Azərbaycan Dillər Universitetində (ADU) Şanxay Çin Şərq Pedaqoji Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ali məktəb arasında əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev ölkəmizdə ali təhsilin inkişafına dair dövlət strategiyası haqqında qonaqlara məlumat verib. Bildirib ki, Azərbaycanın ali təhsil proqramları ən müasir beynəlxalq təcrübəni tətbiq etməklə daim inkişafdadır. O, ADU-nun tarixi və tədris prosesi, beynəlxalq əlaqələri barədə danışaraq, universitetin əsasən pedaqoji, beynəlxalq və tərcümə sahəsində mütəxəssislər yetişdirdiyini söyləyib. Qeyd olunub ki, ADU dünyanın bir çox ölkələrinin, o cümlədən Çinin aparıcı universitetləri ilə əməkdaşlıq edir. Prorektor universitetlər arasında təhsil sahəsində mövcud əməkdaşlığın Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 

ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov institutun elmi, tədris və ictimai fəaliyyəti, həmçinin tarixi “İpək Yolu”nun dirçəlməsi ilə qlobal “Bir kəmər, bir yol” Çin layihəsinin həyata keçirilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumat verib. O, ümummilli lider Heydər Əliyevin siyasi irsindən, Prezident İlham Əliyevin ölkələrimiz arasındakı çoxşaxəli dostluq və əməkdaşlıq istiqamətində gördüyü işlərdən söz açıb, qonaqları müvafiq məlumat bazası ilə tanış edib. “Bir kəmər, bir yol” konsepsiyasının əsas məqsədinin trans-Avrasiya iqtisadi və nəqliyyat dəhlizlərinin yaradılması olduğunu söyləyən R.Abbasov bu təşəbbüsün həyata keçirilməsində Azərbaycanın iştirakını xüsusi vurğulayıb.

 

Şanxay Çin Şərq Pedaqoji Universitetinin xarici tələbələrlə iş üzrə idarə rəisi Xuan Mey Syu ADU-da olmaqdan məmnunluğunu bildirib. Qonaq Çinin qədim universitetlərindən olan Şanxay Çin Şərq Pedaqoji Universitetinin beynəlxalq mübadilə sahəsində fəaliyyətindən bəhs edib. O, Konfutsi İnstitutunun Çin dili və tədrisi üzrə fəaliyyətini, eyni zamanda, Azərbaycan cəmiyyətini Çinin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış etməsini yüksək qiymətləndirib. Konfutsi İnstitutunun aktiv fəaliyyətinin xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsinə böyük töhfələr verdiyini vurğulayıb.

 

Sonra qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi Prezident İlham Əliyevin Azərbaycan və Çin arasındakı ənənəvi dostluq əlaqələrinin, çoxşaxəli əməkdaşlığın möhkəmlənməsi və inkişafı uğrunda fəaliyyətinə həsr olunmuş “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı” kitabı və Azərbaycan dilində nəşr olunmuş ÇXR-in Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.