Cari ilin iyul ayı ərzində Avropa İttifaqının Tvinninq proqramı üzrə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində bir neçə ekspert missiyası yerinə yetirilib. Belə ki, bu ilin 2-6 iyul tarixlərində Tvinninq layihəsinin “Səriştəyə əsaslanan yanaşmanın tətbiqi ilə seçilmiş Milli Təhsil Standartlarının yenidən müəyyənləşdirilməsi” adlı 1-ci komponenti çərçivəsində Litvanın Tədqiqat və Ali Təhsilin Monitorinqi və Təhlili Mərkəzinin Ali Təhsil Siyasəti və Karyera Təhlili şöbəsinin əməkdaşı Gintautas Jakstas ölkəmizə səfər edib.
Missiyanın məqsədi kompetensiyalara əsaslanan təhsil standartlarının təkmilləşdirilməsi məqsədi ilə üç prioritet sahənin və pilot ixtisasların müəyyən edilməsi olub. Səfər çərçivəsində ekspert Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin və Təhsil İnstitutunun əməkdaşları ilə görüşlər keçirib. Eyni zamanda Bakı Dövlət Universiteti, Azərbaycan Sahibkarlar İttifaqları Konfederasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq nümayəndələri ilə görüşlər təşkil edilib.
Missiyanın sonunda aparılan görüş və təhlillərin nəticəsi olaraq ekspert tərəfindən təhsil proqramlarının gələcəkdə layihə çərçivəsində təkmilləşdirilməsi məqsədi ilə üç prioritet sahə və 15 pilot ixtisas müəyyən edilib.
Növbəti ekspert missiyası bu ilin 9-13 iyul tarixlərində baş tutub. Həmin tarixlərdə layihənin 1-ci komponenti çərçivəsində Litva Prezidentinin Təhsil və innovasiyalar üzrə müşaviri Saule Maçiukayte-Zviniene və Latviyanın Akademik Məlumat Mərkəzinin Akkreditasiya Şöbəsinin müdiri Jolanta Silka ölkəmizə səfər edib.
Missiyanın məqsədi ali təhsil proqramlarının keyfiyyətinin təkmilləşdirilməsi və əmək bazarının hazırkı və gələcək tələblərinə cavab verməsini təmin etmək üçün Təhsil Nazirliyi üçün əmək bazarı ilə bağlı məlumatlardan istifadə üzrə model nümunəsinin hazırlanması olub.
Səfər çərçivəsində Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin əməkdaşları, eləcə də Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin nümayəndələri ilə görüşlər keçirilib. Universitetlərdə keçirilən görüşlər zamanı ali təhsil müəssisələrini bitirən məzunların iş yerlərinə dair məlumatların toplanması ilə bağlı məsələlər müzakirə edilib. Missiyanın son günündə keçirilən seminar zamanı ekspertlər əmək bazarı ilə bağlı toplanılan məlumatlardan istifadə üzrə hazırladıqları konkret modeli Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq əməkdaşlarının diqqətinə çatdırıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini səriştəyə əsaslanan təhsil yanaşmasına uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən, eləcə də tələbəyönümlü təhsil sisteminə və təlim nəticələrinə əsaslanan yanaşmaya keçidi dəstəkləməkdən ibarətdir. İki il ərzində həyata keçiriləcək layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Layihənin icrasına Fransa, Latviya və Litvanın müvafiq qurumları və ekspertləri cəlb olunub.