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Təhsil Nazirliyinin rəsmi şəxsləri, təhsil mütəxəssisləri, elm xadimləri, məktəb direktorları, müəllimlər iştirak edirdilər.
XXI əsrin əsas bacarıqları üçün ölçü alətini birlikdə tapaq
“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi müzakirə üçün iştirakçıların qarşısına sual qoyub: yetişməkdə olan nəslə XXI əsrin bacarıqları necə aşılanmalıdır? Bu keyfiyyətləri formalaşdırmağımız üçün təhsil sistemi necə idarə olunmalı, hansı dəyişikliklər edilməlidir?
Cəfər Mənsimi həmçinin “T-Network” komandası tərəfindən bu yaxınlarda çap edilən PISA direktoru Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı” kitabına istinad edərək bildirib ki, “Əgər biz uşaqlara bildiklərimizi öyrətsək, onlar bizim izimizlə gedəcəklər. Əgər onlara öyrənməyi öyrətsək onlar istədikləri hər yerə gədəcəklər”.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin icraçı direktoru Müzəffər İsmayılov qeyd edib ki, XXI əsrin əsas bacarıqlarının bir çoxu yeni deyil: “Bacarıqların elələri var ki, mahiyyət etibarilə yeni deyil, insanlığın tarixi qədər yaşı var. Bəs, XXI əsrdə bunlar niyə təkrar vurğulanır? Biliyin artma tezliyi, informasiyanın yayılma sürəti, rəqabətin şiddəti mütəxəssisləri düşünməyə vadar edir ki, yaxın onilliklərdə rəqabətdə “XXI əsr bacarıqları” adlandırılan müəyyən səriştələr, bacarıqlar, fərdlərin, icmaların, şirkətlərin rəqabətqabiliyyətliliyində, uğurunda əsas amillər olacaq. Qlobal mühitdə təhsilin formatı, məqsədi geniş müzakirə mövzusudur”.
Ölkəmizdə də qanunvericilik bazasında əksini tapan, Nazirlər Kabinetinin qərarında “Ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələr” kimi ifadə olunan bu çağırışlar XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin təhsil strategiyasına da əlavə olunub: “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi olaraq öz təhsil modelimizi bu istiqamətdə yenidən gözdən keçiririk. Burda bizi 2 əsas sual maraqlandırır. XXI əsr bacarıqlarını məktəb mühitində necə aşılamalıyıq? Öyrətdiklərimizi necə ölçməli, nailiyyətlərimizi necə qiymətləndirməliyik?”
Dünyada bu barədə çoxsaylı araşdırmalar, tədqiqatlar olsa da, vahid qənaət yoxdur. Ona görə də ümumi dəyərləndirmə aparıb öz kontekstimizə uyğun alətlər yaratmalıyıq. Bu istiqamətdə bir təşəbbüsümüz də olub. “XXI əsr bacarıqları” Olimpiadası təşkil etdik. 18 dövlət ümumtəhsil məktəbinin iştirakı ilə, 100 şagirdin qatıldığı bu tədbir məlumatlılığın artırılması, yeni bacarıqlara qarşı şagirdlərdə motivasiya yaratmaq məqsədi daşıyırdı”.
M.İsmayılov bütün intellektuallarımızı bu prosesə cəlb etməklə ölkə içində bir ölçü vasitəsi formalaşdıra biləcəyimizə inandığını deyib.
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov mərkəz tərəfindən keçirilən “XXI əsr bacarıqları” olimpiadasına diqqət çəkərək olimpiadanın uğurlu nəticələri olacağına inandığını bildirib. O, layihəni gələcəkdə milli və beynəlxalq brendə çevirməyi planlaşdırdıqlarını söyləyib: “Milli brendin daha böyük auditoriyaya çatdırılması üçün başqa təhsil müəssisələri də sponsor olaraq bizə qoşula bilərlər. Biz təhsilin inkişafına yönələn təşəbbüsləri hər zaman dəstəkləməyə hazırıq”.
Əsas hədəf xoşbəxt şəxsiyyət yetişdirməkdir
Təhsil İdarəçisi, kimya üzrə olimpiada birincisi Sənan Mahmudovun fikrincə, təhsilin məqsədi dəyişməlidir: “Hazırda hər birimizin uşağın təhsilində başlıca məqsədimiz onun ali məktəbə daxil olmasıdır. Ancaq bu dəyişməlidir. Biz uşağın xoşbəxt olmasına çalışmalıyıq”.
