Psixoloqlar valideynlərə övladlarına fikir sərbəstliyi verməyi, onları dinləməyi tövsiyə edir
Məktəbdə ailədən qaynaqlanan problemlər kifayət qədər çoxdur. Şiddət, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Bu da təbiidir. Məktəbdə müxtəlif ailələrdən gələn uşaqlar təhsil alır. Ayrı-ayrı qaydalarla böyüyən, müxtəlif tərbiyə metodları ilə yetişdirilən, bir-birindən fərqlənən münasibətlərlə qarşılaşan uşaq psixologiyası buna hazır olmadığından onun verdiyi reaksiya da məhz məktəbdə üzə çıxır. Budur, VI sinifdə oxuyan və başqa şagirdlərə qarşı aqressiv münasibəti ilə seçilən məktəblinin davranışı psixoloqların tədqiqat obyektinə çevrilib. “Məktəblinin dostu” layihəsinin psixoloqu Aydan Əzimzadə deyir: “Bir valideyn etiraf etdi ki, ailədə yoldaşı uşağa qarşı çox aqressivdir. Ümumiyyətlə, valideynlərlə danışarkən belə bir izahat ortaya çıxır: məni necə böyüdüblər, mən də elə böyüdürəm. Amma unudurlar ki, bu psixologiya müasir uşaqlarda işə yaramır. Ailədaxili şiddət faktoru ailədə və cəmiyyətdə normal sayıldığından, o zamanın uşaqları məktəbdə qarşılaşdıqları təzyiqləri normal qəbul edirdilər. Amma artıq məktəblilər müqayisə edə bilirlər. Haqlı olaraq deyirlər ki, sinif yoldaşı “3” aldığına görə onu evdə döymürlər, ancaq o “4” alanda döyülür. Və uşaq bu nəticəyə gəlir ki, ailədə onu sevmirlər”.
Atasından şiddət görən uşaq məktəbdə başqalarının müdafiəçisinə çevrilir
Psixoloq A.Əzimzadənin sözlərinə görə, uşaq bu fikrə gəlməklə kifayətlənmir, onun psixologiyası ailədə sevilməməsi ehtimalına, hətta düşüncəsinə fərqli reaksiyalar verir: “Atasına qarşı aqressiya göstərə bilmədiyi üçün mənfi enerjisini sinif yoldaşlarına qarşı yönəldir. Bu zaman əvəzetmə reaksiyası ortaya çıxır. Sinifdə haqqı pozulduğunu düşündüyü yoldaşlarının müdafiəsinə qalxır. Ailədə öz haqqını müdafiə edə bilmir, küçədə döyülən birinə qahmar çıxır, sinifdə yoldaşının alçaldılmasına sərt reaksiya verir. Bir sözlə, başqalarının hüquqlarının müdafiəçisinə çevrilir. Burada işin 50 faizi valideynlərin üzərinə düşür. Belə ki, valideynlər davranış modelini dəyişsə, uşaqlar da dərhal dəyişirlər”.
Ancaq bu dəyişiklik zərurətini valideynlərə qəbul etdirmək elə də asan məsələ deyil.
“Qızını döyməyən dizini döyər” psixologiyası ilə uşaq tərbiyə etməyin doğruluğuna inanan valideynə bunun əksini izah etmək, onu yeni tələblərə inandırmaq, demək olar ki, mümkünsüzdür: “Böyüklər dəyişməyə meyilli olmurlar. “Uşağımı dəyiş, amma mən dəyişmirəm”, - deyirlər. Mümkün olsa belə, bu və digər səbəblərdən dəyişmək qısa zaman kəsiyində gerçəkləşmir”.
