1 nömrəli Bakı Tibb Kollecində 20 plan yeri ayrılıb
1 nömrəli Bakı Tibb Kollecinə gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, plan yerləri 2018/2019-cu tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecin “İdman və müalicə masajı” ixtisası üzrədir.
Bu, sağlamlıq imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədi daşıyır. Qeyd edək ki, plan yerlərinin ayrılmasına 2014/2015-ci tədris ilindən başlanılıb.
Həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər sənədlərini 2018-ci il avqustun 1-dən 14-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya DİM-in regional bölmələrinə təqdim etməlidirlər.
Onlardan tələb edilən sənədlər:
• Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış;
• yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086)
• “Abituriyentin elektron ərizəsi”.
Qeyd edək ki, cari ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2018-ci il 10 iyul tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.
Müsabiqədə ümumi balı 30-dan, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan (xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.