Fəxriyyə Məmmədova Amerikada elmi tədqiqatlar aparacaq


Müasir dünyanın üzləşdiyi bir sıra problemlər nüfuzlu universitetlərdə aparılan elmi tədqiqatların əsas mövzularını təşkil edir.  Çox əlamətdar haldır ki, qlobal elmi tədqiqatlarda Azərbaycandan olan gənclər də iştirak edir və onların sayı ildən-ilə artır.

 

Bu yaxınlarda ABŞ Dövlət Departamenti tərəfindən tam maliyyələşdirilən “Fulbrayt” Elmi-Tədqiqat Səfər Proqramının cari tədris ilində Birləşmiş Ştatlarda elmi tədqiqatlar aparacaq qaliblərinin adları açıqlanıb.  Sevindirici haldır ki, qaliblər arasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü, gənc tədqiqatçı Fəxriyyə Məmmədova da var. 

 

Qeyd edək ki, F.Məmmədova  1987-ci il avqustun 15-də Bakıda anadan olub. 2004-cü ildə 83 nömrəli məktəb-liseyi fərqlənmə attestatı ilə bitirib. Həmin il Sankt-Peterburq Dövlət Universitetinin kimya fakültəsinə qəbul olunub, 2009-cu ildə həmin universiteti kimyaçı olaraq bitirib. 2009-2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunda kimyaçı kimi çalışıb. Eyni zamanda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında kimya fənni üzrə Ekspert Şurasının üzvü kimi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları üçün test tapşırıqlarının hazırlanması və ekspertizasında  iştirak edib. 2011-ci ilin dekabr ayında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin aspirantura pilləsinə qəbul olunub. 2015-ci ilin iyun ayında biotexnologiya, o cümlədən bionanotexnologiya ixtisası üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2015-ci ilin avqust ayından AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi, Bakı Mühəndislik Universitetində kimya müəllimi  vəzifəsində çalışıb.  2018-2019-cu  tədris ilindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində çalışır.  O, eyni zamanda 2016-cı ildə elm sahəsində Gənclər üçün Prezident mükafatına layiq görülüb.
F.Məmmədovanın elmi-tədqiqat işlərinin nəticələri bir sıra nüfuzlu xarici elmi jurnallarda dərc edilib, beynəlxalq konfranslarda təqdim olunub.

 

Qeyd edək ki,  “Fulbrayt” Elmi-Tədqiqat Səfər Proqramı  Birləşmiş Ştatlarda doktorantura sonrası tədqiqat aparmaq, mühazirələr oxumaq və yaxud birgə mühazirə-tədqiqat aparmaq istəyən müxtəlif elmi dərəcəli tədqiqatçılar, təhsil müəssisələrindən ekspertlər və universitet mühazirəçiləri üçün nəzərdə tutulmuş qeyri-dərəcə, doktorantura sonrası təqaüd proqramıdır. Ölkənin qabaqcıl akademik mübadilə proqramı olan “Fulbrayt”  hər il ABŞ-da təhsil, tədris və araşdırma sahələri üçün 8000 sayda təqaüd ayırır. 1946-cı ildə yarandığı gündən bu vaxta qədər “Fulbrayt” Proqramında Azərbaycan daxil olmaqla, 160-dan çox ölkədən 400 min insan iştirak edib.  Bu proqramın məzunları arasında 40 hazırki və ya keçmiş dövlət xadimləri, hökumət başçısı, 60 Nobel,  89 Pulitzer mükafatı laureatı var.

 

Gənc tədqiqatçı F.Məmmədovaya və proqramın digər azərbaycanlı iştirakçılarına elmi tədqiqatlarında uğurlar arzulayırıq.


 

Oruc MUSTAFAYEV