Şiddət sadəcə, uşağa yönələndə deyil, elə ailə üzvlərinin bir-birinə olan münasibətindəki gərginlik də ilk növbədə uşaqlara təsir edir. Bir nümunədə psixoloqlar araşdırıb ki, ailədəki aqressivlik sadəcə uşağa qarşı deyil, ümumiyyətlə, ailədaxili mühit gərgindir: “Bu halda həm atanı, həm də ananı terapiyaya dəvət etdik. Onlarla müəyyən iş apardıqdan sonra uşağı da terapiyalara qoşduq və müsbət nəticə əldə etdik”.
Ailədəki sükutun səsi məktəbdə çıxır
Məktəblinin ailədə qarşılaşdığı daha bir problem - susdurulmaları onlarda ciddi psixoloji problemlərə gətirib çıxarır. Ən müxtəlif formalarda - aqressivlik, özünə inamsızlıq və s. şəkildə üzə çıxan bu problemi valideynlər də etiraf edirlər: “Ata-analar uşaqlarını dinləmir, onları susdurmağa çalışırlar. Övladı Psixoloji Mərkəzə həvəslə gələn valideynlərdən biri etiraf etdi ki, uşağına ailədə söz haqqı vermirlər. Psixoloqlarımızı öz müdafiəçisi kimi qəbul edən uşaqlar isə ailəsini bizimlə, yəni “psixoloqa deyəcəm”, - deyə təhdid edirlər”.
Əslində, valideynlərin çoxu bilir ki, uşaqları susdurmaq doğru deyil. Buna baxmayaraq, onları dinləmir, övladlarıyla birgə vaxt keçirmirlər. Onda belə çıxır ki, valideynlər bilə-bilə səhv edirlər?
Canqurtaranlar - məktəblinin dostu olmasaydı...
Bəlkə də elə bu dinləməməyimizin nəticəsidir ki, məktəblilər arasında intihara meyillilik artıb. Məktub yazıb, hətta video çəkib, son sözünü bu yolla deyən və sonra özünü öldürənlərin, buna cəhd edənlərin, yaxud fikrindən keçirənlərin o qədər də qısa olmayan siyahısı əmələ gəlib. Belə faktlar ötən dərs ilində bir neçə dəfə təkrarlandı və uzun müzakirələrə səbəb oldu. Maraqlıdır, məktəblilər arasında belə faktların qarşısını almaq mümkündürmü?
Psixoloq Mehriban Verdiyevanın fikrincə, bu cür problemləri bəzən ailələrdə ər və arvadın ayrılması, iki valideyndən birinin olmaması ilə izah edirlər. Ancaq bu, belə deyil: “Belə problemlərə həm natamam ailələrdə, həm də tam ailələrdə rast gəlinə bilər. Burada ailə amili ilə yanaşı, mühit də çox böyük rol oynadığından bəzən problemlərin qaynağının ailə ilə heç bir əlaqəsi olmur. Ancaq təbii ki, problemin çözülməsində ailənin yardımı mütləqdir. Yeniyetməlik dövründə böhran halları olur. Həmin dövrdə şagirdlər aqressiv, neqativ hallara meyilli olurlar. Bu zaman nə valideynlər, nə də müəllimlər uşaqları başa düşürlər. Nəticədə uşaq mənəvi tələbatını ödəyə bilmir və aqressiyası durmadan böyüyür. İstər yoldaşlarına, istərsə də ətrafında olan digər insanlara qarşı onda inamsızlıq formalaşır və bu da özünəqapanma, ruh düşkünlüyü ilə müşayiət oluna bilər”.
