Medal qazanan məktəblilərimizin uğur hekayələri
Son illər Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlar, qazanılan medallar bu istiqamətdə sistemli və məqsədyönlü işlərin nəticəsidir. Məktəblilərimizin iştirak etdiyi müsabiqələrdən biri də bu günlərdə keçirilib. Belə ki, Təhsil Nazirliyinin və Təhsil İnstitutunun təşkilatçılığı ilə 20-25 dekabr 2021-ci il tarixlərində riyaziyyat və informatika fənləri üzrə onlayn formatda Lütfi Zadə adına Beynəlxalq Olimpiadası baş tutub. Qeyd edək ki, olimpiadaya 18 ölkədən 158 məktəbli qatılıb. Olimpiada iştirakçıları informatika fənni üzrə 7 qızıl, 16 gümüş, 23 bürünc, riyaziyyat fənni üzrə isə 5 qızıl, 12 gümüş, 17 bürünc medal qazanıb. Bu olimpiada da Azərbaycan məktəbliləri üçün də uğurlu olub. Şagirdlərimiz riyaziyyat fənni üzrə 3 qızıl, 2 gümüş, 1 bürünc, informatika fənni üzrə isə 4 bürünc medal əldə edib. Fürsətdən istifadə edib olimpiadada uğur qazanan şagirdlərimizlə söhbətləşdik. Onların müsabiqə ilə bağlı təəssüratlarını öyrəndik.
“Biz olimpadada böyük biliklər əldə edir, təcrübəmizi artırırıq”
Bakıdakı 72 nömrəli liseyin XI sinif şagirdi, olimpiadanın riyaziyyat üzrə bürünc medalçısı Cavad İsmayılzadə ölkəmizdə və beynəlxalq arenada keçirilən bir neçə müsabiqənin qalibidir. O, VIII sinifdən riyaziyyat olimpiadalarına hazırlaşdığını deyir. “Riyaziyyat olimpiadaları məktəb kurikulumundakı riyaziyyatdan fərqlidir. Olimpiadalarda mövzular daha geniş və əhatəli olur. Müsabiqələrə hazırlaşarkən günümün 8-10 saatını sərf edirəm. Uğurumun sirri də məhz çox çalışmağımdadır. Beynəlxalq olimpiadalara hər ölkədən təxminən 6 nəfər seçilir. Bu, çox çətin bir prosesdir. Hərdən cəhdlərimiz uğursuz da alına bilər. Lakin düşünürəm ki, ruhdan düşmək lazım deyil. Axı, olimpiada təkcə medaldan ibarət deyil. Biz olimpiadada həmçinin böyük biliklər əldə edir, təcrübəmizi artırırıq. Bu olimpiadada qazandığım uğur müəllimlərimlə birgə böyük əziyyətimizin nəticəsidir. Fürsətdən istifadə edib bizə bu şəraiti yaradan Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm”.
“Olimpiadanın ölkəmizdə təşkil olunması bizə əlavə stimul verirdi”
Olimpiadanın gümüş medalçısı Cəlil Hüseynov da öz fikirlərini bizimlə bölüşüb. O, Bakıdakı Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdidir: “Aşağı siniflərdə oxuyarkən bir neçə müsabiqənin, eləcə də məktəblilərarası 4-cü fənn müsabiqələrinin qalibi (qızıl medal) olmuşam. 7-ci sinifdən Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzində təşkil olunmuş dərslərdə iştirak edirəm. 2020-ci ildə Respublika Fənn Olimpiadası və Yeniyetmələrin Balkan riyaziyyat olimpiadasında (JBMO) bürünc medal qazanmışam. 2021-ci ildə isə Qafqaz riyaziyyat olimpiadası, Respublika Fənn olimpiadası və Yeniyetmələrin Balkan riyaziyyat olimpiadasında (JBMO) qızıl medal qazanmışam.