Müasir dünyada xoşbəxt olmaq üçün isə XXI əsr bacarıqlarını inkişaf etdirmək lazımdır: “Bunlar kitablarda öyrədilənlər deyil. Biz onlara məhdud imkanlarla məhz lazımi bacarıqlar öyrətməliyik ki, onlar məzun olandan sonra hər vəziyyətə uyğunlaşa, çətin situasiyadan çıxa bilsin, özlərini rahat ifadə etsinlər. Birlikdə çalışmalıyıq ki, “XXI əsr bacarıqları” olimpiadasında bu dəfə 35 komanda iştirak edirdisə, növbəti dəfə komandaların sayını 150-yə qədər artıraq”.
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, XXI əsr bacarıqlarını formalaşdırmaq üçün ilk növbədə təhsilverənlərin keyfiyyətinə baxmaq lazımdır: “Müəllimlərimizin neçə faizi mövcud tələblərə, müasir çağırışlara cavab verir. Məncə, bu, çətin sualdır. İbtidai sinif, ya da orta məktəb müəllimlərinin hamısı buna hazırdırmı? Yaxud, müəllimlər öz üzərində nə qədər işləyir, özünü təkmilləşdirməyə çalışırlar? Bizim nə qədər müəllimimiz informasiya texnologiyalarından istifadə etməyə qadirdir? İntellektual səviyyəli, zəngin bilikli, dünyagörüşlü, vətənpərvər gənci biz harada yetişdirəcəyik? Önəmli məsələlərdən biri budur ki, tərbiyə məsələsi də prioritet təşkil etməlidir”.
Ceyhun Məmmədov belə müzakirələrin vacibliyinə toxunaraq təhsildə əsas hədəfin xoşbəxt şəxsiyyət yetişdirmək olduğunu xüsusi qeyd edib. O, bacarıqların formalaşması üçün məzmun, müəllim nüfuzu, dərsliklərin keyfiyyəti məsələlərinə də toxunub.
Müstəqil öyrənmə ən əsas bacarıqlardan biridir
Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, 10-15 il əvvəl cəmi 8 kompetensiyadan söhbət gedirdisə, 2016-cı ildə artıq bu rəqəm 20-yə çıxıb. Üstəlik, Avropa Şurasının hazırladığı bu kompetensiyalarla yanaşı, YUNESKO-da da yeni kompetensiyalar hazırlanır: “Məni narahat edən odur ki, dünya miqyasında da təşkilatlar biri-birindən xəbərsiz işləyir. Avropa Şurasının hazırladığı kompetensiyalar çərçivəsi var, YUNESKO-nun öz tələbləri var... bəlkə bunun plüralizm olduğunu deyəcəksiniz, amma hərdən adamı çaşdırır da”.
V.Yaqublu yeni kompetensiyaları uşaqlara müəllimlərlə paralel aşılamağın doğru olduğu qənaətindədir: “Müstəqil öyrənmə bacarıqları nə üçün lazımdır? Bu gün müəllimlərimizə öyrədib sonra şagirdlərə keçsək, bir neçə nəsli itirərik. Elə bir situasiyadayıq ki, müəllimlərə öyrədə-öyrədə şagirdlərin və müəllimlərin özünün öyrənməsini təmin etməliyik”.
Müzakirədə çıxış edən Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov, Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin direktoru İlkin Həsənov, “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan, “T-Network” platformasının baş mütəxəssisi Qoşqar Məhərrəmov, məktəb direktoru Emilya Səfərəliyeva, təhsil mütəxəssisi Rasif Dünyamalıyev, Təhsil İnstitutunun şöbə müdiri Aygün Qurbanlı, pedaqoq Günay Məmmədova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə və digərləri belə müzakirələrin davamlı olmasının vacibliyini bildirərək qeyri-müəyyən dövrdə müstəqil öyrənmənin ən əsas bacarıqlardan biri olduğunu vurğulayıb, xoşbəxt şəxsiyyət yetişdirməyin önəminə toxunublar.
Tədbirdə həmçinin qeyd olunub ki, XXI əsr bacarıqlarını formalaşdırmağın ən yaxşı yolu məktəb mühitini dəyişməkdir. Beləcə, şagirdləri məktəbə bağlamaq lazımdır. Məktəb sosial məktəbə çevrilməli, şagirdlərin məktəbin bir parçası kimi özlərini hiss etməsi təmin edilməlidir.
Ruhiyyə DAŞSALAHLI