Psixoloqun sözlərinə görə, məktubu ölümündən əvvəl ortaya çıxan və məktəblinin dostlarının müdaxiləsi nəticəsində nəinki həyatda qalan, hətta həyatı dəyişən məktəblilər var. Məktəblinin dostunun diqqətliliyi sayəsində belə bir faktın qarşısı alınıb: “Ötən dərs ilində şagirdlərdən biri məktub yazaraq halallıq istəyib. Məktəblinin dostu bizi məktəbə dəvət etdi və faktı araşdırdıq. Valideynini də məktəbə çağırdıq və onunla birgə müzakirə edib, şagirdin vəziyyətini dəyərləndirməyə çalışdıq. Məlum oldu ki, anası və nənəsi ilə birgə yaşayan şagird hər gün küçədə atası ilə qarşılaşır, amma atası onunla danışmır. Yanından yad bir insan kimi keçib gedir. Anası isə ailədə aqressiv biridir. Onunla kobud rəftar edir. Bütün bunlar uşağın ətraf mühitə qarşı etibarının itməsinə səbəb olub. Hətta məktubunda ilk cümləsi bu olmuşdu ki, insanlara inanmır. Valideynlə bir-iki dəfə görüşdükdən sonra uşağın davranışı dəyişdi. Bunu məktəblinin dostları vaxtında müşahidə etməsəydi, həmin şagird artıq həyatda olmayacaqdı”.
Ən böyük dostum bir itim, bir də...
Tam bir ailənin üzvü olan 8-ci sinif şagirdi Namiq Quliyev isə az qala mühitin qurbanına çevriləcəkdi. Təbii ki, vəziyyətə vaxtında qarışan ailəsi öz dəyərlərini ona qəbul etdirə bilməsəydi. Yaşadıqlarından dərs çıxaran şagird üçün ailəsi indi həm də dostudur:
“İtimi gəzdirmək bəhanəsi ilə evdən çıxırdım. Pis uşaqlara qoşulmuşdum. Ailəm məktəbimlə əlbir olub məni bu yoldan çəkindirdi. Ən çox qardaşlarım mənimlə söhbət edirdilər. Onlardan çox böyük dəstək aldım. İndi əhatəm tamamilə dəyişib. Daha həmin uşaqlarla dostluq etmirəm. İndi əsas dostlarım idmanla məşğul olduqlarımdır”.
Namiq deyir ki, onun əhatəsi dəyişməklə bütün dünyası dəyişib: “Əvvəlki uşaqlarla dostluq məni səhv istiqamətə yönləndirdi. Oxumağa həvəsim yox idi. Münasibətlərim də pisləşmişdi. Az qala məktəbdən qovulmaq həddində idim. İndi qiymətlərimi də yavaş-yavaş yaxşılaşdırıram. Futbola çox böyük marağım var idi. Ancaq anladım ki, ölkəmizdə futbol yoxdur. Artıq yeganə marağım itlərə olan sevgimdir. İtimi çox sevirəm. Ən böyük dostum bir itim, bir də ailəmdir. Mənim fikrimcə, hər dərdimdə yanımda olan, məni olduğum kimi qəbul edən, səhvimi düzəltmək, məni pis yoldan qaytarmaq üçün hər yola əl atan biri əsl dostdur”.
Uğursuzluqları qabardır, uğurlarını isə unudurlar
Namiqin təcrübəsindən də göründüyü kimi, mühit, uşaqlarınızın dostları onların davranışında silinməz iz qoya bilir. Pedaqoji Mərkəzin psixoloqu Nilufər İsmayılova deyir ki, dostluqlar yeniyetməlik çağlarında xüsusilə əhəmiyyət daşıyır: “Yetkinlik problemləri olan bir şagirddə depressiv hallar müşahidə olunurdu. Özünə güvənmirdi. Özü haqqında daha çox neqativ fikirləşirdi. Əvvəllər daha şən, hərəkətli və həyat dolu olan həmin şagirdin düşdüyü vəziyyətin mühitlə əlaqəli olduğunu müəyyənləşdirməyimiz elə də çətin olmadı. Məlum oldu ki, problemi yoldaşları ilə münasibətindən qaynaqlanır. Çox istedadlı olan bu şagirdi əvvəlki psixoloji vəziyyətinə qaytarmaq üçün sevdiyi, ancaq psixoloji vəziyyəti ilə bağlı məşğul olmadığı rəsm bacarığından yararlandıq. Söhbətimiz zamanı ondan rəsm çəkməsini istədim. İşə çox ürəklə başladı. Rəsm çəkdikcə onun tamamilə dəyişdiyini müşahidə etdim. Əvvəl sadəcə sxem çəkirdisə, sonradan rəsmində rənglər, çalarlar, bütün ovqat dəyişməyə başladı. Uşaqlarda özgüvən probleminə tez-tez rast gəlirik. Belə uşaqlar həyatlarındakı uğursuzluqları qabardır, uğurlarını isə unudurlar. Mənim yeniyetmə şagirdlə münasibətdə əsas işim o oldu ki, onun rəssamlıq bacarığından istifadə etdim və uğur hekayəsini onunla birgə yenidən yazdıq”.
