Tədbirdə mühəndis kadrların yetişdirilməsi ilə bağlı Azərbaycan təcrübəsi haqqında danışılıb
12-17 iyul tarixlərində Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və universitetin “Maşınqayırma texnologiyası” kafedrasının müdiri, professor Nizami Yusubov Rusiyanın Ulyanovski şəhərində keçirilən “Gələcəyin mühəndisləri 2018” beynəlxalq forumunda iştirak ediblər.
Foruma dünyanın 30 ölkəsindən ümumilikdə 1500-dən çox nümayəndə qatılıb. Eyni zamanda formun elmi və qlobal əhəmiyyətini nəzərə alaraq Rusiya Federasiyasının yüksək vəzifəli şəxsləri, universitet rektorları, həmçinin, böyük müəssisə rəhbərləri də burada iştirak ediblər.
Gənc mühəndislərə müxtəlif səpkili seminarlar keçirildiyi forumda əsas müzakirə mövzusu gələcəyə yönəlik mühəndis kadrların hazırlanması məsələsi olub.
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov forum çərçivəsində təşkil olunan “Gələcək mühəndis obrazı” və “Rəqəmsal transformasiya” adlı “dəyirmi masa”larda çıxış edərək yüksəkixtisaslı mühəndis kadrların qarşısında gələcəkdə qoyulacaq tələblərdən, onların bu tələblərə cavab verəcək səviyyədə yetişdirilməsi metodlarından danışıb. Prorektor çıxışında mühəndis kadrların yetişdirilməsi ilə bağlı Azərbaycanda formalaşan təcrübə haqqında da forum iştirakçılarına məlumat verib.
Qeyd edək ki, “Gələcəyin mühəndisləri 2018” beynəlxalq forumunda yüksəkixtisaslı mühəndis kadrların yetişdirilməsi məsələləri ilə yanaşı rəqəmsal iqtisadiyyat da əsas müzakirə mövzularından olub.