Fövqəladə ekoloji vəziyyət, XXI əsrdə əmək bazarının yeni tələbləri digər dövlətlər kimi Böyük Britaniyanı da problemləri həll edən, dayanıqlı gələcək qura biləcək, praktiki bacarıqları inkişaf etdirən STEAM təhsilin öyrədilməsinə yönəldib. STEM/STEAM təhsilin Britaniyada tətbiqi müasir ölkə infrastrukturuna böyük töhfələr verib, iqtisadiyyatın sürətli inkişafına səbəb olub. “Dumanlı Albionun” şagirdləri PISA (Programme for International Student Assessment) beynəlxalq qiymətləndirmə proqramının nəticələrinə əsasən oxu, riyaziyyat və dəqiq elmlər üzrə ilk iyirmilikdə yer alırlar.

 

STEM/STEAM təhsilə keçid

 

2002-ci ildə Böyük Britaniyanın əməkdar mühəndisi, həmin dövrdə Maliyyə Nazirliyində kansler vəzifəsində çalışan Qaret Roberts ölkədə elm və mühəndislik bacarıqları üzrə elmi araşdırma həyata keçirməyi və hesabat hazırlamağı təklif edir. Hesabatın hazırlanması Britaniyanın Məhsuldarlığı və İnnovasiya Performansının yaxşılaşdırılması üzrə dövlət strategiyası çərçivəsində sifariş edilir. Araşdırmaya və yekun hesabata əsasən SET (science, engineering, technology-elmlər, mühəndislik, texnologiya) sahələrində gənclərin çatışmamazlığı üzə çıxır, riyaziyyat bacarıqlarının inkişaf etdirilməsinin vacibliyi önə çəkilir. Beləcə, 2004-cü ildə Elm və İnnovasiyalar Dövlət Proqramı riyaziyyat elmini daxil edərək STEM abreviaturasını təqdim edir.

 

2005-ci ildə İngiltərə Ali Təhsili üzrə Maliyyələşdirmə Şurası STEM fənlərini təhsildə “strateji cəhətdən vacib və həssas subyektlər” kimi müəyyənləşdirir. 2006-cı ildə Təhsil və Bacarıqlar Departamenti əlaqələndirilmiş yanaşma tətbiq edərək STEM bacarıqlarına məktəb və kolleclərdə dövlət dəstəyi göstərmək məqsədilə Milli STEM proqramı yaradır və bu iş 2010-cu ildə tamamlanır. Məktəblərdə STEM fənlərinin əhəmiyyətini təbliğ etmək və tətbiqini yaxşılaşdırmaq məqsədilə müxtəlif tədbirlər görülür, islahatlar həyata keçirilir, gənclərin STEM-də nailiyyətləri yüksək qiymətləndirilir.

 

2009-cu ildən ABŞ-da fənləri bir-birilə əlaqəli şəkildə kompleks təqdim edən STEAM adlanan müasir təhsil fenomeni meydana gəlir. Böyük Britaniyada da tez bir zamanda STEAM təhsil metodikasının tətbiqinə və  bu istiqamətdə mühüm işlərə start verilir, elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatın inteqrasiyasını təmin edən təhsil proqramları hazırlanır.

 

Birləşmiş Krallıqda STEAM təhsilin təbliği və tədrisi ilə məşğul olan ilk qurumlardan biri 2010-cu ilin sentyabrında Nik Korston tərəfindən yaradılan “STEAM Co” təşkilatıdır. Təşkilatın məqsədi “Böyük Britaniya yaradıcı dahilərini “ilhamvericilər” kimi cəlb edərək uşaqları əsl məşhur və qəhrəman insanlardan ilhamlandırmaq”, uşaqlara oynayaraq, düşünərək, təxəyyül və fantaziyalarından istifadə edərək, düzəldərək oyrənməni təmin etməkdən ibarət olur. İlk fəaliyyətinə London məktəblərinin birində direktordan bir günü STEAM günü kimi keçirməyə icazə alaraq başlayan Nik Korstonun təşkilatının üzvlərinin sayı sürətlə artır, getdikcə təşkilata daha çox uşaq, valideyn, müəllim və digər yaradıcı insanlar qoşulur, bir çox şirkətlər maliyyə yardımı göstərir. “STEAM Co” təşkilatı yaradıcılığı qeyd və nümayiş etdirmək məqsədilə Londondan Sanderlendə, Kornuoldan Karlayla, Liverpula, Ayronbricə qədər bütün Böyük Britaniya ərazisində məktəb və icmalarda, şirkətlərdə müxtəlif tədbirlər təşkil edir, bütün ölkə məktəblərində yaradıcılığa, kreativliyə, icəsənətə, yeni ixtiralara həsr olunmuş STEAM Co günləri keçirilir. Dünya şöhrətli yazıçı Ser Ken Robinson  təşkilat haqqında deyib: “STEAM Co fantastik iş həyata keçirir. O, sənət naminə “A” hərfini (Art-incəsənət) yerinə qaytarır”.