N.İsmayılovanın fikrincə, həmin şagirdin psixoloji vəziyyətindəki dəyişikliyin səbəbinin ailədə deyil, mühitdə olduğunu anlamaları elə uzun çəkməyib: “Həmin şagirdimizin anası ilə normal münasibətləri var. Hər şeyi anası ilə bölüşə bilir. Problem həmyaşıdlarında olmuşdu. Bu yaşda bəzən barələrində yaşıdlarının nə düşündüyü uşaqlar üçün daha maraqlı olur, nəinki öz fikirləri. Biz də şagirdə kömək etdik ki, özü haqqında olan pozitiv fikirlərə köklənsin”.
Mühitin ortaya çıxardığı problemlərlə mübarizədə də “Məktəblinin dostu”nun psixoloqları aciz qalmır. Bu zaman təlimlər düşünürlər. Problemin xarakterindən asılı olaraq, problemli mühitin formalaşmasında iştirak edən şagirdləri həmin təlimlərə cəlb edirlər. Onlara dostluq, etika qaydaları, insanların bir-birinin hisslərini anlamasına yönələn təlimlər keçirilir.
Ümumiyyətlə, “Məktəblinin dostu” hər sinifdə iş aparır. Xüsusən, kütləvi dava olubsa, hər hansı şagirdin problemi sinifdəki vəziyyətindən qaynaqlanırsa, bu zaman sinif şagirdləri “Məktəblinin dostu”nun təlimlərinə cəlb edilir.
Məktəbli KİV-də
Məktəbli üçün ən böyük problemlərdən biri də kütləvi informasiya vasitələrinin xəbərlərinə münasibətindən qaynaqlanır. Məktəbliləri və onların hər hansı düşünülməmiş, ancaq birbaşa taleyinə təsir edəcək davranışını xəbərin mərkəzinə gətirən media nümayəndələri bununla da məktəbli psixologiyasına zərbə vurur. Hazırda mediada hər cür - ailələrdə zorakılıq faktlarından tutmuş intiharlara qədər müxtəlif xəbərlər yayılır. Uşaqlar isə özünü həmin xəbərlərin “qəhrəman”larına bənzədirlər. Psixoloq Nilufər İsmayılova valideynlərə xəbərdarlıq edir: “Bu xəbərlərin təsiri şəksizdir. Amma bu cür xəbərləri ailədə uşaqdan gizlətməyə çalışmaq da doğru deyil. Bu, cəmiyyətdə baş verənlərə qarşı uşağın hazırlıqsız yaxalanmasına səbəb ola bilər. Gözünü açanda cəmiyyətdə qarşılaşdığı intihar, zorakılıq, aqressiya və başqa hallarla mübarizə apara bilməz və nəticə onun üçün daha ağır olar. Ən yaxşı halda həyatda daha çox səhv edib özünü itirər. Uşaqların valideynləri ilə söhbət eləmək imkanları olmalıdır. Münasibətlər elə qurulmalıdır ki, uşaq onu maraqlandıran suala valideynindən cavab ala bilsin, onun kimi səhvlərə meyilli olan həmyaşıdlarından yox”.
