Çinli müəllimin uğur hekayəsi


Dünyada uğurlu müəllimlər çoxdur.  Onlar yenilikçi təşəbbüsləri ilə həm öz təhsil hədəflərinə çatmaqda əzmkarlıq göstərir, həm də bütövlükdə təhsil sisteminə töhfələrini verirlər. Onlardan biri də Çinin Xuanpu əyalətindəki Luvan 1 nömrəli ibtidai məktəbin müəllimi Vu  Juntszindir.  O, son 28 ildə təhsil sahəsində öz arzularına nail olmaq üçün böyük səylər göstərib.

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar Departamentinin direktoru Andreas Şlyaxer bir dəfə bu məktəbi ziyarət etmiş və təhsil ocağının rəhbəri  Vu Juntszinlə görüşmüşdür.

 

Daha sonra  Andreas Şlyaxer özünün “Dünya sinfi: 21-ci əsrin məktəb sistemini necə qurmaq olar?”  kitabında bu məktəb barədə yazmışdır:  “Luvan şəhəri 1 nömrəli  ibtidai məktəb 21-ci əsrdə tədris mühitinin formalaşmasında aparıcı rol oynayır və o, şagirdlərə sosial koqnitiv bacarıqları və sentimental dəyərləri öyrətməklə elm və texnologiyaları özündə birləşdirir”.

 

Öyrətməyə can atan müəllim
 

Vu uşaq olanda tez-tez özünü müəllim kimi göstərirdi və  "şagirdini" - kuklasını öyrətmək üçün atasının mağazadan aldığı kiçik lövhədən istifadə edirdi.

 

Vu həmişə öz sinfinin dərsdən sonra valideynləri tərəfindən götürülən sonuncu şagirdi olub, çünki valideynləri tez-tez işdə ləngiyiblər. Valideynləri gələnə qədər müəllim Vu  ilə qalıb. O, orta məktəbdə oxuyarkən müəllimlərinin onun dəftərlərində buraxdığı qeydləri oxumağa başlayıb. Əslində müəllimin qeydlərini oxumaq onun dəftər aldıqdan sonra etdiyi ilk məşğuliyyəti idi. 

 

O dövrdə Vu müəllim olmağa və şagirdlərinə müsbət təsir göstərməyə can atırdı.  1994-cü ildə Şanxay Pedaqoji Kollecini bitirdikdən sonra 1 saylı Luvan mərkəzi ibtidai məktəbində müəllim olmağa qərar verib. O, 1 nömrəli  Luvan ibtidai məktəbinin rəhbəri olan Çenq Xuadan ilhamlanaraq irəli getmək  və baza  təhsilinin imkişafında şanlı bir fəsil yazmaq əzmində idi. O, Chenq tərəfindən paylaşılan sevgi, xeyirxahlıq və təşviqdən çox faydalandığını söyləyir...

 

Orijinal arzu

 

Vunun işlədiyi ibtidai məktəb şagirdlərinə Çin Kommunist Partiyasının (ÇKP) tarixini öyrənməyə kömək etmək üçün əvəzolunmaz inqilabi resursları ilə öyünə bilər, çünki məktəb ÇKP-nin birinci milli qurultayının memorialının yaxınlığında yerləşir.

 

2005-ci ildə memoriala səfərində Vu müşahidə edib  ki, bəzi şagirdlər bələdçilərin tarixi hadisələrlə bağlı söylədikləri hekayələrlə maraqlanmırlar. Buna görə də Vu şagirdlər üçün memoriala təkrar ziyarət, öz gündəlik və hekayə ssenarisini  tərtib  edib. Gənc müəllim şagirdlərinə Çinin tarixi ənənələrini öyrənməyə və indiki xoşbəxt həyatlarını dəyərləndirməyə kömək etmək istəyirdi.

 

Vunun yetirmələri olan bir qrup şagird,  xüsusilə də onların yaşında olan digər ziyarətçi məktəblilər üçün  memorialda bələdçi kimi işləməyə başlayıblar.  Şagirdlərin parlaq hekayələri müxtəlif yaşlı ziyarətçilər, xüsusən də həmyaşıdları  tərəfindən  hərarətli alqışlar və yüksək rəğbətlə  qarşılanıb. 
   

Son 17 ildə Vu şagirdlərlə (bələdçilərlə) muzeylərə turların təşkili, uşaqlara yönəlmiş hekayə ssenarilərinin yazılması və Mandarin dialektində, Şanxay dialektində və ingilis dillərində yeni hekayə formalarının tədqiqi üzərində çalışıb.
    

Yeniyetmə hekayəçilər komandasının bir çox keçmiş üzvləri indi də bu cür fəaliyyətlərini davam etdirirlər, baxmayaraq ki, onların çoxu hazırda orta məktəblərdə və ya universitetlərdə oxuyur, hətta karyeralarını qurmağa başlayıblar.
   