 

STEAM məktəbəqədər təhsil müəssisələrində

 

Böyük Britaniyada uşaqlar məktəbə 5 yaşdan qəbul edilir. 5 yaşa qədər körpələr uşaq bağçaları, məktəbəqədər kurslar, mərkəzlər və qruplarda təhsil alırlar. Məktəbəqədər təhsil müəssisələri maliyyə mənbəyi, iş rejimi, xidmətləri, tərbiyyəçiləri, məqsədləri və təhsil proqramlarına görə bir-birindən fərqlənir. Britaniya məktəbəqədər təhsil müəssisələrinin ümumi xüsusiyyətləri ondan ibarətdir ki, burada əsas olaraq tədris prosesi, uşağın şəxsi-emosional inkişafı, sosial və ünsiyyət bacarıqları, dili bilmək və savadlılıq, riyazi bacarıqlarının inkişafı, təbiət və cəmiyyət haqqında ümumi anlayış, fiziki və estetik tərbiyə məsələlərinə xüsusi diqqət yetirilir. Ölkə fizioloq və psixoloqlarının fikrincə, uşaq artıq 3 yaşından elm öyrənməyə açıqdır və “elmləri süngər kimi canına çəkir”.

 

Britaniyada STEAM proqramları tətbiq edən çoxlu sayda bağça və kurslar fəaliyyət göstərir. Uşaqlara STEAM təhsili vermək məqsədilə bağçalar Lego, Junior İKT dəsti, Junior Science laboratoriyası, lazer kəsici, 3D printerlər, Knex arabaları və s. ilə təchiz edilib.Artıq məktəbəqədər müəssisələrdə körpələr böyük, rənglidüyməli klaviaturalara malik kompüterlərdən istifadə etməyi öyrənir, maarifləndirici kompüter oyunları vasitəsilə asanlıqla texnologiyaları mənimsəyirlər. Lego, fellronika, balacalar üçün nəzərdə tutulmuş digər mühəndislik alətləri vasitəsilə qurğular hazırlayaraq uşaqlar mühəndislik, layihələndirmə və dizayn sahələrinin əsaslarına yiyələnir, dekompozisiya (böyük konsepsiyanın daha kiçik, idarə oluna biləcək hissələrə bölünməsi, böyük əşyaları ayırmaq və yeni qurğular yaratmaq), abstraksiya (daha aydın nəticə əldə etmək üçün lazımsız, faydasız detalların kənarlaşdırılması), əməkdaşlıq, komanda işi anlayışları ilə tanış olurlar.

STEAM-ın təməlində incəsənət dayanır və uşaqlarda kreativlik bacarıqlarını inkişaf etdirən əsas amil hesab olunur. Bu səbəbdən uşaqların yaradıcılığını ifadə etmək üçün stimullaşdırıcı imkanlar (texnoloji materiallar, lövhələr, qələmlər, boyalar, ipad ilə təmin olunmuş emalatxanalar) təqdim edilir. Rəqəmlər, əməliyyatlar, ölçü və formaları əhatə edən gündəlik riyaziyyat təcrübələri uşağın mücərrəd bir düşüncə sahibi olması üçün vacib hesab edilir, riyazi anlayışları özündə əks etdirən oyunlar vasitəsilə gələcəkdə lazım olan daha mürəkkəb riyaziyyat və elm bacarıqları üçün möhkəm təməl qoyulur. STEAM layihə əsaslı təhsil uşaqları alim, mühəndis, dizayner kimi düşünməyə həvəsləndirir, onlarda ömürlük öyrənməyə məhəbbət oyadır.

 

STEAM məktəblərdə

 

Böyük Btitaniyanın məktəb tədris proqramının əsas elementi kritik düşünmə, çeviklik və liberal yanaşmadan ibarətdir. STEAM təhsil şagirdləri gələcək texnoloji innovasiyalara hazırladığı, problemləri tez bir zamanda həll etmə bacarıqlarını stimullaşdırdığı, uşağın hərtərəfli inkişaf etməsini təmin etdiyi, əməkdaşlıq, əzmkarlıq və qətiyyət hisslərini formalaşdırdığı üçün bu tədris metodologiyasından istifadəyə üstünlük verilir. STEAM təhsil xüsusi olaraq Birləşmiş Krallığın özəl məktəblərində, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Britaniya Beynəlxalq məktəblərində geniş tətbiq olunur. Bu məktəblərdə yüksək səviyyədə layihə əsaslı dərslər keçilir, Lego Wedo, Lego Education, Lego Sumo, Leqo EV3 dəstələri ilə robotların yığılması, yeni texnologiyanın gələcəyi, proqramlaşdırma, kodlaşdırma, virtual oyun, animasiya, film istehsalı, kosmik mühəndislik, robot, dron mühəndisliyi və dizaynı və s.  araşdırılır. Bütün dövlət və özəl məktəblərdə STEAM günləri qeyd edilir, şagirdlərin uğurları, kəşflərini nümayiş etdirən sərgilər təşkil olunur. Məktəblərdə mühazirə oxumaq və şagirdləri ilhamlandırmaq məqsədilə STEAM üzrə tanınmış spikerlər, elm adamları, mühəndislər, rəqəmsal istehsalçılar, rəssamlar və dizaynerlər, sahibkarlar dəvət edilir. “STEAM Co”, “STEAM Powered Education” təşkilatları bu işdə məktəblərə yaxından kömək edir.

