Sergey XRİSTOLYUBOV, QS-in regional direktoru: “Azərbaycan ali məktəblərinin göstəricilərini çox diqqətlə izləyirik”


Məlumdur ki, qlobal çağırışlar dövründə baş verən dəyişikliklər özünü daim yeniləşən ali təhsil sistemində  göstərir. Bu dövrdə universitet brendlərinin inkişafı, beynəlmiləlləşmə, dünya arenasında özünütəsdiqetmə kimi məsələlər üzə çıxır.  Universitet özünü beynəlxalq miqyasda necə tanıtdıra, öz mövqeyini və reputasiyasını necə qoruya, reytinqlərdə layiqli yer tuta bilər?  Bu yaxınlarda Təhsil Nazirliyi ilə Böyük Britaniyanın “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında əməkdaşlıq müqaviləsinin imzalanmasına həsr olunmuş tədbirdə bu məsələlər də diqqət mərkəzində olub.   “QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional  direktoru Sergey Xristolyubovla söhbətimizdə bu əməkdaşlığın hədəfləri, ölkəmizin ali təhsil sisteminə verəcəyi töhfələr, ali təhsil müəssisələrimizin qlobal rəqabətə davamlılığının artırılması, universitetlərimizin beynəlxalq aləmdə tanınması məsələlərinə aydınlıq gətirməyə çalışdıq.

 

- Təhsil Nazirliyi və QS arasında imzalanmış sənədin hədəfləri barədə məlumat verməyinizi xahiş edirik...

 

- Ötən ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib: “Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir”.  Dövlət başçısının bu mövqeyi “QS Quacquarelli Symonds”un missiyasına tam uyğundur ki, bu da təhsil nailiyyətlərini, karyera inkişafını və beynəlxalq hərəkətliliyi dəstəkləməklə bütün dünyada motivasiyalı insanlara öz potensiallarını reallaşdırmaqda kömək etməkdir.

 

Azərbaycan Prezidentinin qarşıya qoyduğu məqsədlərə nail olunması istiqamətində gördüyümüz işlər, digər fəaliyyətlərlə yanaşı,  abituriyentlərə, tələbələrə və onların valideynlərinə ölkənin ali təhsil müəssisələri və təhsil proqramları haqqında məlumat verməkdir ki, bu da istedadlı gənclərin potensialını üzə çıxaracaq, onların  arzuolunan bilik və bacarıqlara, peşələrə yiyələnmələrinə kömək edəcək. 

 

Bu ilin may ayında Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevlə onlayn görüşümüz keçirildi. Söhbət zamanı milli ali təhsilin nüfuzunun gücləndirilməsi, ölkə universitetlərinin beynəlxalq aləmdə tanınması və nüfuzlu reytinqlərdə iştirakı məsələlərində əməkdaşlıq imkanları müzakirə olunub. Bir neçə həftə sonra bu dialoq Bakıda nazir ilə görüşdə davam etdirildi. 

 

Müqavilənin məqsədi Azərbaycanın aparıcı universitetlərinə reytinqlərdə iştirak kontekstində informasiya-analitik dəstək verməkdir.

 

- Əsas məqsədlərdən biri “QS World University Rankings” kimi  nüfuzlu reytinqlərdə universitetlərin səmərəli iştirak strategiyalarının formalaşdırılmasıdır. QS ilə əməkdaşlıq buna kömək edə bilərmi?

 

- Universitetlərin reytinqlərlə işləməsi iki əsas komponentdən ibarətdir: məzmun və metodoloji. Məzmun baxımdan universitetə beynəlxalq akademik dairələrdə və işəgötürənlərin peşə icmalarında artan tanınma lazımdır ki, bu da ona xarici ali təhsil müəssisələri ilə tərəfdaşlıq müqavilələri bağlamağa, yüksək ixtisaslı müəllimləri və uğurlu tələbələri cəlb etməyə və prioritet tədqiqat istiqamətlərində qlobal elmi gündəliyə təsir göstərməyə imkan verəcəkdir. Burada nüfuzlu elmi nəşrlərdə təmsil olunmaq, əhəmiyyətli konfranslarda iştirak etmək, mübadilə proqramlarının və ikili diplom proqramlarının inkişafı və onlayn mühitdə olmaq xüsusi rol oynayır.

