Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsisçisi olduğu “Peşə təhsili və insan kapitalı” elmi-praktiki, metodiki jurnalın cari ildə birinci nömrəsi çapdan çıxıb. Jurnalda pedaqogika, texnika, iqtisadiyyat, informatika, ekologiya və digər fundamental elmi bölmələri üzrə məqalələr, metodiki yazılar verilib.
Jurnalın mündəricat hissəsi Azərbaycan, ingilis və rus dillərində öz əksini tapıb. Jurnalda “Pedaqoji texnologiyalar; mahiyyət və məzmun məsələləri” (Ənvər Abbasov, Təhsil İnstitutunun direktor müavini, fəlsəfə doktoru, dosent, Kəmalə Quliyeva, ADPU-nun dosenti, fəlsəfə doktoru), “Təlimin optimallaşdırılmasının üsul, vasitə və tərzləri” (Kamal Camalov, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, elmlər doktoru), “Birləşmiş Ərəb Əmirliklərinin turizmi (Sevinc Qasımova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində STK-nın müəllimi) və ayrı-ayrı müəlliflərin maraqlı məqalələri verilib.
İlk məqalədə pedaqoji texnologiyaların meydana gəlməsi və inkişafından danışılır. Onun mahiyyəti və məzmunu məsələləri araşdırılır və pedaqoji texnologiyalara verilən tələblər, onalrın tətbiqi prinsipləri şərh edilir.
Digər məqalələrdə təlim-tərbiyə işi və təhsilin inkişafında məktəbin əvəzolunmaz rolundan, vətənpərvərlik tərbiyəsi aşılayan taleyüklü məsələlərdən bəhs edilir.
Şakir CƏFƏROV