Layihənin budəfəki özəlliklərindən biri modul tipli məktəblərin şagirdlərinin də qonağı olmasıdır


"Layihənin budəfəki özəlliklərindən biri  "Təhsil avtobusu-2018"-in  bölgələrdə ən ucqar kəndlərdə fəaliyyət göstərən modul tipli məktəblərin  şagirdlərinin də  qonağı olmasıdır".  Bu sözləri təhsil nazirinin müavini Firudin Qurbanov  iyulun 16-da "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində start veriləcək yay məktəbi ilə bağlı keçirilən  tədbirdə deyib.  İnsan kapitalının formalaşmasında təhsilin xüsusi rolundan danışan nazir müavini  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın ölkəmizdə uğurla icra olunduğunu qeyd edib. Bildirilib ki, aparılan təhsil islahatları öz müsbət nəticələrini verməkdədir.

        

Təhsil Nazirliyinin şagirdlərin keyfiyyətli təhsil alması ilə yanaşı onların məktəbdənkənar fəaliyyətinə də ciddi diqqət yetirdiyini söyləyən Firudin Qurbanov son illər bu istiqamətdə görülən işlərdən danışıb: "Məktəbdənkənar fəaliyyət uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişlidir. Onların dünyagörüşünün genişləndirilməsi, dövlətçiliyə sədaqət, vətənpərvər, milli-mənəvi dəyərlərimizə dərin hörmət və ehtiram ruhunda tərbiyə olunmaları, məktəblilərin mənəvi, fiziki, estetik tərbiyəsinin, bədii  yaradıcılıq qabiliyyətlərinin istiqamətləndirilməsi və inkişaf etdirilməsi ilə əlaqədar məqsədyönlü işlər görülür, bununla bağlı bir çox tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində start  verilən yay məktəbi  də məhz son illərin təhsilə yönəlik, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən   ən uğurlu layihələrimizdən biridir".

        

Proqramın əsas məqsədinə toxunan nazir müavini bildirib ki, təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılması bu layihənin əsas məramıdır. F.Qurbanov layihənin ümumi təhsil müəssisələrinin  göstəriciləri zəif və orta olan 7-8-9-cu sinif şagirdlərinin şəxsi inkişafına, eləcə də dünyagörüşünün formalaşmasına təsir edəcəyini, onların dərslərə olan maraqlarının artmasına şərait yaradacağını vurğulayıb.  O da  diqqətə çatdırılıb ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun həyata keçirilən bu  layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır. Qeyd olunub ki, iyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlərin şəxsi-inkişaf təlimlərində,  intellektual yarışlarda iştirakı təmin olunacaq.  

        

"Təhsil avtobusu - 2018" Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.

        

Nazir müavini  layihənin həyata keçirilməsində onlarla partnyorluq edən qrum və təşkilatlara təşəkkürünü bildirərək hamıya uğurlar arzulayıb.

           

Tədbirdə iştirak edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son illər Təhsil Nazirliyinin həyata keçirdiyi işlərdən razılıq hissi ilə danışaraq bu tip layihələrin gələcəkdə daha da genişləndirilməsini tövsiyə edib. 

        

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini  Cahangir Hacıyev,  "Kapital Bank"ın Marketinq Departamentinin direktoru Günel Fərzəliyeva, “Engin LTD” MMC-nin nümayəndəsi Nərmin Qəhrəmansoy çıxışlarında təmsil etdikləri qurumların  belə bir layihənin həyata keçirilməsinə dəstək olmalarından məmmnunluq duyduqlarını, Təhsil Nazirliyi ilə əməkdaşlıqlarını  bundan sonra da davam etdirəcəklərini bildiriblər.

        

Sonda qonaqlar xatirə şəkli çəkdiriblər. 

        

Məlumat üçün bildirək ki,  "Təhsil avtobusu” yay məktəbi  “Azərbaycan üçün öyrət” proqramı ölkəmizin müxtəlif şəhər və rayonlarını əhatə edən təhsil marafonudur. 2016-2017-ci illərdə "Təhsil avtobusu" yay məktəbi çərçivəsində  16 gün ərzində 4000 km yol qət edilib, Bakı, Lənkəran, Quba, Gəncə, Şəki, Masallı, Cəlilabad, Sabirabad, Mingəçevir, İsmayıllı və Zaqatalanın 12 şəhər və 13 kənd-qəsəbə məktəbinin, 22 ali və orta ixtisas təhsili müəssisəsinin 400-dən çox şagird və tələbəsi təlimlərə cəlb edilib, təlimçi və ekspertlər tərəfindən 150 akademik saatdan çox həcmdə təhsil proqramları və komanda-öyrədici oyunları keçirilib.

        

Yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, "Engin LTD” MMC, "Kapital Bank", "Ekspo 2025 Bakı" layihəsinin əsas dəstəyi, "Bakcell”, "GoldenPay", "Microsoft Azərbaycan" və "PAŞA Sığorta" şirkətlərinin dəstəyi, "1news.az", "Azərbaycan İntellektual Klublar Assosiasiyası", "ARB TV", ASAN xidmət", "Bir" Tələbə-Könüllü proqramı, "Code Tusi", "Edumap" Təhsil portal, "Edutainment.az", "Engineering For Kids", "SABAH" qrupları, "Şərq-Qərb" ASC, "Təhsil TV" və "Youth Inc." Sahibkarlıq Proqramının tərəfdaşlığı ilə keçirilir.

        

Layihənin rəsmi informasiya dəstəkçiləri "1news.az", "ARB TV" və "Təhsil TV"-dir.

 

Samirə KƏRİMOVA