V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri keçirilir. Təhsil sahəsində baş verən mütərəqqi dəyişikliklərin, islahatların davamı olaraq bu müsabiqələrin başlıca məqsədi təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan, yeni ideyaların dəstəklənməsindən ibarətdir. Bu il keçirilən V Qrant müsabiqəsinin aşağıda oxuculara təqdim etdiyimiz qalib layihələri də təhsil müəssisələri və müəllimlərimizin innovativ axtarışlarının bəhrəsi kimi qiymətləndirilə bilər.

 

“Sinifdənxaric və dərsdənkənar məşğələlərin təşkilində mental-arifmetika dərnəyinin rolu”

 

Son illərdə müəllimlərimiz arasında təşəbbüskarlığın və yaradıcı axtarışların genişlənməsinə təkan vermiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin builki qalibləri arasında aktuallığı ilə seçilən layihələrdən biri  “Sinifdənxaric və dərsdənkənar məşğələlərin təşkilində mental-arifmetika dərnəyinin rolu “ mövzusuna həsr olunub. Layihənin müəllifi, Bakı şəhər 136 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Əli Mehdiyev mövzunun əhəmiyyəti və hədəfləri barədə danışır:

 

- Şagirdlərin hərtərəfli inkişafı və sosial aktivliyini təmin etmək üçün xüsusi profilli dərnəklərə ehtiyac vardır. Yeni tipli dərnəklərin təşkilində məqsəd şagirdlərdə səriştələrin formalaşdırılması istiqamətində dərsdənkənar fəaliyyətin düzgün təşkili ilə hər bir şagirdin istedad və qabiliyyətinin üzə çıxarılması, yaradıcılıq imkanlarının aşkarlanması və inkişaf etdirilməsidir. Bundan ötrü hər bir şagirdin meyil və marağı, istedad və qabiliyyətini müəyyən etməklə yanaşı onlar üçün dəstəkləyici mühitin yaradılması vacibdir.  Bu mənada “Mental-arifmetika” dərnəyi də uşaqlarda sürətli zehni və şifahi hesablama qabiliyyətlərinin inkişaf etdirilməsini hədəfləyir. Bu dərnəkdə uşaqlar hesab maşınından istifadə etmədən əvvəlcə abakus (hesab aləti-şotku) üzərində və sonra da şifahi (zehndə) hesablamalar aparır, cavabları saniyələr içində doğru deyə bilirlər.

 

Bu dərnək 4-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Məqsəd hər bir uşaqda olan, lakin işlədilməyən bəzi hissiyatları oyatmaqdır. Əvvəlcə uşaqlara abakus (hesab aləti) öyrədilir, sonra isə beyində şifahi sürətli və doğru hesablamalar (toplama, çıxma,vurma, bölmə) yerinə yetirilir və bu zaman abakusa ehtiyac qalmır. Mental-arifmetika uşaqların: 1.Yaddaşını gücləndirir, 2.Sürətli hesablama bacarığını formalaşdırır, 3.Yaradıcılığını artırır, 4.Məntiqi düşüncəsini dərinləşdirir, 5.Beynin sol və sağ yarımkürələrini inkişaf etdirir (eyni vaxtda), beynin bütövlüyünü qoruyur, 6.Riyazi hesablama gücünü artırır, öyrənməmə qorxusunu aradan qaldırır.

 

“3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə” 

 

Xocavənd rayon Əmirallar kənd tam orta məktəbin ibtidai sinif müəllimi Ayla İsmayılovanın müsabiqəyə təqdim etdiyi layihə kifayət qədər maraq kəsb edən və innovativliyi ilə seçilən “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə”  mövzusuna həsr olunub. Layihə ümumi təhsilin ilkin səviyyəsində tədrisin modernləşməsi və təkmilləşməsində mühüm əhəmiyyət daşıyır. A.İsmayılova layihəsinin hədəfləri barədə fikirlərini bölüşür:

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında innovasiyalarla bağlı əsas  hədəflər öz əksini tapıb, innovativ inkişaf modelinin reallaşmasi üçün ölkəmizdə artıq mütərəqqi addımlar atılmaqdadır. V qrant müsabiqəsinə təqdim etdiyim “3D Artırılmış Reallıq vasitəsilə əyləncəli öyrənmə”  layihəsinin məqsədi  ibtidai sinif müəllimlərinə dərs prosesində “Quiver Vision” - 3D Artırılmış Reallıq texnologiyalarından istifadə olunmaqla oyun əsaslı öyrənmənin üstünlüklərini mənimsətmək, dərs prosesinin daha uğurlu təşkili və  icrasını təşviq etməkdir.