Hazırda  orta məktəb şagirdi olan Hu Qicheng deyir ki, onu tez-tez küçədə saxlayıb deyirlər: "Səni xatırlayıram. Memorialda yeniyetmələr üçün hekayələr qrupunun üzvü idin".
 

Yeniyetmə hekayələr qrupunun digər keçmiş üzvü Xiao Lin xaricdə təhsil alır. O deyir ki, hələ də bütün rəvayət ssenarilərini oxuya bilir.

 

Vuya görə, uşaqların qəlbinə iman toxumu səpmək müəllimlərin müqəddəs missiyası və vəzifəsidir.

 

Sentimental təhsil

 

Vu və həmkarları 2004-cü ildə şagirdlərinə sentimental təhsil verməyə başladılar, çünki onlar fərdi xarakter və hisslərin hərtərəfli inkişafının gənc şagirdlər üçün həyati əhəmiyyət daşıdığına qətiyyətlə inanırlar.

 

Vu tərəfindən təklif olunan həftəlik kurs şagirdlər arasında populyarlaşdı, çünki kurs məktəbliləri pozitiv düşünməyə və şəxsi bacarıqlarını yaxşılaşdırmağa, habelə şəxsiyyətlərarası ünsiyyətdə öz səriştələrini təkmilləşdirməyə yönəltməkdə təsirli və faydalı idi.
Sonda Vu öz sentimental təhsilini mənəvi-əxlaqi əsaslar, intellektual və fiziki qabiliyyətlər, estetik həssaslıq və iş bacarıqları ilə birləşdirdi.
 

Vu son 18 il ərzində tələbələr və müəllimlər arasında sağlam əhval-ruhiyyənin və interaktiv ünsiyyətin inkişaf etdirilməsini vurğulayan kursu davam etdirdi.    Əslində Vu sentimental tərbiyəni sinif otağı ilə məhdudlaşdırmadı. Məsələn, o, şagirdləri salamlamaq üçün həmişə məktəbin girişində dayanır, şagirdlərə  yağışlı günlərdə insanların üzərinə çətirlərinin suyunu sıçratmamağı məsləhət görür.
 

Vu ümid edir ki, şagirdlər digər insanların hisslərinə hörmətlə yanaşmağı öyrənəcəklər.  Bundan əlavə, Vu şagirdlərini öz müəllimləri ilə gündəlik həyatda qarşılaşdıqları problemlər və çətinliklər barədə danışmağa təşviq edib.

 

Məktəbi məhəbbət, sevgi dolu ürəklə  idarə etmək və mehriban, xeyirxah  müəllim olmaq Vunun bir müəllim və direktor kimi ilkin, əzəli istəkləridir.
 

Onun ən böyük arzusu hər bir uşağın xoşbəxt böyüməsini, fiziki və ruhi sağlamlığını təmin etməkdir.

 

Təhsil islahatı üçün yorulmaz səylər

 

2009-cu ildə Vu ibtidai məktəbdə təhsilin informatlaşdırılmasını təşviq  etməyə başlayıb. Həmin dövrdə Vu tərəfindən  planşetlərin siniflərdə tətbiqi müəllimlər arasında qızğın mübahisələrə səbəb olub. Lakin o, öz addımında təkid edib və bildirib ki, informasiya texnologiyalarının tətbiqi müəllimlərə şagirdlərin fərdi ehtiyac və qabiliyyətlərini nəzərə alaraq təlim keçirməyə kömək edəcək.

 

Sonda Vu haqlı çıxdı və buna görə də onlayn siniflərin qəbulunda milli pioner oldu. O vaxtdan etibarən Vu bütün şagirdlərə uyğun yollarla təlim keçmək və şagirdlərin hərtərəfli inkişafına kömək etmək üçün ən yeni texnologiyalardan istifadə etmək məqsədilə informasiya texnologiyalarının və təhsilin dərin inteqrasiyasını öyrənməkdə davam edir.

 

Vu müasir texnologiyaların dəstəyi ilə məktəbdə şagirdlərin təhsil vəziyyətini yaxından izləyib və müəllimlərə dərslərin məzmununa və keçirilməsinə lazımi düzəlişlərin olunmasını tövsiyə edib.

 

Statistik məlumatlar göstərir ki,  1 nömrəli  ibtidai məktəbinin şagirdləri son onilliklər ərzində akademik yüklərinin daim azalması fonunda təhsildə ciddi  uğurlar qazanır  və  dərslərə böyük həvəs göstərirlər.
Bundan əlavə, Vu Şərqi Çin və ölkənin zəif inkişaf etmiş rayonları arasında təhsildəki boşluğu azaltmaq məqsədilə Sinxay, Şensi və Guizhou əyalətlərində 250-dən çox məktəbdə innovativ onlayn sinif rejiminin populyarlaşmasına kömək edib.
Vu deyir ki, güclü məsuliyyət hissi on illərdir, onun təhsilə sadiqliyini qoruyub saxlayıb.

 

Oruc MUSTAFAYEV