Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.
İyulun 16-dan start verilən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib.
Avqust ayının 1-də test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək, avqustun 3-dən etibarən isə vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçimi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini yükləyərək, vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda göstərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcəkdir.
Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti dərs ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.