Pilot layihə qısa zamanda nüfuz qazanıb
2016-2017-ci tədris ilində start götürən ən uğurlu layihələrdən biri də “Məktəblinin dostu” oldu. Hazırda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 32 ümumi təhsil müəssisəsində pilot olaraq həyata keçirilən layihə bu müddət ərzində gündəmə məktəbdə təhlükəsiz mühit yaratmağa xidmət edən yeniliklərlə gəlib. Bu günlərdə Bakının 20 nömrəli məktəb-liseyində valideynlər, məktəb rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə təşkil olunan qeyri-ənənəvi görüşlə layihə daha bir yeniliyə möhür vurdu.
Çay süfrəsi arxasında səmimi şəraitdə qurulan söhbəti layihənin rəhbəri Rüstəm Ağayev açıb. O, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 32 məktəbdə fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin fəaliyyətdə olduğu bir ildə əldə etdiklərinə nəzər salıb. R.Ağayev bildirib ki, layihə Azərbaycanda şagirdlərin 4 faizini əhatə edir. Məktəblərdə müdaxilə etdikləri 1544 mübahisə faktı olub. Onlardan 152-si müəllimlərlə şagirdlər arasında, 1372-si şagirdlə şagird arasında baş verib. 2186 dəfə məktəbdə şagirdlərə tibbi yardım göstərilib, 5 məktəbli ölümdən qurtarılıb, cəmi 104 hadisədə təcili tibbi yardım çağırılıb. 5 məktəbdə yanğının qarşısı alınıb.
Məktəblərdə siqaret çəkmə faktları 80 faiz azalıb. 3120 münaqişənin, 52 kütləvi davanın qarşısı alınıb. 2016-2017-ci tədris ilində müəllimlər tərəfindən şagirdlərə göstərilən 47, 2017-2018-ci tədris ilində 11 mənəvi təzyiq, bu illər ərzində isə 95 fiziki təzyiq halı önlənib. Məktəblərdə 83 oğurluq, 13 spirtli içki, 27 reketçilik, 271 dəfə siqaret istifadəsi barədə fakt aşkarlanaraq tədbirlər görülüb.
Komanda işi onların uğurunun açarıdır
Layihə rəhbəri fəaliyyətdə olduğu qısa zaman kəsiyində uğur və etimad qazanmalarını ilk növbədə onlara olan ehtiyacla, bir də işini məsuliyyət və sevgi ilə yerinə yetirən etibarlı komanda ilə əsaslandırıb. Onlar 800 nəfərin arasından seçiliblər. Ən uyğun 370 nəfərin 200-ü təlimlərə cəlb edilib. Təlimləri uğurla başa vuranlar məktəblinin dostu təyin edilib. Hazırda fəaliyyətdə olan məktəblinin dostu 100-dən çoxdur. Əsasən pedaqoqlardan təşkil edilən bu komanda fəaliyyət göstərdiyi məktəblərdə iştirakçısı olduğu layihəyə böyük nüfuz qazandırıb.
R.Ağayev qeyd edib ki, Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı layihənin məqsədi tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır.
Azərbaycan təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən “Məktəblinin dostu” layihəsi dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana özünügerçəkləşdirmə imkanları yaratmaqdır. Bu məqsədlə layihə çərçivəsində məktəblərin pedaqoji kollektivləri ilə maarifləndirmə diaqnostik işlər aparılıb, şagirdlərin hər yaş mərhələsində şəxsi və intellektual inkişafına, həmçinin asudə vaxtlarının səmərəli təşkil edilməsinə kömək etməyə cəhd göstərilib.
Məhəbbət Vəliyeva: “Məktəbdə məktəblinin dostuna ehtiyac var”
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva layihə fəaliyyətə başlayanda məktəblərdə olan vəziyyətlə indiki münasibəti müqayisə edib. Bir çox məktəb direktorunun layihəyə fərqli münasibətinə toxunaraq deyib ki, onlar gənclərin məktəbə gəlib prosesə müdaxilə etməsini qəbul edə bilmirdilər: “Artıq vəziyyət dəyişib və görünən odur ki, məktəbdə məktəblinin dostuna ehtiyac var”.
