Orta balları 597 olan 462 abituriyent imtahanda iştirak edib


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanları baş tutub. UFAZ-a qəbul imtahanı üçün onlayn qeydiyyatdan keçmiş 523 abituriyentdən.  462 nəfəri  imtahanda iştirak edib. Onların orta balı 597 təşkil edib. 262 abituriyentin balı 600-dən yüksəkdir.

 

UFAZ-da hər bir ixtisas üzrə 120 dövlət sifarişli və 40 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin təhsil alması nəzərdə tutulur.

 

Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, UFAZ-ın baş katibi Şarlotta Payen,  elm üzrə eksperti Pierre Collet,  “Kompüter elmləri” ixtisasının proqram direktoru Ann Janin Jirardon imtahan prosesinin müşahidə ediblər. ADNSU-nun rektoru, professor M.Babanlı UFAZ-a qəbul imtahanına hazırlıq prosesi ilə bağlı Təhsil nazirinin müavini Firudin Qurbanova və digər qonaqlara məlumat verib. Daha sonra Təhsil Nazirliyinin nümayəndələri imtahanların gedişi və abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar.

 

KİV nümayəndələri üçün keçirilmiş brifinqdə ADNSU-nun rektoru M.Babanlı əvvəlki illərlə müqayisədə UFAZ-a marağın artdığını və cari ildə buraya qəbul üçün rekord sayda abituriyentin müraciət ediyini qeyd edərək bunun Təhsil Nazirliyinin ölkədə ali təhsil sahəsində apardığı işlərin sayəsində mümkün olduğunu vurğulayıb.

 

Rektor imtahanın gedişi ərzində abituriyentlərin valideynləri ilə görüşərək onların suallarını cavablandırıb.

 

İmtahan  saat 10.00-dan 12.00-dək davam edib.  Abituriyentlər ümumi təhsil pilləsindəki tədris dillərinə uyğun (Azərbaycan və ya rus) riyaziyyat, kimya, fizika və ümumi biliklər bloku üzrə hər birindən on test sualını cavablandırıb və ingilis dilində qrammatik çalışma və esse yazıblar.

 

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin adları Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olunmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər. UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər. İmtahan nəticələri iyulun 27-də elan olunacaq. Nəticələrdən qane olmayan abituriyentlər üçün iyulun 28-də appelyasiyaya müraciət etmək imkanı yaradılacaq.

 

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə - geofizika mühəndisliyi, kimya mühəndisliyi, kompüter elmləri, neft-qaz mühəndisliyi ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) əldə edəcəklər.

 

UFAZ-da bütün ixtisaslar üzrə tədris bir il hazırlıq və 3 il əsas tədris olmaqla 4 il ərzində aparılır. Təhsil ingilis dilindədir. Eyni zamanda hazırlıq ilindən başlayaraq tələbələr fransız dilini də öyrənirlər. Tədris fransız proqramı əsasında aparılır.