“Məktəblinin dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi üzrə “Kinematoqrafçı” layihəsinə  start verilib.
 
Layihə fondun maliyyə dəstəyi ilə kinematoqrafiya sahələrinin yuxarı sinif şagirdləri arasında təbliği üçün təşkil edilir.
 
2 həftə davam edəcək layihədə ideyanın formalaşması, rejissorluq, operatorluq və aktyorluq sənətinin əsasları mövzularında təlimlər keçiriləcək və bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə mütəxəssislər öz tövsiyələrini verəcəklər.
 
Təlimlərdə nəzəri biliklərin verilməsi ilə yanaşı, praktiki seminarlar da nəzərdə tutulur. Belə ki, ilkin mərhələdə ixtisas sahələri üzrə qruplaşan iştirakçılar son üç dərsdə birgə işlər hazırlayacaqlar.
 
Qeyd edək ki,  “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.