Təhsil müəssisələrinin 92 faizi Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub


Müasir, qloballaşan dünyada şəbəkə texnologiyalarının əhəmiyyəti günü-gündən artmaqdadır. Şəbəkə texnologiyalarının əsas məqsədi insanların biliklərə və resurslara davamlı çıxışını təmin etməkdir. Müasir texnologiyalar əsasında yaranan şəbəkələrdə kommunikasiyalar faktiki olaraq fiziki sərhədləri aradan götürür və insanlara məsafədən ünsiyyət imkanları yaradır. Elə bu məqsədlə də 2008-ci ildə ölkəmizdə Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) yaradılıb. Bununla da təhsil sahəsində şəbəkələrin texnoloji imkanları effektiv bir alətə çevrilmişdir. Onu da qeyd edək ki, ATŞ ölkənin bütün təhsil müəssisələrini birləşdirmək üçün geniş texniki imkanlara malikdir.

 

Bu günədək ATŞ-yə 4299 təhsil müəssisəsi qoşulmuşdur ki, bu da ölkə üzrə  təhsil müəssisələrinin 92%-ni əhatə edir. Hazırda Azərbaycan Təhsil Şəbəkəsi çərçivəsində yeni təhsil müəssisələrinin sürətli fiber-optik bağlantıya keçidi istiqamətində işlər aparılır. 2021-ci ilin sonunadək ölkə üzrə 50 şəhər və regiondan 435 mindən çox şagirdi və 34 mindən çox müəllim heyətini əhatə edən 478 yeni təhsil müəssisəsinin şəbəkəyə sürətli fiber-optik bağlantı ilə qoşulması nəzərdə tutulur. ATŞ-yə qoşulmuş təhsil müəssisələri sürətli və təhlükəsiz internetlə təmin edilib. Onların şəbəkə daxilində bir-biriləri və Təhsil Nazirliyinin digər qurumları ilə kommunikasiyasına müvəffəq olunub.

 

Bəs, ATŞ bizə hansı imkanları yaradır?

 

Dayanıqlı intranet (lokal şəbəkə infrastrukturu) xidməti

 

ATŞ-nin ən böyük üstünlüklərindən biri də təkcə internetə çıxışın deyil, eləcə də müəssisədaxili və müəssisələrarası lokal şəbəkələrin - İntranetin təmin edilməsindən ibarətdir. Bu isə o deməkdir ki, hətta internet olmasa belə təhsil müəssisəsi daxilində qurulmuş lokal şəbəkə vasitəsilə oflayn rejimdə məlumatların (faylların) operativ ötürülməsi və qəbul edilməsi mümkün olacaqdır. ATŞ-nin nəinki təhsil müəssisələrini, təhsil idarələri və şöbələrini də əhatə etdiyi nəzərə alınsa, vahid intranet şəbəkəsinin mövcudluğu ümumilikdə ölkənin təhsil sistemi daxilində sənəd dövriyyəsinin elektronlaşdırılması və audio-vizual rabitənin effektiv təşkili baxımından da xüsusi əhəmiyyətə malikdir.  

 

IP telefoniya xidməti

 

IP (və ya rəqəmsal) telefoniya - ənənəvi sabit xətli telefon rabitəsinin müəssisə/təşkilat daxilində mövcud olan intranet şəbəkəsi üzərindən təşkil edilən daha keyfiyyətli və azməsrəfli alternatividir. IP telefon rabitəsində məlumat rəqəmsal kanallar üzərindən ötürüldüyündən, telefon danışığının keyfiyyəti bir qayda olaraq daha yüksək olur. Bununla yanaşı, IP telefoniyadan istifadə edən müəssisələr telefon xidmətinə görə aylıq abunə və digər ödənişlərdən azaddır ki, bu da təşkilatın büdcəsində əhəmiyyətli qənaətə yol aça bilir.

 

Videokonfrans xidməti

 

Videokonfrans - korporativ intranet şəbəkəsi mövcud olan müəssisə/təşkilat daxilində və ya bu cür şəbəkə ilə birləşdirilmiş müəssisələr arasında görüntülü və səsli video zənglərin edilməsini mümkün edən telekommunikasiya xidmətidir. Bu xidmət vasitəsilə daxili İntranet şəbəkəsinə çıxışı olan əməkdaşlar bir-biri ilə keyfiyyətli və kəsintisiz videobağlantı yarada və canlı müzakirələr apara bilərlər.

 

Veb-süzgəcləmə xidməti

 

ATŞ-ni səciyyələndirən başlıca xüsusiyyətlərdən biri də onun məhz təhsilalanların ehtiyacları üçün münasib olan internetə - təhlükəsiz internetə çıxışı təmin etməsidir. Belə ki, ATŞ-yə qoşulmuş bütün təhsil müəssisələrində internet şəbəkəsindən istifadə olunarkən uşaq psixologiyasına mənfi təsir göstərə bilən istənilən zərərli, qeyri-etik və yolverilməz onlayn məzmun ATŞ-nin müvafiq proqram təminatı tərəfindən avtomatik qaydada bloklanır və məktəblərdə təhsil alan şagirdlər internetdən istifadə zamanı bu cür məlumatlarla bir qayda olaraq üzləşmirlər. ATŞ-nin İnternet filtrasiya xidməti hazırda onlayn axtarış sistemlərində müxtəlif dillərdə 60-dək kateqoriya üzrə zərərli informasiyanın axtarışını məhdudlaşdırır və şagirdlərin arzuolunmaz veb-məzmunlardan maksimal müdafiəsini təmin etməyə imkan verir. Bu isə öz növbəsində, uşaq psixikasının internetin zərərli təsirlərindən qorunması ilə yanaşı, tədris prosesində şagirdlərin diqqətinin yalnız faydalı məzmunlar üzərində cəmləşməsinə xidmət edir.