 

Metodoloji aspektə gəldikdə isə, reytinqlərdə iştirak etmək üçün reytinq agentliklərinə məlumatların vaxtında təqdim edilməsi, illik reputasiya sorğuları zamanı universiteti dəstəkləyə biləcək ekspertlərlə işləmək, reputasiya və elmmetrik göstəricilərin izlənilməsi, həmçinin hədəf reytinq qrupundakı universitet və ali təhsil müəssisəsinin işinin müqayisəli təhlili lazımdır.

 

Biz Təhsil Nazirliyinin, Azərbaycanın aparıcı universitetlərinin və QS-in səylərini yuxarıda göstərilən bütün istiqamətlər üzrə birləşdirdik.

 

- Universitetin reytinqi necə müəyyənləşdirilir? Bu və ya digər universitet haqqında məlumatlar necə və haradan alınır, qiymətləndirmədə hansı meyarlardan istifadə olunur?

 

-  Biz müxtəlif reytinqlərin geniş spektrini, o cümlədən dünyanın ən yaxşı universitetlərinin institusional reytinqini - “QS World University Rankings”, Şərqi Avropa və Orta Asiyanın ən yaxşı universitetlərinin regional reytinqini - “QS Eastern Europe and Central Asia University Rankings”,  fənn reytinqini - “QS World University Rankings by Subject”, məzunların işlə təmin olunması  reytinqini - “QS Graduate Employability Rankings” və bir sıra digər başqa reytinqləri dərc edirik.

 

Bu reytinqlərin hər birinin öz metodologiya və indikatorları var. Bu göstəriciləri iki şərti qrupa bölmək olar: keyfiyyət və kəmiyyət göstəriciləri. Keyfiyyət göstəricilərinə akademik nüfuz və işəgötürənlər arasında nüfuz göstəriciləri daxildir, onlar müvafiq illik sorğuların yekunlarına əsasən hesablanır.

 

Kəmiyyət göstəricilərinə təhsil mühitinin səviyyəsinin göstəriciləri - məsələn, müəllim və tələbə sayının nisbəti və elmi dərəcəyə malik müəllim və əməkdaşların nisbəti, beynəlmiləlləşmə göstəriciləri - xarici müəllim və şagirdlərin nisbəti, elmmetrik göstəricilər - müəllim və əməkdaşa düşən nəşrlərin və sitatların sayı, Hirş indeksi və beynəlxalq elmi əməkdaşlıqlar (kollaborasiyalar) indeksi, onlayn mühitdə mövcudluq göstəriciləri daxildir. Sorğular zamanı topladığımız reputasiya məlumatlarına əlavə olaraq, universitetlər bizə kəmiyyət məlumatlarını birbaşa təqdim edir. Elmmetrik məlumatlar tərəfdaşımız - Elsevier tərəfindən təmin edilir. Universitetin onlayn mühitdə iştirak göstəricilərinin hesablanması üçün isə “Webometrics”-in webometrics.info  saytındakı göstəricilərindən istifadə olunur.

 

- Ali məktəbin fəaliyyətində reytinqlərin rolunu necə qiymətləndirirsiniz? Bəzən deyirlər ki, reytinqlər rəqabət prosesinə xidmət edən vasitədir. Siz necə düşünürsünüz?

 

- Biz reytinqlərin məqsəd olmadığını düşünürük. Reytinqlərin sürətölçənlə (spidometr)  müqayisəsi bizə daha yaxındır: sürətölçənə diqqət yetirmədən maşın axınında gedə bilərsinizmi? Nəzəri cəhətdən, əlbəttə ki, olar. Bununla yanaşı, bəzən sürəti aşmamaq, döngədə qəzaya düşməmək və yoldan uçmamaq üçün sürətölçənə baxmaq hələ də faydalıdır.

