Şöbə əməkdaşlarının əsərlərinə cari ildə 165, son 5 ildə 1711, ümumilikdə isə 2701 istinad olunub


AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin 2018-ci il üçün 6 aylıq hesabatı dinlənilib. Hesabatı təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev cari ildə yerinə-yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. Alim “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri”, “Mətnlərin avtomatik referatlaşdırılması üçün metodun işlənilməsi”, “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması”, “Sosial şəbəkə və mətnlərin intellektual analizi texnologiyalarının köməyilə elektron dövlətin tədqiqi” və “Elektron dövlətin formalaşdırılması və idarə edilməsi mexanizmlərinin işlənilməsi” mövzuları üzrə araşdırmaların aparıldığını, məqalələrin nəşr olunduğunu qeyd edib.

 

Şöbə müdiri, həmçinin Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması, elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənilməsi, müasir informasiya texnologiyalarının tətbiqi ilə elmmetrik metod və alqoritmlərin işlənilməsi, elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi, virtual mühitdə biliklərin intellektual təqdiminin metod və alqoritmlərinin yaradılması və digər istiqamətlərdə tədqiqatların aparıldığını diqqətə çatdırıb.

 

Bildirib ki, 6 ay ərzində şöbə əməkdaşları tərəfindən “Web of Science” (Clarivate Analytics) və “Scopus” (Elsevier) bazasında indeksləşən jurnallara 23 məqalə təqdim olunub, onlardan 14-ü artıq çap edilib. Beynəlxalq konfranslarda isə 9 konfrans materialı çap olunub. 

 

O, şöbənin elmi-praktiki və innovativ fəaliyyəti çərçivəsində görülən işlərdən də söz açıb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Böyük verilənlər mühitində informasiya təhlükəsizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiqləri” və “Elektron elm və onun funksional altsistemlərinin sintezi üçün yeni metod və alqoritmlərin işlənilməsi”, ARDNŞ-in Elm Fondunun “Əşyaların İnterneti texnologiyalarının neft-qaz sənayesində tətbiqi problemlərinin araşdırılması” adlı qrant layihələri, eləcə də Azərbaycan-Rusiya birgə qrantı olan “Big data analitikası texnologiyalarının tətbiqi ilə elektron idarəetmənin səmərəliliyinin artırılması metodları və alqoritmlərinin işlənilməsi” layihəsi çərçivəsində elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb.

 

Alim rəhbərlik etdiyi şöbənin elmmetrik göstəriciləri haqqında da məlumat verdi. Onun sözlərinə görə, şöbə əməkdaşlarının əsərlərinə cari ildə 165, son 5 ildə 1711, ümumilikdə isə 2701 istinad olunub.

 

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev şöbənin elmi fəaliyyətini yüksək qiymətləndirib. Aparılan elmi araşdırmaların vacib problemləri əhatə etdiyini qeyd edərək tədqiqatların davam etdirilməsinin zərurliyini vurğulayıb.

 

Hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Yusif ƏLİYEV