Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin nəticələri elan olunub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 41, fərdi kateqoriya üzrə 125 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Fərdi kateqoriya üzrə qalib layihələrdən biri 1-ci qrant müsabiqəsi çərçivəsində uğurla həyata keçirilmiş  “STEM Azərbaycanda” layihəsinin məntiqi davamı olan “STEM  Azərbaycanda 2018”  Müəllim Konfransı layihəsidir.

 

Layihənin rəhbəri  Sumqayıt şəhəri, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin fizika müəllimi Aliyə Əhmədovadır. Layihənin icrası  20 iyun-20 sentyabr 2018-ci il  zaman intervalında  nəzərdə tutulub.

 

Qafqaz regionunda ilk dəfə olaraq həyata keçiriləcək konfransın məqsədi STEM təlim texnologiyasının yeni təhsil proqramına inteqrasiya edilməsi, təhsilalanları XXI  əsr bacarıqlarının formalaşdırılmasının əhəmiyyyəti istiqamətində maarifləndirməklə, özündə müxtəlif STEM məzmunlu panellər birləşdirən müəllim konfransının təşkil edilməsidir. Konfransda təhsil müəssisələrinin riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, texnologiya, informatika, həyat bilgisi və ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulub.  Konfransın 2 sentyabr  2018-ci il tarixində Sumqayıt şəhərində keçirilməsi planlaşdırılıb. Konfransda iştirak formaları  barədə ətraflı məlumat və qeydiyyat forması layihənin saytında (www.stemazerbaycanda.com) və facebook sosial səhifəsində  yerləşdirilmişdir.

 

Qeyd edək ki, konfransa göndərilmiş məqalələr seçilərək toplu şəklində çap ediləcək və iştirakçılar sertifikatla mükafatlandırılacaq.