Riyaziyyat və texniki ixtisaslarda təhsil alan tələbələr “Qış düşərgəsi”ndə bir araya gəldilər


Onlar tələbədirlər. Ayrı-ayrı ali məktəblərdə təhsil alsalar da seçdikləri ixtisas sahələri  eynidir. Və eyni ixtisas sahibləri olan gəncləri “Qış düşərgəsi” bir araya gətirib. Özü də Azərbaycanın səfalı guşələrindən birində -əsrarəngiz təbiətin qış rəngləri ilə əhatə olunmuş Qubada... 

 

Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutunun təşkilatçılığı ilə təşkil olunan “Qış düşərgəsi” sözün yaxşı mənasında gənclərimizə  maraqlı, xoş hisslərlə xatırlanacaq  unudulmayan tələbəlik həyatı yaşadıb. 

 

Düşərgənin rəhbəri olmuş Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov bizimlə söhbətində  belə bir tədbirin təşkilinin tələbələrimiz üçün ixtisas üzrə biliklərini artırmaqla, öyrənməklə yanaşı,  asudə vaxtlarının da daha səmərəli keçirmələri baxımından unikal bir fürsət  olduğunu deyir: “Düşərgə Təhsil İnstitutunun sırf riyaziyyat sahəsi üzrə ilk tədbiri idi. Cari ilin  5-13 fevral tarixlərini əhatə edən “Qış düşərgəsi”nin sakinləri  ali təhsil müəssisələrinin riyaziyyat, eləcə də texniki ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura səviyyəsi üzrə təhsil alanlar arasından seçilmişdi.

 

Düşərgədə iştirak etmək istəyən tələbələr https://anket.edu.az/link/174 linki vasitəsilə qeydiyyatdan keçərək ali riyaziyyat üzrə baza biliklərin yoxlanılması məqsədilə təşkil olunan test imtahanında iştirak ediblər. 6 ali təhsil müəssisəsinin uğur qazanan 23 tələbəsi  9 gün “Qış düşərgəsi”ndə  təcrübəli müəllimlərdən  öz ixtisasları üzrə biliklər əldə etməklə, tətbiq olunan yeniliklərlə tanış olmaqla yanaşı, eyni zamanda əyləncə dolu anlar yaşayıblar”. 

 

Düşərgə çərçivəsində reallaşdırılan tədbirlərə toxunan  Tural Alışov  gənclərimiz üçün təşkil olunan təlimlərdən də söz açdı. Təlimlər zamanı aparılan müxtəlif qiymətləndirmələrin, həmçinin sonda hər bir müəllimlə edilən müzakirələrin  nəticələrinə əsasən tələbələrin səviyyəsinin qənaətbəxş olmasını müsbət dəyərləndirdi: “Layihənin əsas məqsədlərindən biri tələbələr arasında canlanma yaratmaq, ali riyaziyyata marağı artırmaq idi”.

 

Şöbə müdirinin sözlərinə görə,  riyaziyyat sahəsi üzrə yüksək elmi biliklərə malik, analiz qabiliyyəti olan tələbələrin aşkar edilməsi, onlarla müxtəlif layihələrdə sıx əməkdaşlığın  qurulması gözləntilər sırasında olub: “Hesab edirik ki, “Qış düşərgəsi” Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə layihəsi olaraq tələbələr arasında canlanmaya səbəb olmaqla yanaşı, qoyulan hədəflərə çatmağımıza öz əhəmiyyətli təsirini göstərdi”.

 

Bəs görəsən “Qış düşərgəsi”nin  9 günlük sakini olan tələbələrimiz  Qubadan hansı təəssüratlara dönüblər? Həmsöhbətimiz olan gənclər düşərgədə keçirdikləri  günləri tələbəlik illərinin  ən maraqlı məqamları kimi yaddaşlarında qalacağını söyləyirlər.

 

Qarşıma qoyduğum məqsədimə doğru ilk addım

 

Nigar Adıgözəlova (Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin  III kurs tələbəsi):

 

- Kompüter elmləri ixtisası üzrə təhsil alıram. Tədris ingilis dilində aparılır. Universitetə daxil olduğum ilk illərdən tələbələrlə bağlı həyata keçirilən  müxtəlif  layihələrlə hər zaman maraqlanmışam və bəzilərində iştirak etmişəm. Bunların gələcəkdə  bir sıra uğurli nəticələr əldə etməyimdə əhəmiyyətli olacağına inanıram. Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutunun təşkilatçılığı ilə Quba rayonunda təşkil edilən “Qış düşərgəsi” layihəsini qarşıma qoyduğum məqsədimə doğru ilk addım hesab edirəm. Düşərgəyə qatılmaq üçün verdiyim test imtahanı  zamanı doğrusu bir qədər gərgin idim. Lakin sahəmlə bağlı olaraq riyazi savadıma güvənərək  imtahandan asanlıqla keçəcəyimə inandım və bacardım.

