Universitetə 160 tələbənin qəbulu nəzərdə tutulub


İyulun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul imtahanı keçiriləcək. Onlayn qeydiyyat tarixi iyulun 23-ü saat 14:00-a qədər açıqdır. İmtahanın nəticələri iyulun 27-də saat 12:00-da açıqlanacaq.

 

UFAZ-a qəbul imtahanında Dövlət İmtahan Mərkəzinin I ixtisas qrupu üzrə təşkil etdiyi imtahanlarda 500 və daha çox bal toplamış abituriyentlər iştirak etmək hüququna malikdir. UFAZ-da hər bir ixtisas üzrə 30 dövlət sifarişli və 10 ödənişli əsaslarla, ümumilikdə 160 tələbənin qıbulu nəzərdə tutulur.

 

İmtahandan sonra UFAZ-ın tələbəsi adını qazanmış gənclərin siyahısı Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə (DİM) təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə artıq iştirak etməyəcəklər.

 

UFAZ-a imtahan vermiş, lakin uğur əldə edə bilməmiş tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.

 

Xatırladaq ki, UFAZ-da 4 ixtisas üzrə (“Kimya mühəndisliyi”, “Kompüter elmləri”, “Geofizika mühəndisliyi” və “Neft-qaz mühəndisliyi”) tədris aparılır. Seçilən bu 4 ixtisas hazırda Azərbaycanda ən çox tələbat olan sahələrdəndir. Təhsil bütün ixtisaslar üzrə 1 il hazırlıq, 3 il əsas tədris müddəti olmaqla 4 il davam edir. Tədris ingilis dilində aparılır. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və ya Renn 1 və ADNSU) əldə edəcəklər.