 

Texniki dəstək xidməti

 

Layihə çərçivəsində respublikanın şəhər və rayonlarında yerləşən təhsil müəssisələrində şəbəkə və İKT avadanlıqlarına texniki dəstək xidmətləri göstərilir. Texniki dəstək xidməti təhsil müəssisələrində baş verəcək texniki nazaslığı operativ şəkildə aradan qaldırır.

 

GEANT şəbəkəsinə çıxış

 

Ölkənin ən iri korporativ İKT şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) milli təhsil sistemi üçün nəinki texniki və texnoloji, eləcə də elmi-intellektual müstəvidə geniş imkanlar təmin edir. Şəbəkənin potensialı  bu gün orta ümumtəhsil müəssisələri ilə yanaşı respublikanın ali təhsil müəssisələri üçün də innovativ elmi-tədqiqat imkanları yaradır. Belə ki, ölkə üzrə ali təhsil verən bütün universitetlər Azərbaycan Təhsil Şəbəkəsinə qoşularaq şəbəkənin resursları üzərindən “GEANT” beynəlxalq akademik şəbəkəsinə çıxış əldə edə və bu şəbəkənin elmi araşdırma potensialından yararlana bilərlər.

 

Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan təhsil müəssisələrinin rəhbərləri şəbəkə ilə bağlı fikirlərini bizimlə bölüşüb.

 

“Optik internet bizə həm sənədləşmə işlərinin yerinə yetirilməsi, həm də müəllimlərin keyfiyyətli dərsin təşkilində təkan verir”

 

Yevlax şəhər 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədova kommunikasiyaların qurulmasında şəbəkənin məktəbin işini çox asanlaşdırdığını deyib: “İndiki dövrdə internetsiz həyatı təsəvvür etmək çətindir. O cümlədən təhsildə sürətli internet çox vacibdir. Belə ki, optik internet bizə həm sənədləşmə işlərinin yerinə yetirilməsi, həm də müəllimlərin keyfiyyətli dərsin təşkilində təkan verir. Bizim məktəbə 2019-cu ildə sürətli internet xətti çəkildi. Bu xətt çəkildikdən sonra sənədləşmədə heç bir maneə olmadı. UTİS, şagird-məzun, poçt və digər proqramlardan kəsintisiz istifadə mümkün oldu”.

 

“Elektron lövhələr və digər kompüter avadanlıqlarından istifadə xeyli rahatlaşıb”

 

Oğuz şəhər 1 nömrəli tam orta məktəbin direktoru İsmayıl Məşədiyev  də ATŞ-nin yaratdığı imkanlardan söz açıb. O, təhsil sahəsində kommunikasiyaların vacibliyini bildirib: “Sürətli internet xətti çəkildikdən sonra müəllimlər tədrisdə interaktiv alətlərdən istifadə edə bilirlər. Elektron lövhələr və digər kompüter avadanlıqlarından istifadə xeyli rahatlaşıb. Hazırda məktəbimizdə 7 elektron lövhə var və məktəbin bütün ərazilərində internet əlçatan olub”.

 

“Sürətli internet vasitəsilə tapşırıqlar vaxtında yerinə yetirilir”

 

Mingəcevir şəhər Texniki humanitar Liseyin direktoru Nailə Məmmədova deyir ki, rəhbərlik etdiyi təhsil müəssisəsi 3 ildən çoxdur ki, ATŞ-yə qoşulub. O, liseyin ATŞ-yə qoşulduqdan sonra  bir neçə innovativ layihələrdə daha aktiv iştirak etmək imkanı əldə etdiklərini sözlərinə əlavə edib: “Artıq 3 ildir ki, liseyimizdə “Rəqəmsal bacarıqlar”, “STEAM-Azərbaycan” kimi layihələr tətbiq edilir. Digər dərslərin tədrisində də internet resurslardan tez və keyfiyyətli istifadə etmək imkanımız var. Bundan əlavə, məktəbdaxili qiymətləndirmə, SELFİYE PİLOT AZƏRBAYCAN layihəsində beynəlxalq qiymətləndirmə zamanı da sürətli internet vasitəsilə tapşırıqlar vaxtında yerinə yetirilir. Optik internetin sənədləşmə, yazışmalarda çox böyük üstünlüyü var. Belə ki, hazırda elektron jurnal layihəsinin tətbiqinə başlayırıq. Bütün bunları güclü, effektiv kommunikasiya şəbəkəsinə qoşulduğumuz üçün rahat şəkildə yerinə yetirə bilirik”.

 

Niyazi RƏHİMOV