Saku Tuominen: “Biz onları sinif otağında, dərs zamanı kəşf etməliyik”
“Yeni çağırışlar”da növbəti qonaq “HundrED” qlobal təhsil təşkilatının rəhbəri olub
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı tanınmış finlandiyalı sahibkar, kreativ direktor və yazıçı, “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəri Saku Tuominen təhsil təcrübələrini bölüşüb. Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “T-Network”-un koordinatoru Cəfər Mənsiminin təqdimatında davam edən “Yeni çağırışlar” proqramının 9 sentyabr 2021-ci il tarixində yayımlanan bölümündə təhsildə yenilik, dəyişiklik və yaradıcılıq haqqında söhbət aparılıb. Proqram Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində canlı yayımlanıb.
İdealist Saku Tuominen
Görüşün aparıcısı Cəfər Mənsimi yeni mövsümdə izləyiciləri salamlayıb və qonağı onlara təqdim edib. İdealist olmağı özünə yoldaş seçən Saku Tuominen “HundrED” qlobal təhsil təşkilatının yaradıcısı və rəhbəridir. “HundrED” qlobal təhsil təşkilatı hər il dünyada 100 ən ilhamverici və innovativ ideyanı araşdırıb paylaşır. Genişmiqyaslı innovasiyaların tətbiq edilməsində köməklik göstərərək məktəblərin inkişafına töhfə verir. Saku Tuominen “Yaradıcı zəka”, “Yaradıcılığın ABC-si”, “Yaxşı həyat”, “İdeyalar necə meydana çıxır?”, “Məktəb tətilləri”, “İş dəftəri” və bir sıra başqa kitabların müəllifi və ya həmmüəllifidir. 1989-cu ildən Finlandiyada uğurlu televiziya proqramları istehsal edən “Brodkaster” şirkətinin əsasını qoyanlardan biridir. 2009-2010-cu illərdə Londonda yerləşən dünyanın 3-cü ən böyük televiziya şirkəti “Zodiac Entertaiment”in baş kreativ direktoru vəzifəsində çalışıb. Televiziya sahəsində 20 illik təcrübəsi ilə çox sayda layihənin və verilişin müəllifi olub. 2009-cu ildə yeni ideyalar istehsal edən “Idealist Group”u yaradıb. Şirkətin əsas hədəfi hərtərəfli planlanmış güclü ideyalarla dünyanı dəyişməkdir. Bununla yanaşı, Aalto Universitetində yaradıcılıq və innovasiya mövzusunda dərs deyir. 2021-ci ildə “İlin natiqi” adına layiq görülüb.
Boş vaxtlarında mahnı bəstələyir. İtaliyanın Le Marş şəhərində zeytun yağı istehsalı ilə də məşğuldur. 2009-cu ildə Kanadanın Kvebek şəhərində keçirilən buzüstü xokkey yarışmasında gümüş medala layiq görülüb.
C.Mənsiminin Saku Tuominenə ünvanladığı birinci sual “Soyadınızın mənası “idxal” deməkdir. Siz də öz həyatınızda bir çox fəaliyyətləri, belə demək mümkündürsə, idxal etmisiniz. Məsələn, yazıçılıq, sahibkarlıq, təşəbbüskarlıq, mahnı bəstələmək, buzüstü xokkeylə məşğul olmaq, televiziya verilişləri istehsal etmək və s. Siz özünüzü “idealist” adlandırırsınız. Nə vaxtdan, necə və niyə idealist olmaq qərarına gəldiniz? “İdealistəm” dedikdə nəyi nəzərdə tutursunuz?” olub. Saku Tuominen öz növbəsində hər kəsi salamlayaraq bu sualın onun üçün çox əhəmiyyətli olduğunu qeyd edib. Bildirib ki, o, 1989-cu ildən başlayaraq şirkət sahibi və sahibkarlıq fəaliyyətilə məşğul olmaq fikrindən birbaşa işlərə keçib, arzularını gerçəkləşdirmək üçün əməli addımlar atıb. “Böyük ideyalar gözəldir, böyük ideyaları həyata keçirmək də bir o qədər gözəldir. Bu son 30 ildə mən böyük ideyaları həyata keçirmək, dünyanı böyük ideyalar vasitəsilə dəyişmək eşqilə yaşamışam”- Saku Tuominen deyib.
