Dünyaca məşhur milyarderlərin bəzilərinin diplomu yoxdur


“GoCompare” sığorta şirkəti “Forbes” jurnalının son 20 ildə elan etdiyi dünyanın ən varlı 100 nəfərinin təhsil səviyyəsinə dair araşdırma aparıb. Məlum olub ki, milyarderlərin 76%-nin ali təhsili var. Onların 47%-i bakalavriatı, 23%-i isə magistraturanı bitirib. 6%-i fəlsəfə doktorudur (PhD). Buradan belə bir nəticə çıxır ki, dünyanın ən varlılarının dörddə biri ya ali məktəbdə oxumayıb, ya da diplom alanadək universiteti tərk edib. 100 ən varlı şəxs arasında iqtisadiyyat və mühəndislik işi üzrə ali təhsil almışlar daha çoxdur. Eyni zamanda, dəqiq elmlər üzrə oxumuş milyarderlər humanitar sahələri bitirmiş varlılardan daha çoxdur.

 

 

“Tələbə anbarı”

 

 

Xatırlayırsınızsa, bir ara belə bir şikayət məzmunlu iddianı tez-tez eşidərdik: “Uşağı oxutmaqdansa ticarətə və ya sənətə qoysaydım, daha yaxşı olardı. Kimə lazımdır axı onun diplomu?!”. İndi vəziyyət təbii ki, dəyişib, tək diplomun yox, hansı ali məktəbin verdiyi diplomun nə qədər önəm kəsb etdiyi bir reallıqda yaşayırıq. Ancaq qəti şəkildə inad da edə bilmərik ki, yuxarıda qeyd etdiyimiz həyat fəlsəfəsi ilə yaşayanlar yoxdur və ya onların sayı azalıb.

 

“Diplom nəyə lazımdır” deyənlər tək bizimlə eyni cəmiyyətdə yaşamırlar. Dünyanın hər yerində belə düşünənlər mövcuddur. Maraqlısı odur ki, diplom və ali təhsilin lazımsız zəhmət və vaxt itkisi olduğunu düşünənlər arasında həmin o dünyanın ən varlıları da var.

 

RİÇARD Brenson - “Virgin Group” korporasiyasının təsisçisi. Ali təhsili yoxdur, ancaq 5,1 milyard dolları var. Təhsili 16 yaşında atıb. Disleksiyadan əziyyət çəkirmiş, məktəbdə aşağı qiymətlər alırmış. Brenson “Məni ən çox qıcıqlandıran diplomun alınmasına nə qədər vaxt və vəsaitin sərf olunmasıdır” desə də, Britaniyanın ən varlı şəxslərindən biridir. O, özünün “Virgin tərzli biznes. Biznes-məktəblərdə sizə nələri öyrətmirlər” adlı kitabında ali məktəblərdə təhsil müddətinin ən azı bir il azaldılmasını təklif edir. Brenson hesab edir ki, bu, gənclərə real həyatda addımlamaq və təcrübə qazanmağa yeni imkanlar açacaq. Milyarder müasir ali məktəbləri “Tələbə anbarı” adlandırır. Brenson yazır: “İcazə verin bir daha xatırladım ki, mən bu məsələdə ekspert deyiləm. Ancaq bir praqmatik kimi anlaya bilmirəm, nəyə görə 100 həftəlik təhsil müddətini 3-4 ilə bölürsünüz? Halbuki bunu 80 həftə edib tələbənin istəyinə uyğun olaraq 2-3 ilə bölə bilərsiniz”.

 

HENRİ Ford - amerikalı sənayeçi. İndiki kursa çevirsək, 199 milyard dolları olub. Ancaq təhsil almayıb. Fordun təhsili yalnız kilsə məktəbi ilə məhdudlaşıb, ömrünün sonunadək yazarkən ciddi hərf səhvlərinə yol verirmiş. Di gəl ki, bu, onun “Ford Motor Company” şirkətini və onlarla avtomobil zavodunu yaratmasına mane olmayıb. Ford 161 patentin müəllifidir.

 

H.Ford özünün savadsızlığını qəbahət saymırdı. O, hətta bir dəfə onu “savadsız” hesab edən Çikaqo qəzetlərindən birini məhkəməyə də vermişdi. Napoleon Hill özünün “Düşün və varlan” adlı kitabında həmin məhkəmə prosesindən yazır: “Qəzetin vəkili məhkəmədə Henri Forda sual verdi ki, Böyük Britaniya 1776-cı ilin qiyamını yatırmaq üçün Amerikaya nə qədər əsgər göndərmişdi? Ford cavabı bilməsə də, özünü itirmədi: “Mən dəqiq deyə bilmərəm əsgərlərin sayı nə qədər idi, ancaq əminəm ki, onlar vətənlərinə qayıdarkən sayları xeyli azalmışdı”.