Ailə: dəyərlərinizi qəbul etdirməyə çalışmayın
Uşaqlarla danışmaq, onlara fikir sərbəstliyi vermək valideynə nə qazandıracaq? Psixoloq deyir ki, valideyn övladını düzgün istiqamətə yönləndirə biləcək: “Valideynlər “uşağa yaraşmayan” hər hansı sualı eşitməkdən də, onu cavablandırmaqdan da qorxmamalıdır. Tutaq ki, yeniyetməlik dövrünə xas və böyüklərin qəbul etməkdə çətinlik çəkdiyi suallara görə uşağa aqressiv münasibət göstərmək lazım deyil. Bunun əvəzində ana, ya da ata övladına öz dəyərlər sisteminə uyğun cavablar verməlidir. Ancaq həmin dəyərləri də uşağa qəbul etdirmək üçün israr etməməlidir. Ona vaxt verməlidir ki, öz dəyərlər sistemini formalaşdırsın. Əks halda valideynini avtoritar kimi qəbul edəcək və ona qarşı mübarizə istəyi yaranacaq. Çox vaxt uşaq başlanğıcda valideyninin dəyərlər sistemini qəbul etməsə də, müəyyən vaxtdan sonra deyilənlərlə razılaşır. Amma bunun üçün ona zaman vermək lazımdır”.
Psixoloq A.Əzimzadə vurğulayır ki, yeniyetməlik dövründə olan insan sərbəstlik istəyir, ona qulaq assınlar deyir: “Bizim ailələrdə tərbiyə üsulu elə qurulur ki, valideynlər yaşının, həyat təcrübəsinin çoxluğuna arxalanıb uşaqlar üzərində söz sahibi olmağa çalışır, övladlarının yerinə qərarlar verməkdə özlərini tam haqlı sayırlar. Adi bir misal çəkim, ailədə həkim çoxdursa, böyüməkdə olan uşağa da həkimlik təlqin olunur və hesab edirlər ki, o da mütləq həkim olmalıdır.
Treninqlər zamanı həkim ailəsindən aktyor olmaq istəyənlər də çıxır. İstəyini dilə gətirən həmin uşaqlar ailədə böyük təzyiqlərlə üzləşir və öz qərarlarını ləğv edirlər. Bizə arzularından danışarkən arzusunu reallaşdırmağa atası, ya da anasının icazə vermədiyini deyirlər. Belə vəziyyətlərdə uşaqla yanaşı ailə ilə də işləyirik. Uşağa seçim haqqı vermək, onu başa düşmək, onunla necə münasibət qurmaq, böhran halında necə kömək edəcəyini başa salmağa çalışırıq”.
İxtisas seçimi və karyera planlaşdırması
Yeri gəlmişkən, Psixoloji Mərkəz fəaliyyətə başladığı ilk gündən məktəblilərin ixtisas seçiminə xüsusi diqqət yetirir. Hətta ixtisas seçimi və karyera planlaşdırılmasında şagirdlərə düzgün istiqamət vermək onların fəaliyyətinin əsas istiqamətlərindəndir. Psixoloji Mərkəzin psixoloqları 7, 8 və 9-cu sinif şagirdləri ilə təlimlər keçirir, onlara düzgün ixtisas seçimində yardımçı olmağa çalışırlar. İndiyədək onların təlimlərində 629 nəfər məktəbli iştirak edib: “Bu təlimlər həm diaqnostik olur, həm də maarifləndirici. Peşələrlə bağlı müzakirələr aparılır, meyil və bacarıqlarını müəyyənləşdirən testlərdən keçirilir, onlara ümumi məsləhətlər verilir.
Təlimlər əvvəllər məktəblərdə keçirilsə də, bu ildən şagird və valideynlər Psixoloji Mərkəzə də dəvət edilirlər. Burada şagirdlərin gələcək hədəflərini həm fərdi qaydada, həm də valideynlərlə birgə müzakirə edirlər.