Qonaq “idealist” dedikdə nikbin, problemləri asanlıqla həll edəcəyinə inanan, düzgün təsir vasitəsilə problemləri aradan qaldırmağı bacaran insanları nəzərdə tutduğunu bildirib: “İdealist şəxs həyatımızda mövcud olan çeşidli - istər təhsil, qlobal istiləşmə, iqlim dəyişikliyi və digər problemlərdən gileylənmək, əsəbləşmək əvəzinə yaxşılığa doğru vəziyyətdən çıxış yolu axtarıb tapmaq üçün işlər görür. Bununla yanaşı, o, nikbin insandır və tək sözlərlə kifayətlənmir, əməli işlər həyata keçirir”.
İdeal təhsil sistemi və uğurlu müəllim necə olmalı?
“İdeal təhsil sistemini necə görürsünüz?” və “İdeal təhsil sistemi dizayn etmək üçün nələri təklif edirsiniz?” suallarına cavabında Saku Tuominen bu mövzu haqqında həftələrlə danışsa kifayət etməyəcəyini söyləyib: “Təhsil özü kompleks məsələdir, müxtəlif hissələrdən ibarətdir, bir çox tərkib elementləri vardır. Burada bütün tərəfləri nəzərə almaq lazımdır, istər müəllimlər, valideynlər, tələbələr, istər məktəb inzibatçıları, direktorlar və s. Bu məsələdə, sözün əsl mənasında, səbrli olmaq, təvazökar davranmaq lazımdır. Biz sistemdə dəyişiklik etmək, islahat aparmaq istəyiriksə, bu, tez bir zamanda baş verməyəcək. Məqsədə çatmaq üçün qətiyyətli, səbirli və ehtiyatlı davranmaq mütləqdir. Sistemi təkmilləşdirmək istəyərkən o qədər əlavəniz olar ki, müəllim və eyni zamanda bütün sistem bu yükün altında əzilər”.
Finlandiyanın təhsil təcrübəsi və müəllimlərinin uğuru haqqında danışarkən Saku Tuominen əsas səbəb olaraq ölkəsində müəllim hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb: “Finlandiya müəllimlərinin təlimi, onların hazırlığı ilə bağlı çox yaxşı bir sistem qurulub. Finlandiyada müəllim təlimi və tədrisi proqramları yüksək səviyyədədir və orada bir çox insan müəllim olmaq istəyir. Digər bir amil də etibardır. Finlandiyada müəllimlərə çox böyük inam və etimad vardır. Bu səbəbdən də orada müəllimlər həyatları boyu bu işdə qalırlar. Halbuki Britaniyada, ABŞ və digər ölkələrdə bir çox müəllimlər bu peşəni tərk edirlər, çünki həmin ölkələrdə müəllimlərin kvalifikasiyası ilə bağlı çoxsaylı imtahan və testlər mövcuddur. Bu isə müəllimləri yorur, cəmiyyətdə sanki onlara qarşı inamsızlıq var. İki amil - müəllimlərə etimadın olması və yüksək səviyyəli təlim-tədris proqramları uğurun əsas açarıdır”.