 

Bir çox universitet rektorları üçün reytinq - resursların paylanması üzrə qərar qəbul etmək üçün vasitələrdən biridir, bir güzgüdür, bunun vasitəsilə nəyin çox yaxşı göründüyünü və daha nələrin yaxşılaşdırıla biləcəyini görə bilərsiniz.

 

- Universitetin reytinqi və onun nüfuzu nədən və kimdən asılıdır - tədrisin keyfiyyətindən, müəllimlərdən, tələbələrdən, məzunlardan və ya elmi işlərin həcmindən?

 

- Söylədiklərinizin hamısı, şübhəsiz ki, universitetlərin reytinqlərdəki mövqeyinə təsir göstərir. Təhsil proqramlarının keyfiyyəti, elmi laboratoriyalarda avadanlıqların olması, nəşr aktivliyi, məzunların keyfiyyəti ilə bağlı işəgötürənlərin rəyi, məzunların işlə təminolunma faizi, dünyanın müxtəlif yerlərində elmtutumlu ekosistemlərlə əməkdaşlıq, nüfuzlu tədbirlərdə və xəbər lentlərində olmaq və bir çox digər amillər birbaşa və ya dolayı olaraq ən yaxşı ali təhsil müəssisələrinin reytinqlərdə yerini və mövqelərin dinamikasını müəyyən edir.

 

Bundan əlavə, reytinqlər universitetin digər ali məktəblərlə müqayisədə necə inkişaf etdiyini nəzərə almağa imkan verir, çünki heç bir universitet yerində durmur. Buna görə də hər hansı bir ali məktəb üçün müsbət dəyişikliklərin sürətinin digər universitetlərə nisbətən daha yüksək olması vacibdir.

 

Bu, universitetin qlobal rəqabət qabiliyyətini artırmağa imkan verir, çünki müsbət dəyişikliklər təkcə professor-müəllim heyəti, tələbə və abituriyentlər üçün deyil, həm də xarici auditoriya, peşəkar ictimaiyyət üçün nəzərə çarpan olur. Ali məktəbin elm, strategiya və reytinq, beynəlxalq əməkdaşlıq və marketinq departamentləri kimi əsas struktur bölmələrinin yaxşı əlaqələndirilmiş əməkdaşlığından çox şey asılıdır.

 

Məsələn, əgər universitet xarici universitetlə strateji tərəfdaşlıq müqaviləsi bağlamışsa və ya universitetin alimi nüfuzlu bir elmi nəşrdə bir məqalə dərc etdirmişsə, mütləq Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin mütəxəssisləri bu barədə mümkün qədər geniş auditoriyanı ingilis, Azərbaycan və digər dillərdə məlumatlandırmalıdır. Uğur və nəticələrimizdən bəhs etməyimiz bir çox cəhətdən nüfuzumuzu və tanınmağımızı müəyyənləşdirir.

 

- Universitetlərimizin potensialı ilə nə dərəcədə tanışsınız? Sizcə, Azərbaycan universitetləri yaxın illərdə ən yaxşı top-500-lüyə daxil ola biləcəkmi?

 

- Azərbaycan ali məktəblərinin göstəricilərini həm ümumi, həm də fərdi göstəricilər baxımından çox diqqətlə izləyirik. Bu gün dünyanın ən yaxşı universitetlərinin institusional reytinqi - QS World University Rankings iki Azərbaycan universitetini əhatə edir: Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti, Avropa və Mərkəzi Asiyanın inkişaf etməkdə olan ölkələrinin ən yaxşı universitetlərinin reytinqinə 7 Azərbaycan universiteti daxildir. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetindən başqa, regionun ən yaxşı 400 ali təhsil müəssisəsi arasında Xəzər Universiteti, ADA Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də yer alıb. İnstitusional reytinqin ilk 500-lüyünə daxil olmaq bir sıra mühüm strateji sahələrdə sistemli gündəlik iş tələb edir.

