Xaricdə təhsil almış gənclər yeni Dövlət Proqramının qəbulunu təhsilə yüksək dövlət dəstəyinin bariz nümunəsi hesab edirlər


Məlumdur ki, müasir dünya reallıqları şəraitində ölkənin inkişafı yüksək ixtisaslı, müasir səriştə və bacarıqlara sahib insan kapitalından, onun intellektual səviyyəsindən çox asılıdır. Bu isə bir çox hallarda ölkənin davamlı inkişafında  həlledici rol oynayan elmi-tədqiqatçıların hazırlanmasını zərurətə çevirir. 

 

Dövlətimizin təhsil sahəsinə yüksək diqqət və qayğısının bariz nümunəsi olan  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”  yenilikçi, müasir düşüncəli, yüksək hazırlıqlı milli mütəxəssislərin yetişməsində mühüm rol oynayıb. Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 30 sentyabr 2021-ci il  tarixli Sərəncamı da bu sahədə ölkəmizdə yüksək hazırlıqlı mütəxəssislərin hazırlanması işinə mühüm töhfədir.

 

Sərəncama əsasən, sürətli inkişaf üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi, habelə uğurlu təcrübəyə əsaslanan effektiv maliyyələşmə modelinin formalaşdırılması məqsədilə Nazirlər Kabinetinə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

 

Təhsil naziri Emin Əmrullayev ötən həftə sözügedən sərəncamla bağlı keçirdiyi brifinqdə yeni Dövlət Proqramının əsas hədəflərini açıqlayıb. Nazir yeni hazırlanacaq Dövlət Proqramına əsasən tələbələrin bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil ala biləcəyini, lakin magistratura səviyyəsi üzrə təhsilə üstünlük veriləcəyini bildirib. Bundan əlavə, xaricdə təhsillə əlaqəli daha çox texniki və texnoloji sahələrə, fundamental elmlərə üstünlük veriləcək.

 

Dünyanın nüfuzlu universitetlərində təhsil almış və hazırda ali təhsil müəssisələrimizdə çalışan Dövlət Proqramı məzunları yeni proqramın əhəmiyyəti barədə nə düşünür? Onlardan bəzilərinin “Azərbaycan müəllimi” ilə bölüşdükləri  fikirlərini oxucuların diqqətinə çatdırırıq.

 

Dövlət Proqramı ölkədə insan kapitalı yaradır

 

Fariz İSMAYILZADƏ,

ADA Universitetinin prorektoru, Dövlət Proqramı məzunu

 

- Təbii ki, xaricdə təhsil üzrə Dövlət Proqramının mənim həyatımda, peşəkar inkişafımda çox böyük rolu olub. Çünki mən Dövlət Proqramı çərçivəsində İspaniyanın Biznes Məktəbini  (Instituto de Empresa Business School)  MBA ixtisası üzrə bitirmişəm və bu da mənim gündəlik işimdə və idarəçilik təcrübəmdə, ADA kimi bir universitetdəki fəaliyyətimə, bir peşəkar kimi işimə çox böyük töhfə verib. Mən bu proqram çərçivəsində çoxlu biliklər, bacarıqlar, əlaqələr, yeni beynəlxalq dostlar qazanmışam. Və ümumiyyətlə, hesab edirəm ki, Dövlət Proqramı cənab Prezidentin həyata keçirdiyi  ən uğurlu proqramlardan biridir. Çünki bu, ölkədə insan kapitalı yaradır, ölkəmizin insan potensialını inkişaf etdirir və nəticədə böyük qələbələrə, böyük inkişafa gətirib çıxarır. Məhz bizim torpaqlarımızın da azad olunmasında, bizim iqtisadi inkişafımızda insan kapitalı, insan faktorları, resursları çox böyük rol oynayır. Ümid edirəm ki, belə proqramlar gələcəkdə daha da çox olacaq.

 

 

 

 

“Yüksək qayğıya görə cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm”

 

Ümid MEHDİYEV,

Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun strateji inkişaf üzrə müşaviri, Dövlət Proqramı məzunu

 

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” 30 sentyabr 2021-ci il  tarixli Sərəncamını bütün ölkə ictimaiyyəti kimi mən də sevinclə qarşıladım. Xüsusən, bu sənəd əsasında hazırlanacaq növbəti Dövlət Proqramında yer alacaq strateji sahələrə nəzər salanda onu Azərbaycanın parlaq gələcəyinə doğru atılan daha bir böyük addım kimi dəyərləndirmək olar.  Bu təcrübə artıq bir dəfə icra olunub və uğurlu nəticələrini hazırda proqramın məzunları və dövlətimiz görməkdədir. 2007-2015-ci illəri əhatə edən birinci Dövlət Proqramının icrası nəticəsində yüzlərlə istedadlı gəncimiz müxtəlif ixtisaslar üzrə nüfuzlu xarici universitetlərdə təhsil aldılar və onların əksəriyyəti bu gün elm, istehsalat və iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər.

 

Şanslı gənclərdən biriyəm ki, mən də məhz birinci Dövlət Proqramı çərçivəsində 2015-ci ildə Böyük Britaniyanın Liverpul Universitetində “Təchizat Zəncirinin İdarə edilməsi” ixtisası üzrə magistr təhsilimi tamamlamışam. Təhsilimi tamamladıqdan sonra ölkəyə dönərək bir müddət logistika sahəsində fəaliyyət göstərdim. Bu gün isə Azərbaycan Dövlət Pedaqoji Universitetində idarəçilik və elmi fəaliyyətimi davam etdirirəm.

 

Düşünürəm ki, yeni Proqramın hazırlanması ali təhsilin bakalavriat və magistratura səviyyələrində bir çox gəncimizin XXI əsrin tələblərinə uyğun və ölkəmiz üçün strateji ixtisaslarda dünyanın ən yaxşı ali təhsil ocaqlarında təhsil almalarına şərait yaradacaq.  Dövlət Proqramının məzunu kimi Azərbaycan dövləti və şəxsən cənab Prezidentə təhsilə göstərdiyi bu yüksək qayğıya görə dərin minnətdarlığımı bildirir, yeni Proqramın gələcək iştirakçılarına indidən uğurlar diləyirəm. 

 

Əminəm ki, cənab Prezidentin imzaladığı Sərəncam əsasında qəbul ediləcək növbəti xaricdə təhsil Dövlət Proqramının iştirakçısı olacaq gənclər də onlara göstərilən bu yüksək etimadı və Azərbaycan xalqı qarşısındakı mənəvi məsuliyyətlərini daim göz önündə saxlayaraq yüksək ixtisaslı mütəxəssislər kimi ölkəmizin inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər və Azərbaycanın elmtutumlu və dayanıqlı iqtisadiyyatının hərəkətverici qüvvəsi olacaqlar.

 

Onu da demək lazımdır ki, ötən müddətdə birinci xaricdə təhsil Dövlət Proqramı ilə yanaşı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsilin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” da qəbul olunmuşdur ki, bu proqram çərçivəsində də bir çox dövlət ali təhsil müəssisələrimiz  nüfuzlu xarici universitetlərlə beynəlxalq ikili diplom sazişləri imzalayıb. Təkcə Pedaqoji Universitetlə ABŞ-ın Corc Vaşinqton Universiteti arasında “Təhsil”  ixtisası üzrə bağlanan ikili diplom proqramı üzrə magistratura səviyyəsində artıq hər tədris ilində 25 nəfər olmaqla 50 gənc təhsilini uğurla davam etdirir. Növbəti ildən qəbul planının 25-dən 40-a artırılması da nəzərdə tutulur.

 

Oruc MUSTAFAYEV