Müəllimlər də psixoloqlarla məsləhətləşirlər
Psixoloqlar, sadəcə, məktəblinin deyil, onların müəllimlərinin də daim yanındadır. Sinifdə şagirdlərlə münasibətlər heç də həmişə qaydasında olmur. Müəllimlər sinifdə aqressiv, idarəedilməsi çətin olan uşaqlarla bağlı məsləhət alırlar.
Dərs prosesində ağır cəza tədbirlərinə üstünlük verən müəllimlərə isə fərqli münasibət var: “Uşaqları vurmaqla cəzalandıran müəllimlərlə bağlı inzibati tədbirlər görülə bilər. Biz isə onlarla sadəcə söhbət edə, öz məsləhətlərimizi verə bilərik. Sinifdəki davranışının səbəbi stresdirsə, stress menecment təlimlərinə cəlb edirik. Yaxud, bəzi müəllimlər elə hesab edir ki, döyməklə, daha ağır cəza tədbirləri ilə daha yaxşı nəticə əldə edir. Bu halda həmin müəllimlə maarifləndirici söhbət aparırıq. Belə uşaqlarla necə davranmaq lazım olduğunu onlara izah edirik. Əksər vaxtlar müəllimlər tərəfindən şiddətə məruz qalan şagirdlər konsultasiyalara gələn uşaqlar olur. Bu halda, sadəcə, uşaqlar deyil, müəllimlər və valideynlərlə kompleks iş aparılır”.
Çox vaxt müəllimlə söhbət aparandan sonra problem daha yaxşı aydınlaşır və onu aradan qaldırmaq çətinlik yaratmır. Tutaq ki uşaqlar arasında konflikt olur, amma bundan müəllimin xəbəri yoxdur. Yaxud müəllim hansısa hərəkəti ilə konfliktə yol açır. Məsələn, sinifdə bir qrup uşaqdan daha çox xoşu gəlir. Münasibətdəki fərqi uşaqlar sezir və bu, onların davranışında ortaya çıxır. Bəzən bunu müəllimə deyirik və o da iradımızı nəzərə alır. Müəllim yaşıdları tərəfindən yaxşı qarşılanmayan uşaqların müsbət xüsusiyyətlərinə diqqət cəlb edəndə həmin şagirdə münasibət dəyişir.
Diaqnostik vəsait hazırlanır
Beləliklə, “Məktəblinin dostu” layihəsi çərçivəsində 124 məktəblinin dostu və 3 peşəkar psixoloq məktəblərdə uşaqların davranışını izləməklə bir çox ciddi problemləri önləməyə nail olub. Layihə başlayandan indiyədək 693 şagirdə psixoloji yardım göstərilib. Buraya fərdi konsultasiyalar, seminarlar, treninqlər də daxildir.
Məktəblilərin tətildə olması imkanından istifadə edən “Məktəblinin dostu”nun psixoloqları məktəbin problemlərinin həllində iştirak edirlər: “Suitidal fikrin diaqnostikası və korreksiyası” adlı layihə üzərində işləyirik. Həmin layihəni Təhsil Nazirliyinin qrant müsabiqəsinə də təqdim etdik. Layihənin sonunda diaqnostik vəsait yaradacağıq. Bu vəsait intihara meyilli uşaqları müəyyən etməyə kömək edəcək. Layihə çərçivəsində həm müəllimlər, həm də valideynlər üçün seminarlar təşkil edəcəyik. 200 nömrəli məktəb üçün risk qrupuna daxil olan uşaqlar müəyyən ediləcək və onların fərdi korreksiya işləri aparılacaq. Bu layihənin uğurlu nəticələri olacağını düşünürük və belə olarsa, başqa məktəblərə də daha geniş şəkildə tətbiq ediləcək”.
Ruhiyyə DAŞSALAHLI