İyulun 25-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksinə infotur təşkil edilib.
Tədbirdə xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti Nürəddin Mehdixanlı, müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən, hazırda ölkəmizin müxtəlif bölgələrində çalışan gənc müəllimlər iştirak edib.
Qonaqlar Azərbaycan dili və ədəbiyyat üzrə keçirilən imtahanın gedişini yaxından izləyib, namizədlər üçün yaradılan şəraitlə tanış olub və proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, iyulun 25-də start verilən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanlarında 3520 namizədin iştirakı nəzərdə tutulur. Bu fənn üzrə imtahanlar iyulun 26-dək davam edəcək.
İmtahanlarda namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.