İyulun 16-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçirilir. İmtahanlara qatılmaq üçün 50 mindən artıq şəxs müraciət edib. Onlardan 46839 namizədin ərizəsi təsdiq edilib və test imtahanlarına dəvət olunub. Hər gün təxminən 4 min nəfərə yaxın namizəd test imtahan mərhələsində iştirak edir.

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan resursları mərkəzinin müdir əvəzi Murad Camalzadənin “Azərbaycan müəllimi” qəzetinə verdiyi məlumata görə, indiyədək 27519 nəfər test mərhələsindən keçib.

 

İmtahanlara ibtidai sinif müəllimliyinə iddialılarla start verilib. İngilis dili, riyaziyyat, informatika, təsviri incəsənət, Azərbaycan dili və ədəbiyyat, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə imtahanlar artıq başa çatıb.

 

İndiyədək yalnız bir nəfər ən yüksək - 60 bal toplayıb. O, iyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə imtahan verən Göyçay rayonunun Cəyirli kənd sakini Fidan Hacıyeva olub. Ucar rayonunun Boyat kəndində daimi əsaslarla müəllim işləyən F.Hacıyeva müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə yerdəyişmə imkanı qazanmaq üçün baş vurub.

 

İyulun 25-də isə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə növbəti infotur təşkil edilib. Tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Bəhram Bağırzadə, əvvəlki illərdə müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən, hazırda isə ölkəmizin müxtəlif bölgələrində çalışan gənc müəllimlər iştirak edib. Qonaqlar Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən imtahanın gedişini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub və proseslə bağlı fikir mübadiləsi aparıblar.

 

Xatırladaq ki, ilk mediatur ibtidai sinif müəllimlərinin imtahanına təşkil edilib.

 

İyulun 27-də isə tarix və kimya üzrə imtahanlar keçiriləcək. Fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları təşkil ediləcək. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq.

 

Qeyd edək ki, imtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilir.

 

Müəllimlərin işə qəbul imtahanlarının test mərhələsi gələn həftə başa çatacaq. Bundan sonra isə vakansiya seçimi mərhələsi olacaq. Həmin mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

 

Builki müsabiqəyə 7000-dən artıq vakant yer çıxarılıb. Bütün fənlər üzrə vakansiya var. İxtisaslı kadrlara ən böyük ehtiyac isə rus bölməsindədir.

 

Test imtahan mərhələsindən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.