Təhsildə təşəbbüskarlıq
“Təhsildə təşəbbüskar olmaq, şagirdlərin təşəbbüskarlığını inkişaf etdirmək üçün nələri təklif edərdiniz?” sualına cavabında qonaq təhsil sistemində həddindən artıq təhlil, fikir və təkliflərin mövcudluğunu, lakin konkret işlərin görülmədiyini bildirib. O qeyd edib ki, təhsilin bir tərəfini cəmiyyətə yönəltmək, cəmiyyət içində tədbirlər təşkil etmək, fəaliyyət göstərmək lazımdır. Tək nəzəriyyə, məktəbdə oxumaq, öyrənməklə deyil, təcrübəyə də önəm verilməlidir. Təşkilat rəhbəri çox zaman bunun əksini gördüyünü, məktəb hüdudlarından çıxılmadığını, cəmiyyətə və əməli işlərə keçilmədiyini söyləyib. Buna misal olaraq Saku Tuominen Finlandiyada Hindistan təcrübəsindən bəhrələnmiş təşəbbüsün həyata keçirilməsi, məktəblərin yerləşdiyi ərazilərin, parkların zibildən təmizlənməsində şagirdlərin köməyindən istifadə edilməsi, bu ərazilərin nə üçün zibilləndiyini aydınlaşdırmaq məqsədilə şagirdlərin sorğu, müsahibələrdə iştirakı, təmizlənməsi ilə bağlı şagirdlər tərəfindən videogörüntülərin çəkilməsi və paylaşılması haqqında danışıb: “Nəticə olaraq şagirdlər problemi təsvir etmək, onu anlamaq, həll yollarını tapmaq kimi bütün mərhələlərdə praktiki cəhətdən iştirak edirlər. Fikrimcə, bu cür yanaşma çox faydalıdır”.
“HundrED” qlobal təhsil təşkilatının gördüyü işlər
C.Mənsiminin “Yaratdığınız “HundrED” qlobal təhsil təşkilatı innovativ və yaradıcı ideyanı araşdırıb paylaşır. Beləcə siz təhsildə dəyişiklik yaratmağa çalışırsınız. “HundrED” vasitəsilə təhsildə təbliğ etdiyiniz əsas ideya nədir?” sulına cavab olaraq Tuominen dünya təhsil sistemi ilə bağlı bir çox neqativ xarakterli müzakirələrin olduğunu, bir çoxlarının müəllimləri günahlandırdığını qeyd edib. “Biz isə tam əminik ki, problemlərlə yanaşı çox gözəl hadisələr baş verir. Biz istəyirik ki, bu düşüncəni müəllimlərə çatdıraq. Dünya ölkələrinin sinif otaqlarında baş verənlər haqqında çox gözəl təcrübələr var və istənilən müəllim bunlardan ilhamlana, həmin təcrübələri öz sinfində tətbiq edə bilər” - təşkilatın yaradıcısı bildirib.
Saku Tuominen qeyd edib ki, hədəfi təhsildə dəyişiklik etməkdən ibarət olan “HundrED”dən müəllimlərin faydalanması üçün onlar Təhsil Nazirlikləri, şəhər səviyyəsində təhsil siyasəti ilə bağlı qərarları qəbul edən tərəflərlə iş birliyi həyata keçirmək, müxtəlif mövzularda (təhsildə kreativ yanaşmalar, sosial məsələlər, psixi sağlamlıq) dünyanın müxtəlif ölkələrindən, istər Finlandiya, ABŞ, Avstraliya, Latın Amerikası, toplanmış təcrübələri paylaşmaq əzmindədir. Azərbaycana uyğun olan təcrübələrin tətbiqi ilə əlaqədar aidiyyəti qurumlara kömək etmək niyyətində olduqlarını diqqətə çatdırıb. “HundrED”in rəhbəri bildirib ki, sıralarında 110 ölkəni təmsil edən 1000-dən çox müəllim səfirlərimiz var və bu, artıq qlobal hərəkata çevrilib. Saku Tuominen azərbaycanlı müəllimləri də həmin qlobal hərəkata qoşulmağa dəvət edib.