 

Onu da xüsusi qeyd edim ki, 9 gün davam edən düşəgədə  biz tələbələrin rahatlığı üçün hər cür şərait yaradılmışdı. Günün günduz saatlarında müxtəlif təlimlərdə iştirak edir, bununla da riyazi bilik və bacarıqlarımızın artmasına müvəffəq olurduq. Asudə vaxtlarımızda isə günümüzü  müxtəlif  intellektual oyun və əyləncələrlə keçirirdik.

 

Quba Soyqrımı Memorial Kompleksinə ziyarətimiz isə düşünürəm ki, hər birimizin yaddaşında  silinməz izlər qoydu. Orada öyrəndiyimiz tarixi  faktlar, erməni vəhşilikləri,  insanlara verilən dözülməz işgəncələr barədə aldığımız məlumatlar  bizi dəhşətə  gətirdi. Mən heç vaxt bu kompleksdə olmamışdım. “Qış düşərgəsi” mənim kimi bir çox gəncimizə həm də xalqımızın başına gətirilən faciələrlə bağlı acı həqiqətləri öyrənməyimizə fürsət  yaratdı.

 

  

“Düşərgə mənim üçün xoş xatirələrlə yadda qaldı”

 

Rüstəm Babazadə (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin IV kurs  tələbəsi):

 

- Kompüter elmləri ixtisası üzrə təhsil alıram. Düşərgə haqqında məlumatı izlədiyim teleqram kanallarından birində görmüşdüm. Riyaziyyat və texniki ixtisaslarda oxuyan tələbələr üçün həm fərdi inkişaf, həm də maraqlı istirahət imkanı olduğundan qərar verdim ki, mütləq bu layihədə iştirak  etməliyəm. Bu, mənim qatıldığım ilk düşərgə idi.

 

Həm gün ərzində müəllimlərin bizə öyrətdiyi məsələlərlə məşğul olur, həm də asudə vaxtımı maksimum dəyərləndirməyə çalışırdım. Özümlə götürdüyüm bədii kitabımı da boş vaxtlarımda oxuyurdum. Keçdiyimiz təlimlər kifayət qədər keyfiyyətli idi. Öz ixtisaslarını mükəmml bilən təcrübəli müəllimlər  bizə bu günlər ərzində nəzəri, eyni zamanda praktiki olaraq çox şey öyrətdilər.Təlimlərdən əzbərləyib yadda saxladığım bir çox riyazi teoremlərin dayandığı isbatları daha dərindən öyrənə bildim. Üstəlik, riyaziyyatın real həyatda - sənayedə, biznesdə, rəqəmsal texnologiyalarda tətbiqinə dair xeyli məlumat da əldə etdim.

 

Asudə vaxtlarımızda davamlı olaraq müxtəlif  idman oyunları ilə məşğul olurduq, həmçinin müxtəlif intellektual yarışlarda biliyimizi  sınayırdıq.

 

Düşərgə mənim üçün xoş xatirələrlə yadda qaldı. Riyaziyyat sahəsi ilə bağlı bir çox biliklər əldə etməklə yanaşı, gözəl dostlar qazandım. Məncə,  hər bir tələbə ən azı 1 dəfə də olsa, bu cür düşərgə təcrübəsindən yararlanmalıdır.

 

Dost mühiti, səmimi ortam

 

Günel  Qarayeva (Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbəsi): 

 

- SABAH qrupları riyaziyyat müəllimliyi ixtisası üzrə sonuncu kursdayam. Təhsil Nazirliyinin təşəbbüsü və Təhsil İnstitutunun təşkilatçılığı ilə təşkil olunan “Qış düşərgəsi”  haqqında elanı görəndə layihənin mütləq parçası olmalıyam, - deyə düşündüm və  tərəddüd etmədən qeydiyyatdan keçdim. Bu düşərgə vasitəsilə qazanılacaq yeni biliklər, sosial mühit sayəsində daha da inkişaf edəcəyimə inanırdım və təbii ki, elə düşündüyüm kimi oldu.

