Artıq ilk saatlardan fəallıq müşahidə olunur


Avqustun 6-dan 2018-2019-cu tədris ili üzrə “ASAN peşə” layihəsi çərçivəsində  dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu  başlayıb. Bununla bağlı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində KİV nümayəndələrinə məlumat verildi.   Agentliyin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili jurnalistlərlə görüşdə qeyd etdi ki,  Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə əməkdaşlığı  çərçivəsində reallaşdırılan  “ASAN peşə” layihəsinin əsas məqsədi  artıq 3 ildir ki, həyata keçirilən peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşların rahatlığının təmin olunması  və subyektiv amillərin qarşısının alınması, obyektivliyin təmin edilməsi ilə bağlıdır.  "Bununla əlaqədar vətəndaşlarımız istənilən "ASAN xidmət" mərkəzinə yaxınlaşaraq ölkədə fəaliyyət göstərən dövlət peşə təhsili müəssisələrində istənilən ixtisas üzrə sənəd qəbulu prosesində iştirak edə bilərlər".  A.Əlili qeyd etdi ki, dövlət peşə təhsili müəssisələrində təhsil  3 illik, 2 illik, 1 illik və 6 ay müddətində nəzərdə tutulmuşdur.    3 illik təhsil  müddəti ümumi təhsil bazasından  son 2 ildə məzun olanlar  üçün nəzərdə tutulub. Burada müraciət edən vətəndaşlarımız peşə təhsili almaqla yanaşı, həm də  tam orta təhsil almaq imkanlarına  malikdirlər.

 

Dövlət peşə təhsili müəssisələrinə ərizə qəbulunun  avqustun 26-dək "ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində ödənişsiz formada elektron qaydada  həyata keçiriləcəyini  deyən A.Əlilinin sözlərinə görə,  ərizə qəbulu üçün şəxsiyyət vəsiqəsi və təhsil haqqında sənəd (şəhadətnamə və ya attestat) tələb olunur.  O,  sənəd qəbulunun yüksək fəallıqla keçdiyini  diqqətə  çatdıraraq ilk saatlardan "ASAN xidmət”  mərkəzlərində 200-ə qədər  müraciət qəbul olunduğunu bildirib.  

 

Bakı, Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda yerləşən peşə təhsili müəssisələrinə həm dövlət, həm də ödənişli əsaslarla qəbul "ASAN xidmət" tərəfindən aparılır.   Mingəçevir şəhəri, Bərdə, Masallı, Sabirabad, Quba və Qəbələ rayonları üzrə peşə təhsili müəssisələrinə dövlət hesabına qəbul müvafiq "ASAN xidmət” mərkəzlərində həyata keçirilir.

 

A.Əlilinin sözlərinə görə,  “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə dövlət peşə təhsili müəssisələrinə sənəd vermək istəyən şəxslər istənilən “ASAN xidmət”ə və müvafiq təhsil  müəssisələrinə müraciət edə bilərlər.

 

Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulu prosesində vətəndaşlar 10 ixtisas seçə bilər. Müraciət edənlərin sərbəst seçimi əsasında dövlət peşə təhsili müəssisələri, onların ixtisasları müəyyən edilir və istədikləri ardıcıllıqla təsdiqlənir. Dövlət peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat üzrə müvafiq fənlərin orta balı nəzərə alınmaqla həyata keçirilir.

 

Oruc MUSTAFAYEV