Statistik təhlil göstərir ki, son 5 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üzrə proqnoz yerlərinin sayı 20,8 faiz artıb. Eyni zamanda son 5 tədris ilində I-IV ixtisas qrupları üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarında xeyli artım olub. Bu dövrdə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayında da ciddi artım müşahidə edilib. Belə ki, ötən il müsabiqə şərtlərini ödəyən və tələbə statusunu qazanmaq hüququ olan abituriyentlərin (imtahanlarda 200 baldan artıq nəticə göstərənlər) sayı 35790 nəfər olduğu halda, cari ildə bu göstərici 6,7 faiz artaraq 38201 nəfər təşkil edib.

 

Qeyd edək ki, cari ildə keçirilmiş qəbul imtahanlarının 2-ci mərhələsinin nəticəsinə əsasən, I-V ixtisas qrupları üzrə 40 806 abituriyent tələbə adını qazanıb.

 

 

Bununla yanaşı, son 5 ildə I-IV ixtisas qruplarının hər biri üzrə və bütövlükdə tələbə qəbulunun keyfiyyət göstəricilərində (Keyfiyyət qöstəricisi qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin sayına görə müəyyənləşdirilir) də nəzərə çarpacaq dərəcədə artım (18,2 faiz) müşahidə olunur.

 

2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ilinə nisbətən ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində dayanıqlı artım dinamikası müşahidə olunur. Belə ki, son 5 ildə qəbul imtahanlarında 300 baldan çox toplayanların sayı 26,5 faiz, 400 baldan çox toplayanların sayı 35,1 faiz, 500 baldan çox toplayanların sayı 51,5 faiz, 600 baldan çox toplayanların sayı isə 81,3 faiz artıb. Bu isə ali təhsil müəssisələrinin, eləcə də qəbul olunanların orta bal göstəricilərinin artması deməkdir.

 

 

Cari ilin qəbul imtahanlarında 3127 nəfər abituriyent 600 baldan yuxarı nəticə göstərib. Bu göstərici ötən il 2472 nəfər, 2016-cı ildə 2281 nəfər, 2015-ci ildə 2094 nəfər, 2014-cü ildə isə 1725 nəfər təşkil edib. Bu tədris ilində 29 nəfər abituriyent 700 bal toplayib. Ötən il bu göstərici 15 nəfər olub.