Bu il ölkəmizdə ilk dəfə keçirilən Lütfi Zadə adına Beynəlxalq riyaziyyat və informatika olimpiadasında gümüş medala layiq görüldüm. Olimpiada pandemiya şəraiti ilə əlaqədar olaraq online keçirildi. Olimpiadanın çox şəffaf keçirildiyini düşünürəm. Olimpiadanın ölkəmizdə təşkil olunması bizə əlavə stimul verirdi. Bu olimpiadada daha yaxşı nəticə göstərmək istəyi yaradırdı. Olimpiadada gümüş medal aldığım üçün çox sevindim, amma qızıl medalı cəmi 2 balla qaçırmağım bir az təəssüfedici oldu. Olimpiadaların təşkilində bizə daim dəstək olan Təhsil Nazirliyinə, dəyərli müəllimlərimizə təşəkkürümü bildirirəm.
“Biz təkcə özümüzü, məktəbimizi deyil, ən əsası ölkəmizi təmsil edirik”
2 nömrəli texniki-humanitar liseyinin şagirdi Elçin Musazadə də uğur qazanan məktəblilərimizdəndir. Elçin olimpiadanın informatika üzrə qızıl medalçısıdır. O, bu günə qədər müxtəlif beynəlxalq olimpiadaların iştirakçısı olduğunu, bu müsabiqələrdə uğur qazandığını bildirir: “Olimpiadada iştirak etmək çox məsuliyyətlidir. Biz təkcə özümüzü, məktəbimizi deyil, ən əsası ölkəmizi təmsil edirik. Bunun məsiliyyətini dərk edərək var gücümlə olimpiadalara hazırlaşıram. Günümün böyük bir hissəsini olimpiadalara hazırlığa sərf edirəm. Olimpiadalara hazırlıq mərkəzində bizim üçün hər cür şərait yaradılıb. Peşəkar müəllimlərimiz bizi çox düzgün istiqamətləndirir. Şükürlər olsun ki, zəhmətimiz boşa getmir. Azərbaycanımızın dəyəri hesab etdiyim, Lütfi Zadənin adını daşıyan olimpiadada uğur qazanmaq mənim üçün ikiqat sevincdir. Əslində medal daha çox oxumaq üçün həvəsləndirici bir amildir. Amma bundan zövq almaq daha maraqlıdır”.
“Uğurlarımın davamlı olması üçün çox çalışıram”
İnformatika üzrə medalçı Fidan Huseynova Gəncə şəhər 4 nömrəli tam orta məktəbin şagirdidir. O, 2019-cu ildə fizika fənni üzrə Təhsil Nazirliyinin təşkil etdiyi fənn olimpiadasında yüksək nəticə göstərdiyi üçün beynəlxalq müsabiqələrdə iştirak etmək hüququ qazandığını deyir: “İlk beynəlxalq təcrübəmə eJOI 2020 ilə başladım. 2020-2021-ci tədris ilində pandemiyaya görə bir çox məhdudiyyətlər olsa da, Respublika fənn olimpiadaları çox yüksək səviyyədə təşkil olundu və mən 9-cu sinifdə 2-ci qızıl medalımı aldım. Beynəlxalq səviyyədə ilk uğurumu bu il XIII Beynəlxalq payız turnamentində (IATI) gümüş medal qazanaraq əldə etdim. Təhsil Nazirliyinin təşkil etdiyi, görkəmli alim Lutfi Zadənin adına keçirilən beynəlxalq olimpiadada əldə etdiyim bürünc medal beynəlxalq səviyyədə növbəti uğurumdur. Hazırda, yanvar ayının əvvəlində keçiriləcək beynəlxalq Jautikov olimpiadasına hazırlaşıram. Uğurlarımın davamlı olması üçün çox çalışıram. Əldə etdiyim uğurlarımda bütün müəllimlərimin böyük əməyi var. İnformatika elmində əldə etdiyim biliklərə görə müəllimlərim Rəşad Məmmədov və Rəhim Məmmədliyə borcluyam.
Niyazi RƏHİMOV