OECD-nin təhsil və bacarıqlar direktoru: “Yaxşı təhsil sistemi güclü peşə səriştələrinin qurulması ilə müşayiət olunmalıdır”


Ötən  həftənin sonunda ölkəmizin təhsil həyatı əlamətdar hadisələrlə yadda qaldı. Heç şübhəsiz ki, onlardan biri  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, eləcə də PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxerin Bakıya gəlməsi və ölkənin təhsil ictimaiyyəti qarşısında “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” mövzusunda ustad dərs keçməsi və müəllifi olduğu eyniadlı kitabının təqdimatı oldu. Kitab Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib.  Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev dünyada təhsilə aid olan ən yaxşı kitablardan birinin Azərbaycan dilinə tərcüməsini və ölkəmizin təhsil ictimaiyyətinə təqdim olunmasını müsbət bir hal kimi dəyərləndirərək Təhsil Nazirliyinin beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı ilə bağlı fikirlərini paylaşıb. Nazir Azərbaycanın 2006-cı və 2009-cu illərdən başlayaraq PISA-da, 2011-ci ildə TIMSS, 2016-cı ildə PIRLS, 2019-cu ildə isə TİMSS beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak etdiyini bildirib. 

 

Azərbaycanın nəticələrini artıq dinamikada görə biləcəyik

 

Nazir Azərbaycanın 2014-cü ildə PISA-ya qayıtmasını müsbət qiymətləndirərək bildirib: “Mən çox məmnunam ki, zamanında Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu cəsarətli qərarı verib və biz bu il ikinci dəfə PISA-da iştirak edəndə Azərbaycanın 2021-2022-ci illər nəticələrini artıq dinamikada görə biləcəyik”.

 

E.Əmrullayev qeyd edib ki, ilk mərhələdə PISA-da Bakı məktəbləri iştirak edir,  amma növbəti, yəni bundan sonrakı dövrdə artıq bütün Azərbaycan məktəbləri PISA-ya qoşulacaq. “İnandığım ondan ibarətdir ki, PISA qiymətləndirmə çərçivəsi Azərbaycanın milli qiymətləndirmə çərçivəsi ilə yaxınlaşmalıdır, təbii ki, eynisi ola bilməz, amma düşünürəm ki, uyğunlaşmalıdır. Hazırkı qiymətləndirmənin, ölçdüyümüz bacarıq və səriştələrin, daha çox kompetensiyaların ölçülməsi baxımından PISA qiymətləndirmə çərçivəsində Azərbaycanın qiymətləndirmə çərçivəsinə uyğunluğu çox önəmlidir. Çox vacib məsələdir ki, Azərbaycan bu gün PISA tipli elmtutumlu yüksək keyfiyyət standartlarına cavab verən tədqiqatlarda iştirak edir və şagirdlərimizin beynəlxalq standartlara uyğun səriştələrini ölçür”.

 

Nazir əlavə edib ki, PISA tədqiqatında iştirak etməyin özü müəyyən mənada artıq ölkənin təhsil sisteminin bəlli standartlara cavab verməsi deməkdir. Yəni, bunun milli səviyyədə keçirilməsinin də bəlli standartları var. Həmin standartlara uyğun test keçirilmirsə, artıq həmin test nəticələri qəbul edilmir və bir çox ölkələr PISA-da iştirak üçün hazırlıqlı hesab olunmur. E.Əmrullayev qeyd edib ki, PISA-da iştirak yarış deyil, hər dəfə bir addım mərhələli şəkildə irəli getmək üçün bilik, bacarıq və informasiya əldə etmək, elmi tədqiqata söykənən düzgün siyasi qərarların verilməsi, dövlət siyasətinin formalaşması üçün bir alətdir. Nazir ümid etdiyini bildirib ki, Azərbaycanın təhsil ictimaiyyəti də PISA tipli beynəlxalq qiymətləndirmə nəticələrinin müzakirəsində məhz bu təfəkkür və məntiqə əsaslanan mövqe ortaya qoyacaq.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək bu tip tədqiqatların ölkəmizin təhsil sistemində müsbət dəyişikliklərə əsas yaratdığını bildirib: “Bu günün və gələcəyin təhsili insanların xoşbəxtliyi və səriştələrə yiyələnmələri əsasında qurulmalıdır. Beynəlxalaq tədqiqatların  keçirilməsində məqsəd öyrənməyi öyrədən təhsil kadrlarını yetişdirməkdir”.