 

- QS reytinqinə daxil olmaq üçün universitetlərimizin nələrə ehtiyacı var? Siz universitetlərə hansı tövsiyələr verərdiniz? Hər kəsə tövsiyə edə biləcəyiniz ortaq bir şey varmı?

 

- Əsas tövsiyələr elmi potensialın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıqlarda iştirakın artırılması, prioritet sahələrdə birgə tədqiqat və təhsil layihələri üzrə xarici universitetlər arasında strateji tərəfdaşların axtarışı, beynəlxalq elmi-təhsil mühitində əlaqələr şəbəkəsinin genişləndirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının inkişafı, kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə fəal iş aparmaqdan ibarətdir. Bundan əlavə, QS reytinqlərinin metodologiyasını öyrənmək və bütün lazımi məlumatları reytinq analitiklərimizə vaxtında təqdim etmək lazımdır.

 

Yadda saxlamaq çox vacibdir ki, universitetin qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər daim illik xarakter daşıyır. Bir sıra universitetlərdə hesab olunur ki, reytinqlərdə iştirak yalnız QS-ə ildə bir dəfə məlumatların göndərilməsi ilə nəticələnir, bu, reytinqin spesifikliyinin son dərəcə dar anlaşılmasıdır.

 

- QS-in Azərbaycanda universitet brendinin inkişafı ilə bağlı təklifləri varmı? Azərbaycanın QS ilə gələcək əməkdaşlıq perspektivləri necədir?

 

- Otuz ildən artıq tarixi ərzində şirkətimiz universitet brendlərinin tanınmasının artırılması məsələlərində əhəmiyyətli iş təcrübəsi toplayıb. Universitetin komandası ilə tanış olan QS ekspertləri tez-tez onlardan iki-üç nailiyyətin adını çəkməyi xahiş edirlər ki, onların sayəsində ali təhsil müəssisəsi öz ölkəsində və xaricdə tanınır. Təcrübə göstərir ki, ali məktəbin heç də bütün ekspertləri, o cümlədən universitetin beynəlxalq aləmdə tanınmasına cavabdeh olanlar belə,  bu suala dəqiq cavab verə bilmirlər.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə imzalanmış sazişimiz çərçivəsində və layihənin iştirakçısı olan universitetlərlə dialoqda universitet brendlərinin təşviqi məsələlərinə xüsusi diqqət yetiriləcək: biz ixtisas meydançalarında, elmi nəşrlərdə və media məkanında iştirakımızın genişləndirilməsi istiqamətində işlərimizi təklif edəcəyik.

 

- Nəhayət, yeni QS reytinqlərinin nə vaxt açıqlanması gözlənilir? Növbəti buraxılışlarda universitetlərimizi görə bilərikmi?

 

- Dekabrın ortalarında Avropa və Orta Asiyanın inkişaf etməkdə olan ölkələrinin ən yaxşı universitetlərinin 2022-ci il üzrə yeni regional reytinqi açıqlanacaq. Dünyanın ən yaxşı universitetlərinin mart ayında nəşr olunacaq fənn reytinqi  ilə cari reytinq dövrü  başa çatacaq. Gələn ilin iyun ayında dünyanın ən yaxşı universitetlərinin yeni institusional reytinqinin nəticələri məlum olacaq. Əminəm ki, biz Azərbaycan universitetlərini reytinqlərimizdə görəcəyik - hansı yerlərdə, bunu zaman göstərəcək.

 

Fürsətdən istifadə edərək, “Azərbaycan müəllimi” qəzetinin bütün oxucularına möhkəm cansağlığı və firavanlıq arzulamaq istərdim!

 

Oruc MUSTAFAYEV