Yaponiyanın Tsukuba şəhərində məktəblilərin 30-cu Beynəlxalq İnformatika Olimpiadasına (IOI) start verilib. Hər il iştirakçılarının sayının artdığı Beynəlxalq İnformatika Olimpiadasına bu il 85 ölkədən təxminən 340 nəfər şagird qatılıb.
Olimpiadanın açılış mərasimi yapon “anime” mədəniyyəti ilə texnologiyanın birləşməsini əks etdirən süni zəka olimpiada simalarının əyləncəli təqdimatı ilə başlayıb.
Tədbirin rəsmi hissəsində Yaponiyanın dövlət nümayəndələri, təhsil naziri və digər fəxri qonaqlar iştirak edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev və digər nümayəndə heyəti də olimpiadanı izləmək üçün Yaponiyada səfərdədir.
Yarışın ilk günündə komandalara informatika ilə bağlı suallar təqdim olunub və bu sualları cavablandırmaq üçün onlara 5 saat vaxt verilib. İlk pillədə ABŞ-ı təmsil edən Benjamin QI qərarlaşıb. İlkin göstəricilərə əsasən, Azərbaycanı təmsil edən Abutalıb Namazov minimum bürünc medalı qazandıracaq mərhələni keçməyə çox yaxın nəticə əldə edib. Beynəlxalq İnformatika Olimpiadasının növbəti və həlledici yarış günü sentyabrın 5-də keçiriləcək.
Azərbaycanın 24-cü dəfə qatıldığı yarışda ölkəmizi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhəri 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov təmsil edirlər.
2019-cü ildə 31-ci Beynəlxalq İnformatika Olimpiadasına Azərbaycan ev sahibliyi edəcək. Ölkəmizdə ilk dəfə keçiriləcək yarış “ADA” Universitetində təşkil ediləcək.
Şagirdlər Respublika Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində Təhsil Nazirliyi və “Azercell” Telekom MMC –nin dəstəyi ilə hazırlaşıblar.
Olimpiada sentyabrın 8-dək davam edəcək.