 

Böyük Britaniya təhsil mütəxəssislərinin fikrincə müasir təhsildə disbalans mövcuddur. Britaniya məktəbləri yüksək səviyyəli, beynəlxalq standartlara cavab verən laboratoriya və avdanlıqlarla təchiz olunub. Lakin təhsil üzrə ekspertlər hesab edir ki, müəllimlər əsas diqqəti GCSE və A-level dövlət imtahanlarına hazırlığa yönəldir. Bu səbəbdən məktəbdən kənar klublar, seminarlar, kurslar vasitəsilə disbalansı aradan qaldırmağa, uşaqlarda STEM və STEAM bacarıqlarının mənimsənilməsinə, fiziki və rəqəmsal dünyanı anlamalarına səy göstərilir, STEAM bacarıqlarının məktəb proqramında əsas yerlərdən birini tutmasına can atılır. Dəqiq elmlərin öyrənilməsində incəsənət, dizayn, estetika sahələrini ilhamverici katalizator olaraq əlavə edilməsinin önəmliliyi xüsusi vurğulanır.

 

STEAM ali təhsildə

 

Getdikcə mürəkkəbləşən dünyada STEAM praktikası ali məktəblərin də marağına səbəb olub. Pedaqogika, təbiət elmləti, texnologiya, mühəndislik, incəsənət, riyaziyyatın inteqrasiyası ali təhsil səviyyəsində bir çox forma və niyyətlər alır. Britaniyada Berminhem Universitetinin STEAM house mərkəzində bu sahə üzrə bir çox işlər həyata keçirilir. 2018-ci ildən STEAM elmlərinə həvəsləndirmək, yeni iş yerlərinin yaradılması və iqtisadi inkişaf məqsədilə iki obyekt istifadəyə verilib, elmi dərəcələrin verilməsi üzrə bir sıra STEAM kursları yaradılıb, tədqiqatçılara  xüsusi olaraq STEAM mövzularına diqqət yetirmələri üçün təqaüd və vəsaitlər ayrılıb.

 

Birləşmiş Krallıqda fəaliyyət göstərən ali təhsil müəssisələri dünyanın ən nüfuzlu universitetləri sırasında ilk pillələrdə yer alır və ABŞ universitetləri ilə rəqabət aparır. ABŞ-ın “U.S. News and World Report” və Britaniyanın “QS Top Universities” dərgilərinə əsasən ölkədə STEM sahələr üzrə ixtisaslaşmış ən yaxşı ali məktəblərdən Kembric, Oksford, Mançester, Edinburq, London Kollec, Qlazqo, Bristol, Uorvik, Hertfordşir universitetlərini, London İmperial, Kinqs London kolleclərini qeyd etmək olar. STEM kursları hazırda dünyada ən populyar və dəbdə olan ixtisaslar hesab olunur. Elmin geniş sahələri üzrə müxtəlif çeşidli ixtisasların yaranması nəticəsində STEM kurslarına tələbat davamlı olaraq artmaqdadır. Britaniya ali məktəbləri geniş çeşiddə STEM ixtisaslarla, dünya səviyyəli imkanlarla, təcrübəli müəllimlərlə, əsrarəngiz kampuslarla, uğurlu yerləşdirmə və ümumi şəxsiyyət inkişafına qədər bütün xidmətlərlə tələbələrin ixtiyarındadır.Buradakı ali təhsil müəssisələri mühəndislik elmləri (mülki, elektrik, kimya, materiallar mühəndisliyi), aerokosmik sənaye, mexanika, maşınqayırma, kompüter elmləri, süni intellekt, informasiya texnologiyaları, həyat elmləri,  riyaziyyat, statistika, biotibbi elmlər, əczaçılıq və s. ixtisaslar üzrə işə yararlı və sənayeyə hazır, yüksək praktiki bacarıqlara malik tələbələr yetişdirir. Böyük Britaniya STEM kursları məzunları dünyada işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir və ən yüksək maaşlı işlərlə təmin olunur.

 

STEAM məktəbi keçmiş uşaqlar sürətlə dəyişən müasir dünyada sabahın mobil mütəxəssisləri və istənilən debata hazır olan dünya vətəndaşı kimi yetişirlər. Onlar özlərindən əmin, emisional intellektli böyüyür və ətrafda baş verənlərə başqa nöqteyi nəzərdən baxırlar, güclü mənəvi kompasa sahib olurlar, öz baxışlarını aydın ifadə və maraqlarını müdafiə edirlər. İncəsənət sahələrini öyrənməklə uşaqlar əməkdaşlıq etmək, yaradıcı yanaşma nümayiş etdirmək, kritik düşünmək və ünsiyyət qurmaq, uyğunlaşmaq, məsuliyyətli və çevik olmaq bacarıqlarına yiyələnirlər. Bütün bu xüsusiyyətlər isə uğurlu gələcəyin açarı hesab olunur.

 

Lamiyə ƏLİMƏRDANOVA