Bu məktəb XIX əsrdən fəaliyyətdədir. Elə o vaxtdan da Lahıcda yeganə məktəb olaraq qalır. 1888-ci ildə yeddiillik rus-tatar məktəbi kimi fəaliyyətə başlayan təhsil ocağı sonradan tam orta məktəb statusu alıb. 

 

AZƏRTAC özünəməxsus ənənələri olan Lahıc məktəbinin tarixi, dünəni və bu günü haqqında məqaləni təqdim edir.

 

Köhnə-yeni məktəb

 

XX əsrin 20-ci illərinin sonlarında Azərbaycanda yeni məktəb binalarının inşasına başlananda siyahıda Lahıc da var idi. Qəsəbədə tam orta məktəb üçün binanın tikintisinə 1928-ci ildə başlanıldı. 1930-cu ildə istifadəyə verilən həmin bina 130 şagird üçün nəzərdə tutulmuşdu. Hazırda 200-dən çox şagirdin təhsil aldığı məktəbdə şagirdlərin sayının 444-ə, hətta 600-ə çatdığı vaxtlar olub. Qəsəbə əhalisinin sayının artdığını, ətraf kəndlərdə tam orta məktəbin olmadığını nəzərə alsaq, bu təhsil müəssisəsində şagird sıxlığının səbəbi aydınlaşar. Binanın mövcud vəziyyətinin də müasir dövrün tələblərinə uyğun olmaması təhsildə keyfiyyət göstəricilərinə ciddi təsir göstərdiyindən burada yeni, müasir təhsil standartlarına uyğun məktəb binasının tikilməsi zərurəti yaradırdı. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncama əsasən, Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisinə qərar verildi. Bu məqsədlə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrıldı. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirildi. Beləliklə, sakinlərin arzusu gerçəkliyə çevrildi.

 

Avqustun 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən yeni məktəb binasında müxtəlif fənn kabinetləri və laboratoriyalar var, bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada, həmçinin idman zalı və 175 yerlik akt zalı var, videomüşahidə və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb.

 

Yeni məktəbdən yeni uğurlar gözləmək təbiidir. Ancaq köhnə məktəb də uğurlarına görə ölkədəki qabaqcıl məktəblərlə rəqabət aparacaq potensiala malik olub. Elə götürək Lahıc məktəbinin yetirmələrini. Məktəbin məzunları arasında kimlər yoxdur? Görünən odur ki, Lahıc məktəbi yarandığı gündən Azərbaycan elminə, ədəbiyyatına, incəsənətinə yüzlərlə böyük şəxsiyyət bəxş edib. Kimyaçı akademik Soltan Mehdiyev, böyük əruzşünas alim Əkrəm Cəfər, yazıçı-alim Manaf Süleymanov, Xalq rəssamı Ağa Mehdiyev, Azərbaycanın ilk qadın gəmi kapitanı və alim Şövkət Səlimova...

 

Bu təhsil ocağı şanlı ənənələrini bu gün də davam etdirir. Burada bir “Əməkdar müəllim”, iki nəfər “İlin müəllimi” çalışır.

 

Son illərin məzunları arasında Almaniyada, İngiltərədə təhsilini davam etdirənlər var. Məktəbin direktoru Hikmət Haqverdi bildirir ki, artıq 2 fəlsəfə doktoru da yetişib.

 

Lahıc məktəbindən bu il məzun olan 9 şagirddən 5-i ali təhsil müəssisələrinə qəbul imtahanlarında yaxşı nəticə göstərərək tələbə adı qazanıb. Ötən il isə 13 məzundan 11-i ali məktəblərə qəbul olunmuşdu. Məktəbimizin qızıl medalçısı 700 bal toplayaraq Ali Neft Məktəbinin tələbəsi oldu. Lahıc məktəbi Dövlət İmtahan Mərkəzinin statistik məlumatlar kitabında ən yaxşı məktəblərin siyahısında yer alıb.

 

Direktor: məşhur yetirmələrimiz sırasında idmançılar da olacaq

 

Lahıc məktəbi bu yüksək nəticələrə köhnə məktəb binasında nail olub. Məktəb direktoru deyir ki, yeni bina onlara akademik göstəriciləri daha da yaxşılaşdırmaq imkanı verəcək. Həm də akademik göstəricilər ilə deyil, təhsilin digər keyfiyyət meyarları üzrə də uğurlar qazanacaq: “Məktəbimiz alimlər, ədəbiyyat və incəsənət, dövlət xadimləri, hərbi mütəxəssislər yetişdirib. Azərbaycanın inkişafına böyük töhfələr verən yüzlərlə yetirməmiz, Qarabağ uğrunda gedən döyüşlərə qatılan və qəhrəmanlıq göstərən 8 şəhidimiz var. 15 il əvvəl yaradılan folklor qrupu müxtəlif səviyyəli müsabiqələrdə fəal iştirak edir. Ancaq idman sahəsində indiyədək ciddi nailiyyətimiz olmayıb. Bu da məktəbimizin şəraiti ilə bağlıdır. İndi isə hətta Bakı məktəblərində belə olmayan müasir idman zalımız var. Məktəblilərimiz bundan sonra idman bacarıqlarını da inkişaf etdirəcək və bu sahədə də uğurlara imza ata biləcəklər. İnanırıq ki, məktəbimizin məşhur yetirmələri sırasında idmançılar da olacaq”, - deyən Hikmət Haqverdili vurğulayır ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın məktəbin açılışında iştirakı onlara qürur hissi yaşadıb. Bu, həm də pedaqoji kollektivin məsuliyyətini yüksəldir.