 

Ford əmin idi ki, insan həyatı boyu öz ağlına güvənməlidir, nəinki dərsliklərə. Milyarder deyirdi: “Dünyada ən çətin iş öz ağlınla düşünməkdir. Yəqin bu səbəbdən bununla çox az adam məşğul olur”. Ford “Mənim həyatım, mənim nailiyyətlərim” adlı kitabında ali təhsili olan şəxslər barədə belə yazır: “Əgər mən rəqiblərimi ədalətsiz üsullarla sıradan çıxarmaq istəsəydim, onlara xeyli mütəxəssis təqdim edərdim. Rəqiblərimin başı qarışardı onlardan çoxlu yaxşı məsləhətlər almağa, iş qalardı kənarda”.

 

PİTER Til - “PayPal” ödəmə sisteminin təsisçisi. Var-dövləti 2,5 milyard dollar təşkil edir. Fəlsəfə üzrə incəsənət bakalavrıdır, Stenford Universitetində hüquq üzrə doktor olub.

 

Til həm orta, həm də ali məktəbi sonadək oxumasına baxmayaraq, təhsili həmişə tənqid edir. İş adamının fikrincə, həyatda təhsilsiz və diplomsuz daha çox uğur qazanmaq olar. Bu qənaətini sübut etmək üçün Til “Til qardaşlığı” adlı layihəyə start verib. Layihə nədən ibarətdir? Hər il o, təhsilini atıb öz startapına başlamağa hazır olan bir neçə tələbə seçir və onların hər birinə 100 min dollar verir. İki il ərzində fond bu tələbələrə köməklik göstərir, onları investorlarla tanış edir. İş adamının fikrincə, nüfuzlu təhsilin arxasınca qaçmaqdansa, real işlər görmək lazımdır. Nəzərə alsaq ki, Amerikada gənclər ali təhsillərini başa vurduqdan sonra xeyli müddət kredit qaytarmalı olurlar, Til bu sistemi orta əsrlərdə kilsənin durumu ilə müqayisə edir: “İnsanlar böyük borclara girirlər, indulgensiyalar alırlar ki, o dünyada xilasa ümidləri olsun. Diplom almaq da belədir”.

 

CON Rokfeller - amerikalı iş adamı. İndiki ekvivalentlə 340 milyard dolların sahibi. Təhsili olmayıb.

 

Tarixə ilk dollar milyarderi kimi düşmüş Rokfeller ali təhsili uğurun mənbəyi hesab etmirdi. İş adamının diplomu olmayıb. Məktəbdən sonra Klivlend kollecinə daxil olub, mühasibatlığı oxumaq istəyib. Ancaq sonra düşünüb ki, bunun üçün 3 aylıq kurslar da yetərlidir. Kursları bitirdikdən sonra baş mühasibin köməkçisi vəzifəsinə düzəlib, tezliklə baş mühasib olub, sonra topladığı pulları öz işinə yatırıb.

Rokfeller qeyd edirdi ki, diplom karyera üçün başlanğıc ola bilər, ancaq gəlir mənbəyi sayıla bilməz. Çünki mütəxəssisi heç kim diplomuna görə dəyərləndirmir. Peşəkar olmaq üçün qarşına məqsəd qoyub əziyyət çəkməlisən. Milyarderin fikrincə, “diplom elə təsəvvür yaradır ki, sanki sənin heç bir problemin yoxdur.

Səndə savadsız insanlardan üstünlüyünə dair yanlış təsəvvür yaradır və reallıq hissindən məhrum edir. Sənə elə gəlir ki, sabah dağa qalxıb istənilən problemi həll edə bilərsən, ancaq bu, yanlış qənaətdir”.

 

 

Mənim universitetim mənim peşəmdir

 

 

AMANSİO Orteqa - “İnditex” şirkətinin əsasını qoyub. 76,4 milyard dolları var, təhsili yoxdur. Orteqa cəmi 60 sakini olan kənddə kasıb ailədə doğulub. Ailədə ondan başqa daha 3 uşaq var idi və valideynləri onları dolandırmaqda çətinlik çəkirdilər. Bir dəfə ərzaq mağazasının sahibi onun anasına nisyə mal verməkdən imtina edir. Bunu görən 13 yaşlı Amansio qarşısına nəyin bahasına olursa-olsun, varlı olmaq məqsədi qoyur. Gələcək milyarder 13 yaşında atelyedə kuryer işləməyə başlayır və cəmi 4 il sonra öz işini qurur. Bu gün Orteqa “Zara”, “Bershka”, “Massimo Dutti”, “Pull and Bear”, “Stradevarius” kimi geyim  brendlərinin sahibidir. Amansionun təhsili olmasa da, dünyanın ən nüfuzlu şəxslərindən biridir. Bir müddət planetin ən varlı adamlarının siyahısına başçılıq edib. Orteqa deyir: “Mənim universitetim mənim peşəmdir”.

