Rafiq Hüseynov, məşqçi-müəllim: “İstəyimə, arzuma çatdım”

 

Təhsil Nazirliyi Təhsil Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənlər İdman Məktəbinin yunan-Roma güləşi üzrə məşqçi-müəllimi Rafiq Hüseynov bu günlərdə Norveçdə güləş üzrə keçirilən dünya çempionatında 82 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu uğuru ilə hər birimizi sevindirən Rafiq müəllimlə görüşüb söhbət etdik.  

 

Rafiq Radik oğlu  Hüseynov 1988-ci il mayın 16-da Özbəkistanın Daşkənd şəhərində anadan olub. Əslən qərbi Azərbaycan bölgəsindəndir. Bakıdakı 291 nömrəli Araz Ekologiya liseyinin məzunudur. Əvvəlcə Azərbaycan Dövlət İqtisad Universitetini, sonra isə   Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. İlk məşqçisi atası Radik Hüseynovdur. Dinamo-Bakı klubunun təmsilçisidir. Yunan-Roma güləşi üzrə yarışlara ilk dəfə 1995-ci ildən başlayıb. İlk yüksək nəticəsi  2004-cü ildə yeniyetmələrin Avropa çempionatında  III yerə çıxmağı olub. Sonra yeniyetmə və gənclər arasında dünya və Avropa çempionatlarında da iştirak edərək  yaxşı nəticələr qazanıb. 2011-ci ildə Almaniyanın Dortmund şəhərində  böyüklər arasında keçirilən Avropa çempionatında 1-ci yerə layiq görülüb.  2015-ci ildə İran İslam Respublikasının Tehran şəhərində bir sıra dünya ölkələrinin (Azərbaycan, Türkiyə, Rusiya, Macarıstan, İsveç, Almaniya,  İran və s.) iştirakı  ilə keçirilən Dünya Kubokunun qalibi olub.  Həmin ildə  Bakıda keçirilən I Avropa oyunlarında təsnifat mərhələsində Mixail Vaqneri (Avstraliya), 1/4 finalda Daniel Aleksandrovu (Bolqarıstan), yarım-finalda Selçuk Cebini (Türkiyə) məğlub edərək finala yüksəlib. Finalda Yevgeni Salayevə (Rusiya) məğlub olaraq gümüş medal qazanıb.  2015-ci ildə Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib. 2018-ci ildə  Avropa və dünya  çempionatlarının mükafatçısı, Tokioda keçirilən Olimiya oyunlarının bürünc medalına sahib olub.

 

- Bu yarışınız barədə bizə ətraflı məlumat verərdiniz?

 

- Əvvəlcə əzəli Azərbaycan torpağı olan Qarabağın erməni işğalından azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qazandığı Qələbə münasibətilə xalqımızı bir daha təbrik edirəm. Avropa oyunlarından sonra çoxları düşünürdü ki, istirahət edəcəyəm və yarışlara qatılmayacağam. Ancaq bu, belə olmadı. Məqsədim dünya çempionu və dünya çempionluğu kəmərinə sahib olmaq idi. Və bu istəyimə, arzuma çatdım. 

 

Norveçdə mən 5 görüş keçirdim. İlk qarşılaşmalarım estoniyalı və qırğızıstanlı güləşçilərlə idi. Onları təmiz qələbə ilə məğlub edərək üçüncü görüşüm İsveç təmsilçisi Alexslə oldu. Mən deyərdim ki, çempoinatda ən ağır görüşüm və çətin qaşılaşmam bu sayılır.  Güclü təmsilçi idi. Ani bir səhv etməklə 6 xal rəqibə verməli oldum. Sonradan artıq 7 xal bərpa edənə kimi böyük güc itirdim. Və rəqibə qalib gələrək rusiyalı güləşçi ilə mübarizə apardım. O da güclü və təcrübəli idmançı idi. Amma buna baxmayaraq, 2:1 hesabı ilə ona qalib gəldim. Finalda isə qardaş ölkənin - Türkiyənin güləşçisi ilə qarşılaşdım. Onu da 2:1 hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalını vətənim Azərbaycana gətirdim. Qeyd etmək istərdim ki, biz bu yarışdan dönəndə tezdən 5-ə işləmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gənclər və idman naziri Fərid Qayıbovu görəndə çox sevindik. Dövlətin idmançılara  bu diqqəti əvəzolunmazdır. 

 

- Rafiq müəllim, sizdə bu idman növünə maraq necə yarandı?

 

- Mənim atam Radik Hüseynov sovetlər dönəmində güləş üzrə SSRİ  idman ustası olub. Mənə bu idman növünün sirlərini də atam öyrədib. Eyni zamanda atam həm də mənim şəxsi məşqçimdir. Mən atamdan təkcə güləşi öyrənməmişəm. Həyatda həmişə mübariz olmağı, vətənpərvər olmağı, xalqını, dövlətini həmişə sevməyi öyrənmişəm...

 

- Müəllim kimi yeniyetmələrə nələri tövsiyə edirsiniz?

 

- Onlara həmişə  tövsiyəm odur ki, zəhmət çəkməyi sevsinlər, mübariz olsunlar. Zəhmətsiz heç nəyə nail olmaq və heç bir işdə uğur qazanmaq olmaz. Çəkilən zəhmət heç bir vaxt yerdə qalmır. Onun qarşılığını sən həmişə alacaqsan. İdmanda da xüsusilə zəhmət çəkmək vacibdir. İstər idmançı, yaxud da hansı bir peşənin sahibi oldunsa ilk növbədə tərbiyəli olmalısan. Yeniyetmə və gənclərimizə biz birinci növbədə bunu aşılayırıq. Anam 291 nömrəli Araz Ekologiya Liseyinin ingilis dili müəllimidir. O, həmişə mənə bunları deyib: tərbiyəli və əxlaqlı olmaq insanın ilk öyrənməli olan işidir.  Fikrimcə, idmançı həm də savadlı olmalıdır. Mən özüm iki dəfə ali təhsil almışam və üçüncünü də almaq fikrindəyəm.

 

- Bu gün yeniyetmə, gənc idmançılara dövlətimiz tərəfindən yüksək səviyyədə şərait yaradılıb. İstərdim bu barədə söhbət açasınız?

 

- Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, idman sahəsində də inkişaf göz qabağındadır.  Bu gün idmanla məşğul olmaq istəyənlər üçün ölkəmizdə çox yüksək səviyyədə olimpiya mərkəzləri və müxtəlif idman zalları fəaliyyət göstərir. Və bu istiqamətdə işlər daha da artırılır. Şükürlər olsun ki, bu gün dövlətimiz çox güclüdür. Dövlətimizin biz idmançılara hərtərəfli böyük diqqət və qayğısı var. Bu isə daha böyük uğurlara imza atmağımıza güclü stimul verir.

 

Rəşad ZİYADOV