 

 

Layihənin əsas vəzifəsi ibtidai sinif müəllimlərinə  3D Artırılmış  Reallıq texnologiyalarından istifadə qaydaları və “oyun əsaslı öyrənmə” təlimlər keçmək, onların bu istiqamətdə dərs planı qurmaq, dərs keçmək vərdişlərini möhkəmləndirmək üçün “açıq dərs”lərini təşkil etmək, dinləmək və qabaqcıl müəllimlərin iş üsullarını paylaşmaq; təlim nəticələri zəif və inklüziv yanaşmaya ehtiyacı olan ibtidai sinif şagirdlərinin təhsil prosesinə olan marağını artırılmasına nail olmaqdır.

 

Layihənin davamlılığı, işin daha sürətli olması və Xocavənd rayon məktəblərinin mütəmadi olaraq istər yerli, istərsə də beynəlxalq olimpiadalara hazırlaşmaları üçün yaradılmış bu mərkəzdə müxtəlif istiqamətli ödənişsiz təlimlər təşkil olunacaq. Bu təlim mərkəzində, ilk növbədə, 10 təlimçi müəllim hazırlanacaq. Təlimləri Peşəkar İnkişaf Karyera Mərkəzinin əməkdaşları həyata keçirəcək.

 

“Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlaşmaq üçün testlər toplusu”

 

 

Salyan rayonu Peyk kənd tam orta məktəbinin coğrafiya müəllimi Aytən Balamedovanın  V Qrant müsabiqəsinə təqdim etdiyi “Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlaşmaq üçün testlər toplusu”  layihəsi şagirdlərimizin beynəlxalq coğrafiya olimpiadalarına  hazırlğının stimullaşdırılmasına və bu sahədə yeni təcrübənin təşviqinə həsr olunub:

 

- Beynəlxalq coğrafiya olimpiadasına hazırlaşmaq istəyən şagirdlər üçün testlər toplusunu hazırlamaq məqsədi ilə bu layihəyə başladıq. Beynəlxalq coğrafiya olimpiadalarında istifadə edilmiş suallar və onların həlləri bu topluda tədqim olunacaq. Nəzərə alsaq ki, beynəlxalq coğrafiya kurikulumu milli kurikulumdan əsaslı dərəcədə fərqlənir, təqdim edilmiş suallarda da ciddi fərqlər mövcuddur. Milli kurikulum üzrə hazırlanmış olimpiada suallarının beynəlxalq kurikulum suallarından əsaslı şəkildə fərqləndiyini nəzərə alsaq, beynəlxalq olimpiada suallarının tərcüməsinə və həlləri ilə verilməsinə böyük ehtiyac vardır.  Hazırladığımız bu toplu həm beynəlxalq olimpiadalara, həm də respublika fənn olimpiadalarına hazırlaşan şagirdlər və onların müəllimləri, eləcə də respublika fənn olimpiadalarının suallarını tərtib edən müəllimlər üçün də çox faydalı olacaq. Onu da qeyd edim ki, test toplusu  milli coğrafiya kurikulumunun beynəlxalq coğrafiya kurikulumuna keçidi üçün faydalı bir vəsait olacaqdır.

 

Beynəlxalq coğrafiya olimpiadasına hazırlaşan şagirdlər üçün Azərbaycan dilində belə bir toplu yoxdur. Bu topluda istifadə edilən suallar beynəlxalq olimpiada səviyyəli suallardır. Toplunu hazırlamaq üçün böyük heyət iş görəcəkdir. Burada ingilis dili və coğrafiya mütəxəssislərinin birgə fəaliyyəti həyata keçiriləcək.  Layihənin ölkə coğrafiyası üçün əhəmiyyətini nəzərə alsaq, görüləcək işlərin çox və məsuliyyətli olacağını deyə bilərik.

