Hazırlanacaq dərsliklər əcnəbilərdə Azərbaycan dilində ilkin bilgilər yaratmağa hədəflənib


Prezident İlham Əliyev “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb. Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə imzalanan sərəncama əsasən, müxtəlif qurumlara ayrı-ayrı tapşırıqlar verilib. Belə ki, Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb, Nazirlər Kabinetinə təqdim edəcək. Nazirlər Kabinetinə isə tapşırılıb ki, bu sərəncamın 1-ci hissəsinə əsasən təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirsin. Nazirlər Kabineti “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti, maliyyələşmə mənbələri və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq ölkə Prezidentinə təqdim etməlidir.

 

Zərurət yarandığı təqdirdə, Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanlarının da bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunmasını təmin etmək Nazirlər Kabinetinə həvalə edilib.

 

Müstəqilliyin ilk illərindən formalaşan hüquqi zəmin

 

Avqustun 1-dən qüvvəyə minəcək bu sərəncam Azərbaycan dilinin təbliği istiqamətində həyata keçirilən siyasətin davamıdır. Ümumiyyətlə, heç kəsə sirr deyil ki, ölkədə dil siyasətinin formalaşdırılması, ana dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilməklə, həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəlməsi Azərbaycan dövlətinin prioritetlərindəndir. Hələ 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub. O gündən etibarən həyata keçirilən məqsədyönlü siyasət ölkədə Azərbaycan dilinin  möhkəmlənməsinə xidmət edib. Azərbaycan Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları ilə dilimizin təbliğinin əsası qoyulub. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunu və dil siyasəti sahəsində digər normativ hüquqi aktlar, həmçinin tədbirlər nəinki Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini düzgün müəyyən edib, həm də dilimizin təbliğinin zəruriliyini ortaya qoyub.

 

Azərbaycan dilinin təbliği zərurətə çevrilir

 

Bunun nəticəsidir ki, Azərbaycan dilinin istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

 

Azərbaycanda hər il yüzlərlə əcnəbi təhsil alır. Ölkəmizi əcnəbi tələbələrə daha yaxından tanıtmaq, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdırmaq və ölkəmizlə mənəvi bağlarını daha da möhkəmlətmək üçün əcnəbilərin, o cümlədən ölkəmizdə təhsil alan xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsinə imkan yaradılması əhəmiyyətli məsələlərdən biridir.

 

Odur ki, ölkə Prezidenti müstəqil dövlətçiliyimizin əsas atributlarından biri olan Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə belə bir qərara imza atıb.

 

Dilçilər işə başlayıb

 

Məlumdur ki, bu qərarın yerinə yetirilməsində əsas ağırlıq dilçilərin üzərinə düşəcək. Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə Prezidentinin sərəncamını zamanın tələbindən irəli gələn qərar hesab edir. Onun sözlərinə görə, elektron məkanın əhatə dairəsi daha geniş olduğundan Azərbaycan dilinin öyrənilməsi daha kütləvi olacaq: “Azərbaycan dili müstəqil dildir. Onun təbliği çox önəmlidir. Xüsusən, əcnəbilər arasında dilin təbliğinin təşkili çox əhəmiyyətlidir. Müşahidələr göstərir ki, ölkəmizdə yaşayan, təhsil alan və işləyən əcnəbilər üçün dilimizi öyrənmək zərurəti yaranmır. Şəhərdə hara baxsanız - reklamlar, afişalar, menyular əcnəbi dillərdədir. Bu da ölkədə dövlət dilinə münasibəti dəyişir. Odur ki, ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı yerinə düşür. Təbii ki, biz də Dilçilik İnstitutu olaraq sərəncamdan irəli gələn məsələləri yerinə yetirəcəyik”.

 

Bəs, sərəncamdan irəli gələn məsələlər nədən ibarət olacaq? B.Məhərrəmlinin sözlərinə görə, əcnəbilər üçün Azərbaycan dili ilə bağlı elektron dərsliklərin hazırlanması nəzərdə tutulur: “Həmin dərsliklər yüksək səviyyədə hazırlanmalıdır. Virtual dərslik olmalıdır ki, Azərbaycan dilini rahat öyrənə bilsinlər. Yəni, ibtidai də olsa, hazırlanacaq bu dərsliklər sayəsində əcnəbilərdə Azərbaycan dilində ilkin bilgilər yaratmaq hədəflənib”.

 

Hədəfə daha tez nail olmaq üçün isə dilçilər Mail Əsgərovun rəhbərliyi altında işə başlayıblar: “Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsində əcnəbilər üçün Azərbaycan dili dərsliklərinin yaradılmasına artıq başlanılıb. Sərəncam bu prosesi daha da stimullaşdıracaq. Xüsusən, Xarici İşlər və Təhsil nazirlikləri də bu işlərin həyata keçirilməsində bizə dəstək verəcək. Nəticədə işimizin effektivliyi artacaq və nəticələri tezliklə görünəcək”.

 

B.Məhərrəmlinin sözlərinə görə, indiyədək məhdud səviyyədə də olsa, əcnəbilər üçün Azərbaycan dilini öyrənməyi asanlaşdıran kitablar olub: “Məsələn, akademik Kamal Abdullanın “Azərbaycan dili” dərsliyi var. Bir sıra dillərə də tərcümə olunub. Amma bundan sonra belə nümunələrin sayı artacaq. Üstəlik, həmin nümunələrin elektron variantda hazırlanması daha çox insanın ondan istifadəsinə imkan yaradacaq”.

 

Dilimizin təbliği baxımından Prezidentin sərəncamını önəmli sayan  dilçi alimin fikrincə, qərar Azərbaycan dilinin tətbiqinin genişlənməsinə xidmət edəcək: “Nəinki Azərbaycan dili, dilimizi öyrənmək istəyən əcnəbilər üçün də çox böyük əhəmiyyəti olacaq. Onlar Azərbaycan dilini istənilən yerdən öyrənə biləcəklər. Bu işdə xaricdəki səfirliklərimizin, diplomatik nümayəndəliklərin üzərinə də böyük vəzifə düşür. Ümid edirəm ki, onlar Azərbaycan dilinin təbliğatını düzgün qura biləcəklər”.

 

Ruhiyyə DAŞSALAHLI