“HundrED”də sosial və duyğusal öyrənmə önə çəkilir. Təhsildə sosial və duyğusal öyrənmənin təmin edilməsi üçün hansı addımların atılması lazımdır?” sualına cavabında kreativ direktor hal-hazırda qlobal miqyasda təhsil sistemilə bağlı təhlil həyata keçirdiklərini diqqətə çatdırıb. Araşdırmanın məqsədi dünya səviyyəsində təhsil sahəsində olan mövcud innovasiyalar, xüsusilə sosial-emosional təhsillə bağlı innovasiyalar olduğunu deyib: “400-dən çox innovasiyanı təhlil etdikdən sonra 30-nu seçəcəyik. Aparılan araşdırma və sorğu əsnasında görürük ki, sosial-emosional proseslər deyəndə təhsildə uşaqları əsas narahat edən məsələ iqlim dəyişikliyidir, digər bir məsələ uşaqların psixi sağlamlığıdır (depressiya, ruh düşgünlüyü). Təhsillə bağlı şagirdlərdə nailiyyətlər, sosial-emosional bilik sahəsində isə axsamalar olacaqsa, uğurlar davamlı ola bilməz. Digər biliklərlə yanaşı uşaqlara mütləq sosial-emosional bacarıqlar aşılanmalıdır”.
Yaxşı həyat
“Yaxşı həyat” kitabının müəllifi Saku Tuominen “Yaxşı həyatın açarı nədir?” sualını cavablandırarkən bununla bağlı bir düsturun olmadığını, insanların fərqləndiyi kimi yaxşı həyat anlayışlarının da fərqli olduğunu deyib. Yazıçı yaxşı həyatı belə təsvir edib: “Yaxşı həyat bir çoxları üçün mənalı, məqsədli, hədəflərə doğru irəliləmək arzusu, coşqulu həyatdır. Həyatda nəyəsə nail olmaq həvəsi, istəyi varsa, həyat daha mənalı, daha dolğun olar. Yaxşı həyat sadə həyat demək deyil, həyatda problemlər olmalıdır. Problemsiz həyat yaxşı həyat anlamı ilə eyni deyil. Siz etdiklərinizdən qürur duyursunuzsa, bu, sizə rahatlıq gətirirsə, demək siz yaxşı həyat yaşayırsınız. Biz bu keyfiyyətləri övladlarımıza da aşılamalıyıq. Uşaqlara həyatın dəyərini bilməyi, özünü dinləmək qabiliyyətini öyrətməliyik. Eyni zamanda övladlarımızı tək dinləməklə kifayətlənməməyə, dünyanı kəşf etməyə, ətrafda baş verənlərə cavab tapmağa çağırmalıyıq. Əgər bu olmasa, inkişafdan söhbət gedə bilməz”.
Saku Tuominen sosial şəbəkələrin vüsət aldığı dövrümüzdə insanların bir-birlərinin yaşam tərzlərini müqayisə, qayğılardan giley etməsindən danışıb və bildirib ki, əslində hər kəsin özünəməxsus problemləri var. Sahibkar həyatımızda bütün baş verənlərdə bir fayda olduğunu qeyd edib. Onun fikrincə, bütün çətinliklərə rəğmən pozitiv düşünmək, problemi həll etməyə çalışmaq həyatda yaxşı, giley, neqativə yönəlmə isə mənfi nəticələrə gətirir. “Müəllim bütün çətinliklərə rəğmən inanmalıdır ki, şagirdlərdə dəyişikliklər yarada bilər, çünki şagirdlər müəllimin dediklərilə yanaşı hərəkətlərini də təqlid edirlər”.
“Yeni çağırış”çı C.Mənsiminin “Məktəb həyatını həyat məktəbinə çevirmək üçün nələri tövsiyə edərdiniz?” sualının cavabında yazıçı qeyd edib ki, hər bir sistemin aparıcı oyunçuları vardır və bunlar insanlardır. İnsanların şüurunu, dərrakələrini dəyişməyin vacibliyini vurğulayan Tuominen deyib: “Elə bir şüur formalaşdırılmalıdır ki, sistem nə dərəcədə çətin və nəhəng olmasına baxmayaraq “mən dəyişiklik edə bilərəm və bu dəyişiklik ortaya müsbət nəticələr qoyacaq” söylənilsin. Məhz düşüncə tərzi dəyişikliklər yarada bilər”.