 

“T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının koordinatoru və yaradıcılarından biri Cəfər Mənsimi platforma haqqında ətraflı məlumat verib və kitabın ərsəyə gəlməsində dəstəyə görə Təhsil Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

 

Təhsil  artıq elmi-tədqiqat sahəsinə çevrilməlidir

 

Andreas Şleyxer öz təqdimatında dünya təhsil sisteminin keçdiyi inkişaf yoluna nəzər salıb.  Qonaq çıxışında ilk olaraq Azərbaycanda olduğu 24 saat ərzində istər tikinti, istər memarlıq, istərsə də təhsil sahəsində çalışanların enerjisi baxımından  ölkəmizlə bağlı dərin təəssüratlarını diqqətə çatdırıb. 

 

Hazırda bir-biri ilə sıx əlaqəli olan bir dünyada yaşadığımızı vurğulayan qonaq əlavə edib ki, qlobal iqtisadiyyatdan təcrid olunmaq mümkün deyil. A.Şleyxer PISA beynəlxalq qiymətləndirməsindən danışıb və xüsusi vurğulayıb ki, PISA-da iştirak, cənab nazirin də qeyd etdiyi kimi, yer tutmaq baxımından bir yarış deyil, bu, bir güzgüdür, özünüzü bu güzgüdə görmək, nailiyyətlərə baxmaq, güclü tərəflərinizi aşkar etmək və ya zəif tərəflərinizi görmək, ən başlıcası, əldə olunan irəliləyişi qeyd etmək üçündür. Təhsil artıq elmi-tədqiqat sahəsinə çevrilməlidir ki, tələbələr daha yaxşı öyrənsinlər, daha fəal olsunlar, müəllimlər daha yaxşı öyrənməni təmin etsinlər.

 

Gənclərin böyük əksəriyyəti faktlarla rəyi ayırd edə bilmir

 

A.Şleyxer  qeyd edib ki, rəqəmsal və gerçək dünya artıq birləşib, hər kəsin bir -biri ilə əlaqə qurduğu dünya və buradakı dəyişikliklər əsrarəngizdir. Bilik əsaslı iqtisadiyyata qoşulmaq hər birimizə çox alətlər verdi, amma reallıq  odur ki, fundamental olaraq savadlı olmaq anlayışı dəyişib. Savadlılıq məfhumu artıq xətti mətnlərlə ifadə olunmur. 2009-cu ildə PISA ilə bağlı savadlılıq xətti mətnlərin oxunması idi. Sualın cavabını bilməyə də bilərsiniz, artıq cavabı Google-də axtarırıq, bir suala 10 min variantda cavab var, heç kim sizə qəti olaraq nəyin həqiqət, yanlış olduğunu demir. Yəni, biliyin tapılması ilə yanaşı, həm də biliyin yaradılması müasir zamanın tələbidir. Rəqəmsallaşma artıq dünyada növbəti nəslin bir nömrəli gündəminə çevrilib. Bəzi ölkələr, məsələn, Çin, həmçinin Cənubi Şərqi Asiya dövlətlərinin yarıdan çoxunun tələbələri rəqəmsal dünyanın çağırışlarına hazırdı, amma gənclərin böyük əksəriyyəti faktlarla rəyi ayıra, müxtəlif mənbələrdən lazımınca naviqasiya edib yararlana bilmirlər. Bu da 21-ci əsrin çağırışıdır, müəyyən mənada texnologiya insanın imkanlarına daha sürətlə təşəkkül edir.

 

Təhsil fərq yarada biləcək mühərrikdir

 

Ayrı-ayrı ölkələrin müqayisəli tədqiqatına əsaslanaraq qonaq qeyd edib ki, daha zəngin məktəblər daha yaxşı performans göstərirlər. İstisnalar da var, bəzi əlverişsiz yerlərdən olan məktəblərdə (Braziliya) çox gözəl performans var, bəzi imkanlı yerlərdə məktəblər kifayət qədər çətin vəziyyətdədirlər. Lakin Vyetnam məktəbləri Braziliyadakından da ağır vəziyyətdədirlər, çünki iqtisadiyyat hələ də öz inkişafının ilkin mərhələlərini yaşayır. Amma Vyetnam hər bir təhsilalan üçün gözəl imkan yaratdı, bunu hər iki ölkənin PISA nəticələrində olan fərqdə görürük.  Çində ən yoxsul ailələrdən olan tələbələr var, bir çox dövlətlərdə olan imkanlı tələbələrlə müqayisədə göstəriciləri daha yaxşıdır. Yəni, yoxsulluq heç də aqibət deyil, təhsil məhz fərq yaradan mühərrikidir.

 

Müəllimi xoşbəxt edən nədir?