 

Qalib məktəbin qalib məzunları

 

Lahıc məktəbinin şagirdləri sadəcə ali təhsil müəssisələrinə qəbul imtahanlarında deyil, respublika fənn olimpiadalarında da fərqlənirlər. Ötən il riyaziyyat üzrə respublika fənn olimpiadasının qalibi olmuş Lahıc məktəblisi qəbul imtahanlarında 700 bal toplayıb. Bu il isə coğrafiya üzrə fənn olimpiadasında üçüncü yeri tutan Nialə Yarməmmədli artıq Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsidir. Qızıl medallı lahıclı məzun dünya iqtisadiyyatı ixtisası üzrə ingiliscə təhsil alacaq.

 

“İqtisadçı olmaq ən böyük arzumdur. Bu sahədə çox yüksək səviyyəli təhsil almaq istəyirəm. Azərbaycanda da iqtisadiyyat üzrə təhsil verən ən böyük universitet məhz UNEC-dir. Əvvəlcə universitetlə bağlı geniş araşdırma apardım. İngiliscə təhsil almaq, dünyanın ayrı-ayrı ölkələrində təhsil alan müəllimlərdən dərs almaq imkanı verməsi diqqətimi cəlb etdi. Hesab edirəm ki, məktəbin harada yerləşməsindən, şəraitindən asılı olmayaraq, insan qarşısına qoyduğu məqsədə nail ola bilər. Lahıc məktəbində təhsil alıb ali məktəb tələbəsi olmaq heç də çətin deyil. Təhsil müddətində şəraitsizliyi o qədər də hiss etməmişik. Müəllimlərimiz lazım olan hər şeyi ediblər. Artıq çox yüksək səviyyəli məktəbimiz var. Düşünürəm ki, bu, şagirdləri daha da həvəsləndirəcək, təhsil almaq imkanlarını genişləndirəcək”, - deyə Nialə Yarməmmədli doğma qəsəbədə yeni məktəb binasının tikilməsinin sevincini bölüşdü.

 

Lahıc məktəbinin qürur mənbəyi

 

Köhnə binada görkəmli şəxsiyyətlər yetişdirən Lahıc məktəbi buna görə müəllimlərinə borcludur. Lahıc məktəbinin ilk müəllimi və direktoru Səmədbəy Hacıbəyov olub. Bir çoxu Qori Müəllimlər Seminariyasının məzunu olan müəllim heyəti dövlət və incəsənət xadimlərinin, məşhur hərbçilərin yetişməsində müstəsna rol oynayıb.

 

Bu ənənə indi də davam etdirilir. Məktəbdə iki “Əməkdar müəllim”, bir “Tərəqqi” medalçısı çalışır. Üç nəfər “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. Məktəb iki dəfə “İlin ən yaxşı məktəbi” seçilib. Fizika müəllimi Rövşən Əliyev VI-XI siniflər üçün “Fizika” dərsliyinin və metodiki vəsaitin həmmüəllifidir. O, təhsildə innovasiyalar üzrə qrant müsabiqəsində iki dəfə qalib olub.

 

Məktəbin uğurlarında özünəməxsus payı olan Əməkdar müəllim Rövşən Əliyev artıq 30 ilə yaxındır ki, lahıclı şagirdlərə dərs deyir: “Məktəbimizdə hazırda 4 fizika müəllimi işləyir. Mən 1992-ci ildən qəsəbə məktəbində çalışıram. Bu müddət ərzində məktəbimiz 8 dəfə fizika üzrə olimpiadada qalib gəlib. Şəraiti olmayan bir məktəbdə olimpiada qalibi, universitet tələbəsi, alim yetişdirə bilmişik. Artıq müasir təhsil standartlarını tətbiq edə biləcəyimiz yeni məktəbimiz var. Laboratoriyalarımızda hər şərait yaradılıb. Bütün bunlar təhsilin keyfiyyətində mütləq özünü göstərəcək”.

 

Yeni uğurlar sorağında...

 

Göründüyü kimi, indiyədək nə binasının köhnəliyi, nə də digər çatışmazlıqlar Lahıc məktəbinin adının qabaqcıl məktəblər siyahısına düşməsinə mane olmayıb. Hikmət Haqverdili məktəbin uğurunu təhsilə verilən dəyərlə əlaqələndirir: “Bizim rayonda təhsilə böyük önəm verilir. İnsanlarımız savadlı, dünyagörüşlüdür. Hamı övladının təhsilli olmasını istəyir. Burada təhsil almaq üçün əlverişli mühit var. Məktəbimiz də əsası savadlı insanlar tərəfindən qoyulan bir məktəbdir. Onun həm tarixi, həm yetişdirdiyi insanlar, həm də tədris metodu təhsildə böyük nailiyyətlər qazanmağımızda mühüm rol oynayır”.

 

Direktorun sözünü məktəbin məzunları da təsdiqləyir. Elnarə Atayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alacaq. O, müəllimlərindən çox razılıq edir: “Məktəbimiz təmirsiz, köhnə də olsa, hər il məzunlarımızın əksəriyyəti müxtəlif ali məktəblərə daxil olur. Onların arasında yüksək bal toplayanlar çoxdur. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında məktəbimiz həmişə fərqlənib. Bu, ilk növbədə, müəllimlərimizin xidmətidir”.

 

Yeni dərs ilindən başlayaraq lahıclı şagirdlər müasir məktəb binasında təhsil alacaqlar. Odur ki, hamı özünəməxsus ənənələri olan Lahıc məktəbinin daha böyük uğurlara imza atacağını gözləyir və buna inanır.