M.Vəliyeva vurğulayıb ki, layihənin həyata keçirilmədiyi məktəblərdə vəziyyət pis deyil, ancaq onlar məktəblinin dostu olan məktəblər qədər də təhlükəsiz deyillər: “Biz müəllimlərdən dərs vaxtı şagirdi sinifdən buraxmamağı tələb edirik. Ancaq bunu da həmişə etmək olmur. Uşaqlar sinifdən çıxdıqda isə təhlükəsiz görünən şəraitdə belə gözlənilməz hallar yaşanır. Dünənə qədər məktəbin ərazisi kimi gördüyümüz ərazilərdə nə qədər böyük təhlükələrin gizlənə biləcəyini nəzərə almırıq. Bəzi faktlardan sonra hətta direktorlar etiraf edir ki, məktəbində belə ərazinin olacağı, faktın yaşanacağı heç vaxt ağlına gəlməzdi”.
Məktəblinin dostunun olduğu məktəblərdə nəzarətdən kənar ərazilərin qalmadığını vurğulayan M.Vəliyeva deyib ki, uşağını məktəbə qoymaq istəyən valideynlərin ilk sualı belə olur: “O məktəbdə məktəblinin dostu var?”.
Məktəbdə məktəblinin dostunun yaratdığı fərq
Tədbirdə iştirak edən valideynlər xüsusi vurğulayıblar ki, məktəbdə məktəblinin dostunun yaratdığı fərq dərhal nəzərə çarpır. Dəyişiklik təkcə məktəbdəki düzənlə əlaqədar deyil, həm də şagirdlərin məktəbə dəyişən münasibətində hiss olunur. Hər yerin müşahidə altında olduğunu da önə çəkən valideynlər məktəbdə olarkən uşaqları sarıdan arxayınlıqlarını ifadə ediblər.
Lent.az saytının rəhbəri Qabil Abbasoğlu hesab edir ki, şagirdlə dost, ortaq olmadan, təhsil məqsədinə nail ola bilməz. Onun fikrincə, məhz bu münasibəti yaradan “Məktəblinin dostu” layihəsi də son illərdə həyata keçirilən təhsil siyasətinin 2-3 ən uğurlu işindən biridir.
Təhsil eksperti Asif Cahangirovun fikrincə, məktəb inzibatçılığı sevmir. Ona görə də “Məktəblinin dostu”nun fəaliyyətindəki nəzarəti profilaktikaya çevirmək lazımdır. Şagirdlə iş zamanı bir çox məqama diqqət yetirilməlidir. Tutaq ki, bir sinfin şagirdlərinin valideynləri ilə ümumi 30 dəqiqəlik toplantı yox, hər şagird üçün ayrıca 30 dəqiqə ayrılmalı, valideyni ilə onun bütün problemləri müzakirə olunmalıdır. “Məktəblinin dostu”nun öz işində belə yanaşmanı tətbiq etdiyini deyən ekspert bunu xüsusi qiymətləndirib. O təklif edib ki, məktəblinin dostlarının da dostu olmalıdır. Məktəblər gözləməməlidir ki, “Məktəblinin dostu” onlara da gəlsin və hər şeyi düzəltsin. Bu təcrübədən istifadə edərək hər məktəb öz mühitini formalaşdırmalıdır. A.Cahangirov hətta pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrinin tələbələrini də prosesə cəlb etməyin mümkünlüyünü vurğulayıb: “Şərt deyil ki, Təhsil Nazirliyi bunu “ASAN Xidmət”lə həyata keçirsin. Pedaqoji Universitetdən könüllülər cəlb oluna bilər. Bu onlar üçün də çox yaxşı təcrübə olar”.
Təhsil eksperti Məlahət Mürşüdlü layihə başlayanda onun uğur qazanacağına şübhə ilə yanaşsa da, hazırkı fəaliyyətindən razı qaldığını ifadə edib: “Bu, əslində, bir idarəçilik modeli axtarışıdır. Sözügedən təcrübənin oturuşmuş sistem kimi fəaliyyət göstərməsini çox istərdim”.
Ruhiyyə DAŞSALAHLI