“Təhsil avtobusu-2018” yay məktəbi ölkənin 5 bölgəsini əhatə edir
Artıq tədris ili başa çatıb. Şagirdlər yay tətilinə buraxılıblar. Kimisi valideynləri ilə bölgələrə gedir, kimisi xarici ölkələrə istirahətə yollanır, bəziləri isə heç hara getməyərək, tətilini elə öz yaşadığı yerdə keçirir. “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində start verilən “Təhsil avtobusu” yay məktəbi ənənəsinə sadiq qalaraq məhz sonuncu qeyd etdiyimiz məktəblilərin qonağı olmaq üçün regionlara üz tutub. Özü də budəfəki missiyası ümumi təhsil müəssisələrinin göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdləri ilə təlim keçmək, bir gün olsa belə, onların istirahətinin şən və mənalı təşkilini təmin etməkdir.
“Layihənin budəfəki özəlliklərindən biri “Təhsil avtobusu-2018”-in bölgələrdə ən ucqar kəndlərdə fəaliyyət göstərən modul tipli məktəblərin şagirdlərinin də qonağı olmasıdır”. Bu sözləri təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində start verilən yay məktəbi ilə bağlı keçirilən tədbirdə deyib. İnsan kapitalının formalaşmasında təhsilin xüsusi rolundan danışan nazir müavini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ölkəmizdə uğurla icra olunduğunu qeyd edib.
Təhsil Nazirliyinin şagirdlərin keyfiyyətli təhsil alması ilə yanaşı, onların məktəbdənkənar fəaliyyətinə də ciddi diqqət yetirdiyini söyləyən Firudin Qurbanov son illər bu istiqamətdə görülən işlərdən danışıb: “Məktəbdənkənar fəaliyyət uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişlidir. Onların dünyagörüşünün genişləndirilməsi, dövlətçiliyə sədaqət, vətənpərvər, milli-mənəvi dəyərlərimizə dərin hörmət və ehtiram ruhunda tərbiyə olunmaları, məktəblilərin mənəvi, fiziki, estetik tərbiyəsinin, bədii yaradıcılıq qabiliyyətlərinin istiqamətləndirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görülür, bununla bağlı bir çox tədbir həyata keçirilir, layihələr reallaşdırılır. “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində start verilən yay məktəbi də məhz son illərin təhsilə yönəlik, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən ən uğurlu layihələrimizdən biridir”.
Proqramın əsas məqsədinə toxunan nazir müavini bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılması bu layihənin əsas məramıdır. F.Qurbanov layihənin ümumi təhsil müəssisələrinin göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, eləcə də dünyagörüşünün formalaşmasına təsir edəcəyini, onların dərslərə olan maraqlarının artmasına şərait yaradacağını vurğulayıb. O da diqqətə çatdırılıb ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun həyata keçirilən bu layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Qeyd olunub ki, iyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlərin şəxsi-inkişaf təlimlərində, intellektual yarışlarda iştirakı təmin olunacaq.
Tədbirdə iştirak edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son illər Təhsil Nazirliyinin həyata keçirdiyi işlərdən razılıq hissi ilə danışaraq, bu tip layihələrin gələcəkdə daha da genişləndirilməsini tövsiyə edib.
Müxtəlif şəhər və rayonları əhatə edən təhsil marafonu
“Təhsil avtobusu” yay məktəbi “Azərbaycan üçün öyrət” proqramı çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə təhsilalanların tədris imkanlarının, bilik və dünyagörüşünün artırılmasıdır.
Proqram yeniyetmə və gənclərə dərsdən əlavə bilik və bacarıqlar əldə etməyə, maraqlı mövzuların interaktiv tədrisi ilə onların dünyagörüşlərini genişləndirmək, öyrənməyə olan maraq və həvəsini artırmaq, bilik və bacarıqlar verməklə karyera inkişaflarına təsir etmək imkanları yaradır. Yay məktəbi zamanı təlimçi və ekspertlərdən ibarət peşəkar komanda “Təhsil avtobusu”nda Azərbaycanın müxtəlif bölgələrinə səyahət edir.
2016-2017-ci illərdə “Təhsil avtobusu” yay məktəbi çərçivəsində 16 gün ərzində 4000 km yol qət edilib. Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi təlimlərə cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.