 

Layihədən gözlənilən nəticə odur ki, hazırlanacaq test toplusu beynəlxalq coğrafiya hazırlıqları üçün əsas vəsaitlərdən biri olacaq. Beynəlxalq coğrafiya olimpiadalarına hazırlaşan şagirdlər bu vəsaitdən yararlana biləcəklər. Bu vəsait coğrafiya fənni üçün çox böyük töhfə vermiş olacaq. Olimpiada üçün bütün mövzulara aid sualları bir arada və izahları ilə birgə görmək həqiqətən də şagirdlər üçün çox faydalıdır. Belə ki, ənənəvi sual formatının dəyişdirilərək, beynəlxalq sual tipli suallardan istifadə etmək imkanı yaranacaq.

 

“Mənim peşəm mənim gələcəyimdir!”

 

İsmayıllı rayonu Yeniyol kənd S.Abbasov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Vahabovanın V qrant müsabiqəsinin qalibi olan  “Mənim peşəm mənim gələcəyimdir!” layihəsinin isə artıq  icrasına başlanılıb. V.Vahabova layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verdi:

 

- Layihə çərçivəsində ənənəvi peşə və sənət sahələrinə marağın artırılması, yeniyetmə və gənclərin peşə seçimində vaxtında, əmək bazarının tələblərinə uyğun qərar verilməsi kimi hədəf istiqamətləri müəyyən edilib. “Mənim peşəm mənim gələcəyimdir!” adlı maarifləndirici flayerlər hazırlanıb və yaxın zamanlarda İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında yayılması nəzərdə tutulub. 3 ay müddətində İsmayıllı rayonunda icra ediləcək layihəni həyata keçirməkdə məqsəd yuxarı sinif şagirdləri arasında peşə təhsilinə maraq yaratmaq və peşə təhsilinin ictimai nüfuzunu artırmaqdan ibarətdir.

 

Layihə çərçivəsində oktyabrın 10 -da Yeniyol kənd tam orta məktəbinin 20-yə yaxın VII-IX sinif şagirdləri üçün seminar baş tutub. Oktyabrın 19-da isə Təzəkənd kənd tam orta məktəbinin 30-a yaxın VII-IX sinif şagirdləri üçün təşkil olunacaq seminarda məktəblilərə müxtəlif peşə sahələri haqqında ətraflı məlumatlar veriləcək, düzgün peşə seçiminin əhəmiyyətindən bəhs olunacaq. Təlim iştirakçılarının peşə təhsili mövzusunda təsəvvür və anlama səviyyəsinin ölçülməsi, ilkin təhlil (diaqnostik sorğu, müsahibələr) təlimçiyə şagirdlərdə yaranmış dəyişiklikləri müəyyən etməyə imkan verəcək. Peşə təhsilinə marağı artırmaq üçün müxtəlif peşə sahələrinin dərindən araşdırılması və öyrədilməsinə nail olacağıq. Təlimçi tərəfindən iştirakçılara layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumatlar veriləcək, şagirdlər yerli səviyyədə problemlərin həllinə cəlb ediləcəklər.

 

Layihə iştirakçısı olan 30-a yaxın şagirdin “Azərxalça” ASC-nin İsmayıllı filialına və İsmayıllı Peşə Məktəbinə ekskursiyası təşkil olunacaq.  Ekskursiya zamanı məktəblilər müxtəlif peşələrin sirlərinə dərindən yiyələnəcəklər. Layihənin sosial şəbəkədə səhifəsi də yaradılıb. Səhifədə layihə çərçivəsində görülən işlər vaxtaşırı olaraq işıqlandırılır.

 

Layihə istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin formalaşmasına imkan yaradacaq. Maarifləndirici seminarlar  nəticəsində peşə təhsilinin əhəmiyyəti məktəblilərə daha dərindən çatdırılacaq. Şagirdləri müəyyən peşə sahələri ilə tanış etdikcə onlarda bu peşələrə maraq artacaq, onlar passiv, asılı həyat tərzindən aktiv, bacarıqlı həyat tərzinə keçəcəklər. Peşələri tanıdıqca özlərinin aid olduğu sahəni seçəcək və nəticədə öz peşələri ilə yüksələcəklər. Seminarların keçirildiyi ərazilərdə məktəblilərin peşə seçiminə özgüvəninin yüksəldilməsi təmin olunacaq. Bununla yanaşı, peşə təhsilinin ictimai nüfuzu da yüksələcək.  

 

Oruc MUSTAFAYEV