"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində "Təhsil avtobusu - 2018" yay məktəbinin növbəti tədbiri Şəmkir şəhərində keçirilib.
Açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən "ENGİN" şirkətinin, “Kapital Bank”ın Şəmkir filialının, “Ekspo 2025 Bakı” layihəsinin, Zəka Gənclər Mərkəzinin, rayonun Qaranüy modul tipli məktəbinin və digər məktəblərin şagirdləri iştirak ediblər.
Yay məktəbində "Mənim uğurlu karyeram", “Kommunikasiya”, “Robotlarla iş", "Sığorta” və "Nə? Harada? Nə zaman?" intellektual oyunu keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlər sertifikatla təltif olunublar.
Bildirilib ki, "Təhsil avtobusu - 2018" yay məktəbinin məqsədi bölgələrdəki modul tipli, eləcə də digər məktəblərin şagirdlərinin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, onların dərsə marağının artımasına şərait yaratmaqdır.
İyulun 23-dək davam edən "Təhsil avtobusu - 2018" yay məktəbi Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək. Yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsindəki ümumtəhsil məktəblərinin akademik göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçiriləcək fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edəcək.
Növbəti yay məktəbi Şəki şəhərində keçiriləcək.
Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin” LTD MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, “SABAH” qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.