 

Qonaq qeyd edib ki, bir çox ölkələr təhsilə sərmayələr yatırırlar və  uzun perspektivdə  bu, vacibdir.  “Amma biz görürük ki, müəyyən məqamlarda artıq pul,  vəsait həlledici deyil. Məsələn, Sinqapur və ya Estoniyaya  baxsaq,  onlar təhsilə o qədər pul sərf etmirlər, lakin onların göstəriciləri təhsilə ən çox maliyyə vəsaiti ayıran Lüksemburqdan daha üstündür və daha yaxşıdır. Yəni sərfiyyatın həcmi deyil,  resursların yerləşdirilməsi və necə yerləşdirilməsi fərq yaradır.

 

Hətta kiçik bir sinifdə, deyək ki, onlar bir o qədər də səmərəli deyil, amma bu, müəllimləri xoşbəxt edir. Yəni müəllimlərin işdən razı qalması və sinfin həcmi arasında heç bir əlaqə yox idi.

Yaxşı müəllim üçün sinfin böyüklüyü və kiçikliyi maneə deyil.

Tədrisin keyfiyyəti çox vacibdir, nəinki sinfin böyüklüyü. Müəllimi xoşbəxt edən nədir?  Əgər sinfin böyüklüyü-kiçikliyi deyilsə, cavab təşəbbüskarlıq və peşəkarlıqdır”. A.Şleyxer diqqəti “ən yaxşı təhsil sistemlərindən nə götürə bilirik?” kimi strateji suala yönəldib, qeyd edib ki, birincisi, müəllimə verdiyimiz dəyərdir. “Cəmiyyətin müəllimlərə verdiyi dəyərlərlə ölkənin performansı arasında  əlaqə var, bu, çox vacib siqnaldır. Cəmiyyətə verdiyimiz siqnaldır ki, bu peşəyə ehtiyac var, siz istəyirsinizsə övladınız müəllim olsun, yoxsa yox, hüquqşünas və ya iqtisadçı olsun, siqnallar fərqlidir”. 

 

Yüksək gözləntilər

 

A.Şleyxer qeyd edib ki, yüksək perfomanslı təhsil sistemlərinin oxşar cəhətlərindən biri hər bir uşaqdan yüksək gözləntilərin olmasıdır. Bu da təhsil sisteminin uğurlarından biridir və burada kurikulum baxımından koqnitiv tələb var, yəni kurikulumda da bu ideya şüurlu şəkildə əks olunmalıdır. “Mən 80-dən çox ölkədə bir çox siniflərdə olmuşam.  Onlarda məzmunu daha geniş tutmurlar, amma məhz konsepsiyanın daha dərindən başa düşülməsinə kömək edirlər. Daha çox izaha önəm verirlər. Yəni, izahedici rakurs çox vacibdir, diqqəti məhz məsələnin məğzinə yönəldirlər. Burada riyazi düşüncə tərzinin təqlid edilməsi çox vacibdir, çünki biz bununla fenomenləri başa düşə bilərik. Onlar şagirdlərə alim kimi düşünməyi öyrədirlər. Yəni, fərqli düşünməyi, fəqli rəylər, fərqli üsullar, fərqli araşdırmalar aparmaq kimi qabiliyyətləri aşılayırlar,  eksperimentlərin dizayn edilməsini aşılayırlar. Yəni cəmiyyətin, tarixin təşəkkülünü anlamaq üçün məhz tarixçi kimi düşünməyi öyrədirlər, nəinki hansısa tarixi hadisələr əzbərləməkdənsə  bunların əhəmiyyətini izah edirlər. Sabahın kontenti, məzmunu  çox dəyişə bilər, amma yanaşma dəyişməməlidir. Müasir dünyada sizi artıq tək biliyinizə görə tərifləməyəcəklər. Google-də bütün o biliklər var, dünya sizə qiymət verir və sahib olduğunuz biliklə nə edə bilərsiniz, o biliyi, məlumatı, informasiyanı müasir vəziyyətlərdə tətbiq edə bilirsinizmi, o koqnitiv, sosial və emosional resursları məqsədyönlü istifadə edə bilirsinizmi - budur sizə dünya tərəfindən verilən qiymət və bizi kompüterlərdən fərqləndirən.

 

Müxtəlif fənlər arasında olan innovasiya müasir zamanda sizin dar bir sahədə mütəxəssis olmağınızla bitmir, burada müxtəlif nöqtələri birləşdirmək bacarığı olmalıdır. Tələbələrdən tələb olunur ki,  fənlər arasında sahələrarası əlaqəni görə və çözə bilsinlər.

Tələbə sadəcə müəllimin mühazirəsini dinləməməli, onlar arasında sosial-emosional bağ olmalıdır.

 

Azərbaycanda əslində bu, ümidvericidir, çünki müəllimlərdə digər ölkələrdən daha çox böyük təşəbbüskarlıq var. Əgər o təşəbbüskarlığı peşəkar səriştə ilə birləşdirsəniz, dünya səviyyəli peşə nümunələri yarada bilərsiniz. 