Zeytun və təhsil
Təhsili və zeytun ağaclarını çox sevən Saku Tuominen zeytun ağacları kimi təhsildə olan insanların da göründüyü kimi olmadığını deyib. “Zeytun ağacının gövdəsini, budaqlarını, yarpaqlarını görürük, kökünü yox. Bu ağaclar çox maraqlıdır. İnsan da müəyyən mənada bu ağaclara bənzəyir, xüsusilə müəllimlər. Biz onları sinif otağında, dərs zamanı kəşf etməliyik. Eləcə də hər bir uşağın şəxs olduğunu, bacarıqlarını, resurslarını duymaq, görmək çox vacibdir. Bəzən insanlar çətin sınaqlardan keçməli olur. Lakin insanın imkanları o qədər zəngindir ki, istənilən çətinlikləri dəf etməyə qadirdir”.
“Mən özümü həmişə ac saxlamağa çalışıram. Məndə inkişaf etmək, fikirlər və yaradıcılığı davam etdirmək üçün həqiqi bir istək və arzu var. Məni digər insanlardan fərqləndirən bir xüsusiyyət var ki, “mən bilirəm” yerinə “mən bilmirəm” sözündən istifadə edirəm” fikrinin müəllifi Saku Tuominen qeyd edib ki, həyatın müəmmalığı onun gözəlliyinə dəlalət edir. O, çox zaman “ola bilər, baxarıq, görərik” kəlmələrindən istifadə etdiyini, belə yanaşmanın onda kəşf etmək coşqusu yaratdığını dilə gətirib.
Kreativ direktor, “Yaradıcı zəka”, “Yaradıcılığın ABC-si”, “İdeyalar necə meydana çıxır?” kitablarının müəllifi olaraq Saku Tuominen təhsildə yaradıcı zəkanı inkişaf etdirmək üçün yeni təcrübələrə can atmağa, bundan usanmamağa, özünü müxtəlif sahələrdə sınamağa çağırıb, “Uğursuzluqlar sizi yeni kəşflərə sövq etməlidir”- deyib.
Yazıçının fikrincə, hər bir insan yaradıcı və kreativdir, sadəcə həyat boyu müəyyən hadisələr baş verir və insanlar bu kreativliyi unudur. İnsanların sahib olduqları ideyalara, fikirlərə inanmalarının vacibliyini önə çəkən yazıçı insanın özünün səmərəli olmağına inanmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bəzən müəyyən addımlar özünü doğrultmaya, görülən işlər səmərə verməyə bilər, bu cür halları Tuominen çox normal qarşılamağa çağırıb.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını cavablandıran Saku Tuominen səkkiz güşəli ulduzun guşələri kimi aşağıdakı çağırışları sadalayıb: “1.əlçatan, hamıya bərabər imkanlar yaradan keyfiyyətli təhsil; 2.gələcəkdə təhsilin fərdiləşməsi; 3.sosial-emosional, psixi sağlamlıq, dayanıqlı inkişaf kimi yeni bacarıqların təhsilə əlavə edilməsi; 4.müəllimlərdə kreativliyin, yaradıcılığın qiymətləndirilməsi; 5.təhsildə impatiya, məlumatcanlılıq, kreativlik kimi yeni bacarıqların tədris olunması; 6.təhsil prosesində müəllimlərin həlledici rolu; 7.pedaqogika sahəsində yeni kəşflər, yanaşmalar; 8.valideynlərin rolu, hər bir təhsil mərhələsində valideynlərlə hesablaşmaq lazımdır”.
Görüşün sonunda “Yeni çağırışlar” proqramının koordinatoru C.Mənsimi çox maraqlı müsahibə üçün qonağa, eləcə də proqramı dəstəkləyən Təhsil Nazirliyinin rəhbərliyinə, əməyi keçən hər kəsə sonsuz təşəkkürünü bildirib.
Saku Tuominen də öz növbəsində proqramda iştirak etməsindən məmnun olduğunu deyib və təşəkkür edib.
Lamiyə ƏLİMƏRDANOVA