İyulun 9-da Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Azərbaycan Tərcümə Ensiklopediyası”nın növbəti təqdimat mərasimi keçirilib.

 

Tədbiri  açan beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli kitabın ərsəyə gəlməsində zəhməti olan hər  kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu ensiklopediya hər bir vətəndaşın fayda götürə biləcəyi çox dəyərli bir mənbədir.

 

“Fəlsəfə və ictimai elmlər” kafedrasının müdiri Ədalət Abdiyeva bildirib ki, Azərbaycanı dünyada təbliğ etmək üçün ilk növbədə öz tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı gözəl bilməliyik: “Biz “Azərbaycan Tərcümə Ensiklopediyası” vasitəsilə tərcümə sahəsində görülən işlər barəsində mühüm məlumatlar əldə edə, bu yolla Azərbaycanının təbliği istiqamətində müəyyən işlər görə bilərik”.

 

“Beynəlxalq münasibətlər” kafedrasının müdiri” dosent Aida Yusifzadə ümummilli lider Heydər Əliyevin tərcümə sahəsinin inkişafı ilə bağlı atdığı addımlardan danışıb. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu işləri davam etdirərək tərcümə sahəsinin inkişafına ciddi töhfə verib: “Bu ensiklopediyanın nəşri Azərbaycan tərcümə tarixində ən mühüm və əhəmiyyətli addımlardan biridir, həm müəllimlər, həm də tələbələr üçün çox vacib vəsaitdir”.

 

“Regionşünaslıq” kafedrasının müdiri, dosent Sevdagül Əliyeva ensiklopediyada tərcümə ilə bağlı bütün suallara maraqlı cavablar aldığını söyləyib. Qeyd edib ki, bu kitab təkcə tərcümə sahəsi ilə məşğul olanlar üçün deyil, digər sahədə çalışanlar üçün də maraqlı və əhəmiyyətli ola bilər.

 

Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekan müvaini Əli Məmmədov, “Qafqazşünaslıq” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov tərcümə sahəsində görülməsi vacib olan işlərdən danışıblar.