İlk ünvan Quba, son dayanacaq isə Qəbələ
İyulun 17-də start götürən “Təhsil avtobusu-2018”-in ilk ünvanı Quba rayonu olub. Bununla bağlı keçirilən açılış mərasimində layihənin təşkilatçı şirkətlərindən “Engin LTD” MMC-nin, “Kapital Bank”ın Quba filialının, “Ekspo 2025 Bakı” layihəsinin və Quba Rayon Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər. Tədbirdə yay məktəbinin təşkili təqdir olunub, onun ümumi təhsil müəssisələri şagirdlərinin inkişafına, dünyagörüşünün artmasına müsbət təsir edəcəyi vurğulanıb.
Rayonun Kürkün, İsnov, Püstəqasım, Ərməki, Çartəpə, Qaraçay, Xucbala, Rustov, Amsar kənd və 2 nömrəli şəhər məktəblərinin şagirdləri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən fərdi inkişaf təlimlərində və intellektual yarışlarda iştirak ediblər. Yeniyetmələrlə “Mənim uğurlu karyeram”, “Kommunikasiya”, “Robotlarla iş”, “Sığorta” mövzularında təlimlər, həmçinin “Nə? Harada? Nə zaman?” və digər səpgidə müxtəlif intellektual oyunlar keçirilib.
Sonda iştirakçılara sertifikatlar və hədiyyələr təqdim edilib.
İyulun 19-da “Təhsil avtobusu - 2018” Masallı məktəblilərinin qonağı olub.
Burada da sözügedən təlimlər keçirilib. Rayon mərkəzindən və ucqar kəndlərdən tədbirə qatılan şagirdlər maraqlı və xoş bir gün yaşayıblar.
Qeyd edək ki, iyulun 21-i Şəmkirdə, 22-si Şəkidə olacaq “Təhsil avtobusu - 2018”-in son dayanacağı Qəbələdir. Bu bölgələrdə yaşayan şagirdlər üçün də proqrama müvafiq olaraq təlimlər, onların hərtərəfli inkişafına xidmət edən söhbətlər aparılacaq, intellektual-əyləncəli oyunlar keçiriləcək. Həmin bölgələrin ən ucqar kəndlərində fəaliyyət göstərən modul məktəblərin şagirdlərinin də bu təlimlərə cəlb olunması, onların bilik və bacarıq səviyyələrinin yüksəldilməsi, vaxtlarının səmərəli keçirilməsi builki yay məktəbinin qarşıya qoyduğu əsas hədəflərdəndir.
5 gün müddətində davam edən yay məktəbində bütövlükdə 140-a yaxın şagirdin iştirakı nəzərdə tutulub.
Bu xeyirxah missiyaya dəstək verənlər
2016-cı ildən Təhsil Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılan bu xeyirxah missiyanın həyata keçirilməsinə elə ilk günlərdən dəstək verənlər oldu və sonradan buna qoşulan qurumların sayı artmağa başladı.
Təhsil marafonunun start tədbirində onların da nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, “Kapital Bank”ın Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva, “Engin LTD” MMC-nin nümayəndəsi Nərmin Qəhrəmansoy təmsil etdikləri qurumların belə bir layihənin həyata keçirilməsinə dəstək olmalarından məmnunluq duyduqlarını, Təhsil Nazirliyi ilə əməkdaşlıqlarını bundan sonra da davam etdirəcəklərini bildiriblər.
Partnyorlar belə bir layihənin arxasında xoş bir niyyətin dayandığını görərək, ona böyük məmnuniyyətlə qoşulublar.
Məlumat üçün bildirək ki, builki yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, “Engin LTD” MMC, “Kapital Bank”, “Ekspo 2025 Bakı” layihəsinin əsas dəstəyi, “Bakcell”, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi, “1news.az”, “Azərbaycan İntellektual Klublar Assosiasiyası”, “ARB TV”, “ASAN xidmət”, “Bir” Tələbə-Könüllü proqramı, “Code Tusi”, “Edumap” Təhsil portal, “Edutainment.az”, “Engineering For Kids”, SABAH qrupları, “Şərq-Qərb” ASC, “Təhsil TV” və “Youth Inc.” Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.
Layihənin rəsmi informasiya dəstəkçiləri isə “1news.az”, “ARB TV” və “Təhsil TV”-dir.
Samirə KƏRİMOVA