 

Təhsil aldığım müddətdə bir sıra layihələrdə iştirak etmişəm. Bu layihə isə sırf  ixtisasım üzrə  mənim üçün bir ilk idi. Burada digər universitetlərdə təhsil alan  tələbələrlə 9 gün birlikdə öyrəndik, dedik, güldük və ən əsası bir - həmrəy olduq.

 

9 günlük düşərgə həyatından danışmaqla bitməz. Əyləncəli tanışlıq, komanda oyunları ilə aramızda informasiya mübadiləsi, ən əsası təcrübəli müəllimlərin  maraqlı təlimləri vasitəsilə riyazi biliklərimizi daha da möhkəmləndirdik.Yeni və bilmədiyimiz  məlumatlar aldıq, təcrübələrə şahid olduq.  Quba STEAM  Mərkəzi ilə, buradakı müasir avadanlıqlar və şagirdlər tərəfindən hazırlanan texnologiyalarla tanışlıq şəxsən mənim, eləcə də tələbə dostlarım üçün bir yenilik idi. 3D printerlə işləmək fürsətimiz oldu. Düşünürəm ki, STEAM təhsili ilə yaxından tanış olmaq gələcək üçün bir perspektivdir.

 

Ali riyaziyyata bu düşərgə sayəsində daha fərqli baxış bucağından baxmağı və bir daha praktiki məsələlərin nəzəri biliklərdən üstün olduğunu öyrəndim.

 

Tələbə olaraq burada iştirak etmək ilk öncə  mənə bir dost mühiti, səmimi ortam qazandırdı və baxış bucağımı dəyişərək inkişaf etməyimə böyük təsiri oldu. Onu da özüm üçün bir daha müəyyənləşdirdim ki, həyatda uğur qazanmaq istəyən birinci növbədə özünə inanmalıdır.

 

Təhsillə bağlı keçirilən bütün layihələri dəstəkləyir və davamlı olmağını arzulayıram. Bu layihədə iştirak etdiyim üçün özümü çox şanslı hiss edir və əziyyəti keçən hər bir kəsə tələbələr adından təşəkkürümü bildirirəm.

 

Rəqabətli və maraqlı

 

Tofiq Orucov  (Bakı Dövlət Universitetinin Mexanika və riyaziyyat fakültəsinin III kurs tələbəsi): 

 

- İxtisas seçimim  riyaziyyat olduğundan  bu düşərgəyə qatılmağı  düşündüm.  Və ilk dəfə idi ki, belə bir layihədə iştirak edirdim. Düşərgədə olmaq mənim üçün  öyrənmək baxımından faydalı oldu. Təlimlərimiz çox maraqlı təşkil olunmuşdu. Müəllimlər sıxıcı  mühazirələr keçmirdilər, daha rəqabətli və maraqlı  öyrənmə mühiti  var idi.Yeni həll üsulları, isbatlar, riyaziyyatın tətbiq sahələri, 3D printer və işləmə mexanizmi və digər yeniliklər diqqətimi çəkdi, marağıma səbəb oldu.

 

Düşərgəyə qatıldığım üçün məmnunam. Düşərgə mənə yeni  dostlarla gözəl ünsiyyət, faydalı məlumatlar, təcrübə, riyaziyyatın müxtəlif sahələri üzrə biliklər, iş təklifləri və.s qazandırdı.

 

Fikrimcə, özünə və biliyinə güvənən istənilən tələbə belə düşərgələrə mütləq qatılmalıdır. Bu, həm də gənclərin həyatlarında  yeni bir səhifə aça bilmək qarantıdır.

 

Gözəl bir imkan...

 

Bəli, düşərgənin təşkilində məqsəd tələbələr arasında ali riyaziyyat sahəsinə olan marağın artırılması, riyaziyyatın yeni texnologiyalar və süni intellekt sahəsində tətbiqi dairəsinə dair məlumatların verilməsi və qış tətili dövründə riyazi biliklərinin gücləndirilməsi idi ki, bizcə də təşkilatçılar sonda buna nail olmağı bacardı. “Qış düşərgəsi” öyrənmək, məlumatlanmaq, özünü tanıtmaq, potensialını üzə çıxarmaq üçün tələbələrə  gözəl imkanlar verdi. Və bu imkanlar, yaradılan şərait gənclərin ürəyincədir.

 

Samirə KƏRİMOVA