Müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələrinə Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təcrübə keçmələri üçün ayrılan müddət başa çatıb.
Təcrübə proqramının məqsədi təhsildə müvəffəqiyyət qazanan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.
SABAH qruplarında təhsil alan 17 tələbə iyulun 16-da başlayan proqram çərçivəsində BŞTİ-də 1 ay təcrübə keçmək imkanı qazanıb, nəzəri biliklərini real iş şəraitində tətbiq ediblər. Onlara öz potensiallarını, bilik və bacarıqlarını nümayiş etdirmək baxımından idarədə əlverişli şərait yaradılıb. Proqram çərçivəsində tələbələr kommunikasiya sahəsində bacarıqlarını inkişaf etdirmək, müxtəlif tədbirlərdə iştirak etmək və kollektivdə fəaliyyət vərdişlərinə yiyələnmək imkanı əldə ediblər.
Təcrübə proqramını uğurla başa vuran gənclərə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.
Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi ilə yaradılıb. SABAH qrupları tələbələrə əlavə təqaüd, bölgələrdə qeydiyyatda olan tələbələr üçün ödənişsiz yataqxana xidməti, xarici mübadilə proqramları, müasir təşkilat və müəssisələrdə tədris və istehsalat təcrübələri, əmək bazarında daha uğurlu namizədlərə çevrilmə kimi üstün imkanlar təklif edir.