 

Təhsilin səviyyəsi, əlbəttə ki, birbaşa olaraq müəllimin peşəkarlığı ilə əlaqəlidir, əgər müəllim peşəkardırsa biliklə əlaqəlidir.

Pedaqogika təkcə öyrətmək deyil, həm də şagirdin öyrənməni necə mənimsədiyini öyrənməkdir. Müəllim şagirdinin hər biri haqqında məlumatlı olmalıdır, əks halda tədris uğurlu olmayacaq.

A.Şleyxer hesab edir ki, sabahki müəllimlər, direktorlar Data alimləri olacaqdır, çünki bu qədər sayda məlumatlar, sübutlar, informasiyalar var. Onları düzgün emal və tətbiq etmək məsələsi çox vacibdir.

 

O qeyd edib ki, bəzi ölkələrdə müəllimlərarası peşəkar işbirliyi hələ də zəifdir.  Müəllimlər arasında peşəkar iş birliyi olarsa, onların peşə bacarıqları da bir o qədər dərinləşəcək. Bu, həm də məmnunluq hissi yaradacaq. Söhbət təkcə səmərəlilikdən yox, həmçinin də məmnunluq göstəricisindən, təkcə maliyyədən yox, işin təşkil olunmasından gedir.

 

A.Şleyxer hesab edir ki, təhsil çox mühafizəkar bir mühitdir və biz valideyn olaraq bəzən bu problemin bir hissəsiyik, nəinki çözümün bir hissəsiyik. Amma paradiqmanı dəyişmək, müəllimlər üçün, ideyaları qəbul edən, onları gücləndirən,  daha yaxşı şəkildə tədris imkanı, daha çox yenilikçi, açıq mühit yaratmaq lazımdır. Bu, çox vacibdir.

 

Liderlik həlledicidir

 

OECD rəsmisi belə düşünür ki, hər bir işdə liderlik həlledicidir, məktəb sistemində bu, çox mühümdür. Müəllimlərin təkmilləşməsi və inkişaf etməsi üçün açıq bir mühit yaratmalıyıq. Təbii ki, problemləri sadalamaq asandır, amma bunları həll etmək çox vacibdir. Təhsil islahatı daxilində bir çox gözəl ideyalar var, amma ən böyük problem onların icra olunmamasıdır.  Hər hansı ideyanın yanlış və ya doğru olduğunu sübut etmək üçün təhsildə həqiqi elmi rəy çatışmır. Təhsil hələ də ənənələr, müəyyən inanclar üzərində qurulur. Odur ki, onun həqiqətən dəyişilməsinə zərurət var. Yaxşı təhsil sistemi güclü peşə səriştələrinin qurulması ilə müşayiət olunmalıdır.

 

Azərbaycanın gələcəyə perspektiv baxışı var

 

A.Şleyxer qeyd edib ki, çox gözəldir ki, Azərbaycanın  2030-cu il strategiyası, belə bir perspektiv baxışı var, yəni 5 -10 -15 ildən sonra haraya üz tutacağınızı istiqamət olaraq bilməlisiniz, bunu həmişə izləmək lazımdır. Biz çox zaman təhsildə gördüyümüz işləri, onun istiqamətini, məcrasını lazımınca izləyə bilmirik, ona görə beynəlxalq qiymətləndirmələr, ölkədaxili qiymətləndirmələr də çox vacibdir. Konkret məsələlər var ki, onları mütləq  diqqətdə saxlamaq lazımdır, universitetlərə, sonrakı ildə məktəbəqədər müəssisələrə vəsaitlərin sərf olunması qərarı verilə bilər, amma uzunmüddətli perspektiv barədə düşünülərsə, gələcək baxımından ən gözəl investisiya məhz kiçik yaşlardan doğru təməllərin yaradılmasıdır. Mövcud vəziyyəti düzgün təhlil etmək cəsarətidir. Məktəblər icmalarla əlaqəli deyillər, sanki bir növ şagirdləri daxilə qəbul edirlər. Ondan sonra həyat dayanır. Məktəb saatları bitəndən sonra ailələr, ev təsərrüfatları və məktəblər arasında sıx əlaqə olmalıdır.

 

A.Şleyxerə görə Azərbaycan kimi dövlət üçün, çox yüksək səviyyədə təhsili olan, keçmişdə belə bir tarixçəsi, təcrübəsi olan bir ölkə üçün beynəlxalq tədqiqatda iştirak, düşünürəm ki, cəsarətli addımdır və dünyada müşahidə edilən bir prosesdir. Həqiqətən də biz onu görürük ki, belə cəsarətli ölkələr çox olsa, bir o qədər uğurlar olar.

 

Oruc MUSTAFAYEV