“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində İT siniflərin bir qrup şagirdi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” şirkətində seminar-ekskursiyada olub.

 

Tədbirdə Bakı şəhəri “Zəngi” liseyi, 132-134 nömrəli məktəb və Sumqayıt şəhəri 12 nömrəli məktəbdən 15 şagird və 3 müəllim, Təhsil Nazirliyi, “Alqoritmika” şirkəti və “AzInTelecom”un nümayəndələri iştirak edib.

 

Tədbirdə çıxış edən “AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov şagirdlərə İT-nin ölkənin inkişafındakı rolundan, müasir dünyada İT peşələrinə olan tələbatdan və gələcək peşə seçimində bu cür ekskursiyaların əhəmiyyətindən danışıb. Sədr qeyd edib ki, Mərkəzdə tələbələrin İT sahəsində bacarıq və biliklərini təkmilləşdirmək üçün praktiki proqramlar da həyata keçirilir.

 

Görüşdə AZCloud bulud həllərinin təqdimatı da olub. 

 

Daha sonra şagirdlərə İT sahəsində çalışmağın nə qədər maraqlı olduğunu təcrübədə göstərmək və onları maraqlandıran sualları cavablandırmaq məqsədilə xidmət mərkəzinə ekskursiya baş tutub.

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri üzrə 11 məktəbdə pilot “İT sinifləri”nə start verilib. Bu siniflərdə təşkil olunan dərslərə sözügedən şəhər məktəblərindən Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 316 nəfər X sinif şagirdi cəlb olunub. Növbəti tədris ilində bu siniflərdə şagirdlərin sayının 1000 nəfəri əhatə etməsi planlaşdırılır.

 

İT siniflərdə keçirilən dərslərin əsas məqsədi  şagirdlərin intensiv metodikalarla  İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə keçirilir. Dərslərdə şagirdlərə Python üzrə alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilir. Dərslər bu istiqamətlər üzrə təlim keçmiş müəllimlər tərəfindən tədris edilir. 

 

Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1580-dən çox müəllim və 190 000 şagirdi əhatə edir.