 

STİV Cobs - “Apple”nin yaradıcısı və “Pixar” kinostudiyasının sahibi. Öləndə 7 milyard dolları olub. Ali təhsili olmayıb.

 

Cobsu ögey valideynlər tərbiyə ediblər. Onlar uşağı özlərinə götürəndə şərtlərdən biri bu olub ki, gələcəkdə Stivə kollecə daxil olmağa kömək edəcəklər ki, ali təhsili olsun. Cobs özəl humanitar universitet olan “Reed College”də təhsil almağa cəhd göstərib, ancaq 6 aydan sonra buranı tərk edib. Stenford Universitetinin tələbələri qarşısında çıxış edərkən o, bunu belə izah edib: “Birincisi, təhsil çox baha idi, valideynlərim bütün pullarını mənə xərcləyirdilər. İkincisi, mən cəmi bir neçə aydan sonra anladım ki, oxumağın heç bir mənası yoxdur”.

 

Dünyaca məşhur iş adamı bir ara bilmir nə ilə məşğul olsun, hətta universitetdən qovulmasına baxmayaraq, dekanatın razılığı ilə yaradıcılıq dərslərinə gedib gəlir. O, bununla bağlı deyir: “O vaxt bilmirdim nə edirdim. Və anlaya bilmirdim ki, universitet mənə necə kömək edə bilər. Ancaq indi geriyə baxarkən görürəm ki, o dərnəklərə getmək həyatımda qəbul etdiyim ən doğru qərar olub”.

 

 

Ən yaxşı təhsil özünüzə etdiyiniz yatırımdır

 

 

UORENN Baffet - iş adamı, yatırımcı və xeyriyyəçi. 85 milyard dolları var. Nebraska-Linkoln Universitetində bakalavr, Kolumbiya Universitetində magistr dərəcələrini alıb. 2010-cu ildə Baffet 5 xeyriyyə fonduna 37 milyard dollar vəsait köçürüb. Bundan sonra o, tarixin ən böyük xeyriyyəçisi olub. Piter Til kimi Uorenn Baffet də universiteti sonadək oxuyub, ancaq əmindir ki, ali təhsil hamıya lazım deyil.

 

Amerikada kreditlərin böyük bir qismi təhsilə verilmiş vəsaitdir.Baffet bu sistemə  “sabun köpüyü” deyir. İş adamının sözlərinə görə, o, indi heç bilmir aldığı diplom haradadır. Baffetin sözlərinə görə, təhsil baxımından ən dəyərli investisiya yatırımı Karneginin 100 dollara keçdiyi natiqlik kurslarına olub.

Üç övladı var, heç birinin ali təhsili yoxdur. İş adamı deyir: “Təhsilin mənim üçün hansısa dəyəri varmı? Şəxsən mən universitetdə valideynlərimə görə oxumuşam... Ala biləcəyiniz ən yaxşı təhsil özünüzə etdiyiniz yatırımdır. Ancaq söhbət nə kollecdən gedir, nə də universitetdən”.

 

LARRİ Elison - “Oracle” korporasiyasının sahibi. Təhsili yoxdur, ancaq 61 milyard dolları var. İş adamının ən sevimli deyimi: “Yaxşı təhsil biznesdə üstünlükdür, ancaq uğurun təminatı deyil”.

 

Larri 9 aylıq olarkən sətəlcəm olur. Anası anlayır ki, ona baxa bilməyəcək. Bu səbəbdən qohumlarına verir. Ögey valideynləri ilə yaşayan Elison məktəbi bitirib, İllinoys Universitetinə daxil olur. Ancaq anası həyatını dəyişdiyindən universiteti tərk edir. Sonra Çikaqo Universitetinə qəbul olunur, ancaq iki il oxuduqdan sonra təhsilini atıb karyera qurmaq üçün Kaliforniyaya köçür. “Oracle” proqram təminatı sahəsində “Microsoft”dan sonra ikinci ən iri şirkətdir. 145 ölkədə 120 min işçisi var. 

 

 

Milyarderləri haradan tapmaq olar?

 

 

ABŞ-ın Harvard Universiteti və Harvard biznes-məktəbi ən çox gələcək milyarder “ixrac” edən təhsil ocaqlarıdır. Kaliforniyadakı Stenford Universiteti və Massaçusets Texnoloji İnstitutu IT sahəsində milyarder olmuş məzunların təhsillərini bitirdikləri ali məktəblərdir. Britaniyada milyarder-məzunlar adətən London İqtisadi Məktəbi və Kembrici bitirirlər. Fransada liderlik Parisdəki Politexnik Məktəbə məxsusdur. Almaniyada milyarderlər Karlsrue, İtaliyada Milan, İsveçrədə Sürix universitetlərindən çıxırlar.

 

Odur ki, seçim özünüzündür: diplomlu, yaxud diplomsuz milyarder. Dünyanın varlıları sırasında olmağa yol təkcə ali təhsil almaqdan keçmir.

 

 

 

Rüstəm QARAXANLI