ADA Universiteti və Corc Vaşinqton Universiteti arasında beynəlxalq ikili diplom proqramına dair məlumat sessiyası keçirilib
Fevralın 22-də ADA Universiteti ilə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) arasında beynəlxalq ikili diplom proqramına dair məlumat sessiyası keçirilib.
Sessiyanın moderatoru Fəridə Qocayeva qeyd edib ki, ölkə başçısının 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünyanın bir sıra ali təhsil müəssisələri ilə ölkəmizin prioritet inkişaf istiqamətlərinə müvafiq olaraq ikili diplom proqramları həyata keçirilir. Onlardan biri də ADA Universiteti ilə Corc Vaşinqton Universiteti arasında magistratura səviyyəsində reallaşdırılan ikili diplom proqramıdır. Hazırda universitetlər arasında 2 ixtisas üzrə proqram həyata keçirilir. Onlardan biri kompüter elmləri və Data analitikası, ikincisi isə elektrik və elektroenergetika mühəndisliyidir.
2019-2023-cü illər üçün Dövlət Proqramı iştirakçıları ilə iş üzrə mütəxəssis Tərlan Abbasova Dövlət Proqramının əsas istiqamətləri və hazırda icra olunan proqramlar barədə məlumat verib. Proqramların üstünlüyündən danışarkən T.Abbasova qeyd edib ki, tələbələrimiz həm yerli ali məktəblərin, həm də xarici universitetlərin tədris metodları ilə tanış olurlar. Bundan əlavə tələbələrin təhsilin sonunda aldığı diplomlar xarici universitetin təcrübəsi əsasında və bilavasitə onların iştirakı ilə yazılır.
ADA Universitetinin magistrlərin qəbulu üzrə məsləhətçisi Leyla Əliyeva tərəfdaş universitetlər və ixtisas istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, əsası 1821-ci ildə qoyulmuş Corc Vaşinqton Universitetində hazırda 26 min tələbə təhsil alır. Universitetdə 2500 professor-nüəllim heyəti çalışır. Burada ölkənin 50 ştatından və 130 xarici ölkədən tələbələr təhsil alır. Hər il tədqiqatlar üçün ayrılan vəsaitlərin həcmi 172 milyon dollar təşkil edir.
ADA Universiteti ilə həyata keçirilən ikili diplom proqramının birinci istiqməti kompüter elmləri və Data analitikasıdır. Tələbələr iki ildə 2 diplom, 2 dərəcə ala biləcəklər. Kompüter elmləri üzrə magistr dərəcəsini tələbələr CVU-da, Data analitikası üzrə magistr dərəcəsi və diplomunu isə ADA Universitetindən alacaq. Tələbələr CVU-nun mühəndislik və tətbiqi elmlər fakültəsinin dünya səviyyəli laboratoriya və tədqiqat mərkəzlərindən faydalanmaq imkanı qazanırlar.
Proqram 2 ili (5 semestr) əhatə edir, payız və yaz semestrləri ADA Universitetində, yay və payız semestrləri isə CVU-da keçirilir, daha sonra isə tələbə məzun olmaq üçün buraxılış işini (final thesis) təqdim etməlidir.
Corc Vaşinqton Universiteti ilə həyata keçirilən ikili diplom proqramının ikinci istiqaməti elektrik və elektroenergetika mühəndisliyi ixtisasıdır, burada da tələbələr 2 diplom alacaqlar. Tələbələr elektrik mühəndisliyi üzrə magistr dərəcəsini CVU-dan, elektroenergetika mühəndisliyi izrə magistr dərəcəsini isə ADA Universitetindən alacaqlar. Bu proqramdan məzun olmaq üçün tələbələr dissertasiya işi yazmalı və ya kreditləri toplamaq üçün seçmə fənlər arasından onlara maraqlı olan sahələri seçib məzun ola bilərlər.
Bu proqramda dərslər yanvar ayında başlayır, 2 il (5 semestr) davam edir. Yaz və payız semestrləri və son semestr Bakıda onlayn keçirilir. Bu proqram hibrid formatda təşkil olunur. Tələbələr yaz və yay semestrlərini Corc Vaşinqton Universitetinin Vaşinqton kampusunda keçirirlər.
Hər iki proqramın maliyyələşdirilməsi 2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Kompüter elmləri və Data analitikası proqramında BP və tərəfdaşları tərəfindən də dəstək göstərilir. Hər iki proqramda təhsil haqları (hər iki universitetdə) ABŞ-a səfər və oradakı yaşayış xərclərini əhatə edir.
Qeyd olunub ki, ötən il kompüter elmləri və Data analitikası üzrə 20, elektrik və elektroenergetika mühəndisliyi ixtisası üzrə 15 tələbə proqrama qəbul olunub. 2022-ci ildə də hər iki istiqamət üzrə eyni sayda tələbə qəbulu həyata keçiriləcək.
Qəbul qaydalarına gəlincə, qeyd olunub ki, bakalavriat ixtisaslarının uyğunluğu, bu təhsil səviyyəsi üzrə biliklərin yüksək olması (78 faiz), DİM-in magistratura imtahanlarından minimum 45 bal toplanması mütləqdir. Namizədlərdən akademik ingilis dili bilikləri (IELTS Academic 7.0, TOEFL 100, Duolingo 120) tələb olunur. Elektrik və elektroenergetika mühəndisliyi ixtisasında isə tələbələrin akademik ingilis dili bilikləri (IELTS Academic 6.0, TOEFL 75, Duolingo 110) olarsa, onda onlara Vaşinqtonda texniki elmlər üzrə bir semestri əhatə edən pulsuz ingilis dili kursları təşkil olunur.
Aprel ayında tələbələr müəyyən müsahibə mərhələsindən keçəcəklər. Namizədlər aprelin 1-nə kimi onlayn ərizə ilə proqrama müraciət edə bilərlər. Tələbələr aprel ayı ərzində adıçəkilən prosedurlardan keçərək ADA Universitetindən müsbət cavab aldıqdan sonra artıq may ayının əvvəllərində Corc Vaşinqton Universitetinə müraciət edə bilərlər.
Oruc MUSTAFAYEV