“Harada olsam, sevə-sevə müəllimlik edəcəyəm”
İyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə imtahan verən namizədlərdən biri yüksək nəticə göstərib. Belə ki, imtahanda iştirak edən Göyçay rayonunun Cəyirli kənd sakini Fidan Hacıyeva ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb: “Diaqnostik qiymətləndirmədə 54 bal toplamışdım. Müəllimlərin işə qəbulu imtahanlarında ondan daha yüksək olacağına şübhə etmirdim. Ancaq bu imtahanlarda ilk ən yüksək bal toplayan olacağım ağlıma gəlməzdi. Hazırlaşanda da yalnız məntiq və metodikaya vaxt ayırmışdım”.
O, ixtisası ilə bağlı hər hansı sualın qarşısında aciz qalacağını düşünmür. Çünki riyaziyyatı müəllimlikdən əvvəl sevib: “Riyaziyyatı hər zaman çox sevmişəm. Ali məktəbə getmək vaxtı çatanda ixtisas olaraq heç tərəddüd etmədən riyaziyyat müəllimliyini seçdim. Ancaq müəllimliyə olan sevgim işləməyə başladıqdan sonra yaranıb. Xüsusən, Boyat kəndində şagirdlərimin və kənd camaatının sevgisi, qayğısı, diqqəti müəllimliyə olan həvəsimi daha da artırdı. Hər gün çiçəklə qarşılanmaq, sevildiyini bilmək gözəl hissdir”.
F.Hacıyeva Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsini Riyaziyyat ixtisası üzrə bitirib. 2010-cu il məzunudur. Hazırda Ucarın Boyat kənd tam orta məktəbində müddətsiz müqavilə ilə işləyir. Kəndi də, şagirdlərini də çox sevir: “Məktəbin kollektivi də çox yaxşıdır. Orada işləməkdən çox məmnunam. Üstəlik, həvəsləndirmə tədbirləri tətbiq edilən yerlər siyahısındadır. Ancaq Göyçayda işləmək istəyirəm”.
Bu istək onu müəllimlərin işə qəbulu imtahanlarına gətirib. Özü də tək gəlməyib. Qızı və həyat yoldaşı da burada onunla birlikdədirlər. Ucardan getmək istəməyinin səbəbi də elə onlardır: “Göyçayda yaşayıram. Yoldaşım da orada işləyir. Həyat yoldaşım harada, mən də orada. O, mühasib vəzifəsində çalışır. Gələcəkdə iş yerini başqa yerə dəyişəcəksə, mən də dəyişməli olacağam. Hələlik Göyçayda işləmək istəyirəm”.
F.Hacıyevanın sözlərinə görə, gedib-gəlmək də problemlidir: “Artıq 2 ildir ki, yola çox vaxt sərf edirəm. Müəllim işlədiyim kənd Ucarın mərkəzindən 21 km uzaqlıqda yerləşir. Hər gün 8.30-da məktəbdə ola bilmək üçün 7.15-də evdən çıxıram. 3 nəqliyyat vasitəsi dəyişirəm. Hər gün təqribən 50 kilometrə yaxın yol gedirəm. Cəyirli kəndindən Göyçay rayon mərkəzinə, oradan Ucarın mərkəzinə, daha sonra isə Boyat kəndinə gedən marşurutdan istifadə edirəm”.
F.Hacıyeva vakansiya mərhələsində Göyçayda yerləşən məktəblərdən birini seçəcək: “Göyçayda hansı məktəb olmasının fərqi yoxdur. Yaşadığım Cəyirli kəndində riyaziyyat müəllimləri var. Odur ki, rayonun başqa məktəblərindəki vakansiyalardan seçəcəyəm. Seçim apararkən məktəbin yaxınlığına, yaxud həmin məktəbə gediş-gəlişin rahatlığına fikir verəcəyəm”.
Ümumilikdə 8 illik müəllimlik təcrübəsi olan F.Hacıyeva deyir ki, peşəsini yerinə yetirərkən əvvəllər çətinlikləri olsa da, artıq hamısı geridə qalıb. İstənilən yerdə və istənilən şəraitdə peşə borcunu yerinə yetirməyə hazırdır. Ancaq indi düşünməli olduğu bir balaca qızı var: “İndiyədək heç bir çətinlik gözümə görünməyib. Hər gün o qədər məsafə qət edib işə gedib-gəlməkdən nə yorulmuşam, nə də bezmişəm. Ancaq 6 yaşında olan qızımı da düşünməliyəm. Müəllimliklə yanaşı, analıq vəzifələrim də var. Hər iki vəzifəmin öhdəsindən layiqincə gələ bilməyim üçün iş yerimi dəyişsəm də, uşaqlara və peşəmə olan sevgim dəyişmir. Harada olsam, sevə-sevə müəllimlik edəcəyəm”.
* * * * * * * * * *
İyulun 23-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində riyaziyyat fənni üzrə imtahan verən namizədlərdən biri yüksək nəticə göstərib. Belə ki, imtahanda iştirak edən Göyçay rayonunun Cəyirli kənd sakini Fidan Hacıyeva ona təqdim olunan bütün sualları düzgün cavablandıraraq 60 bal toplayıb.
Qeyd edək ki, müəllimlərin işə qəbul imtahanları ötən həftə, iyulun 16-dan start götürüb. İmtahanlara ibtidai sinif müəllimliyinə iddialılarla start verilib. İyulun 19-dan isə ingilis dili müəlimi olmaq istəyənlər öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Xatırladaq ki, ötən həftə ərzində imtahan verən namizədlər arasında ən yüksək bal 59 olaraq qeydə alınıb.
Bu gündən isə riyaziyyat müəlimi olmaq istəyənlər imtahan verir. İmtahanda 3524 namizədin iştirakı nəzərdə tutulur. Riyaziyyatçıların imtahanı sabah da davam edəcək.
Sonrakı gün informatika və təsviri incəsənət üzrə müəllim olmaq istəyənlər sınaqdan keçəcək. Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.
Ruhiyyə Daşsalahlı