Memarlıq və İnşaat Universitetinin 43-cü buraxılışı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin qapısından girən kimi özünü xoşbəxtlik selinə düşmüş kimi hiss edirsən. Hamının üzü gülür. Ancaq sanki emosiya azdır. Universitetin böyük həyətini cübbəlilərin şən-şaqraq səsləri bəzəməli olduğu halda, sakitliyi, hərəkətsizliyi ilə diqqət çəkən məzunlar gözə dəyir. Sanki məzun olan onlar deyil, bir təhsil pilləsini uğurla başa vurduqları üçün onları təbrik etməyə gələn, əlində gül dəstəsi ilə ora-bura vurnuxan yaxınlarıdır...
Hava istidir, bu başqa məsələ. Amma onlar da həyatın ən hərarətli bir mərhələsini arxada qoyurlar. Bunun üçün sevinməyə, sevincini dünyaya göstərməyə dəyər.
Buraxılış gecəsinin keçiriləcəyi binaya doğru gedirik. Universitetin ortasındakı parkı keçəndən sonra hərarət yüksəlməyə başlayır. Aha, deyəsən, gənclərin fəal hissəsi bu tərəfdə toplaşıb. Nəinki həyətdə, binanın hər mərtəbəsində şəkil çəkdirməkdən doymayan, həyəcanını ifadə etməkdən çəkinməyən, sevincini paylaşmaqdan qorxmayan gənclər pilləkənlərdə sədd qurublar. Sanki neçə il bu pillələri dəfələrlə qalxıb-düşməyiblər. Elə bil bu divarların arasından gündə on dəfə keçməyiblər. Universitet binasının hər tininə bələd olan keçmiş tələbələr indi hər divara, pilləkənin hər pilləsinə həsrət qalacaqmış kimi, addımbaşı şəkil çəkdirir. Kənardan baxana elə təsir bağışlayır ki, təhsil aldıqları məktəbin hər daşını həyatlarının yaddaşına köçürmək istəyirlər. Axı, onlar hər gün məzun olmurlar.
Sizi gözləyirik!
Beləliklə, 2017-2018-ci tədris ili məzunlarının təntənəli buraxılış mərasimindəyik. Burada kim yoxdur ki? Dövlət qurumlarının, səfirliklərin nümayəndələri, millət vəkilləri, universitetin əməkdaşlıq etdiyi şirkətlərin rəhbərləri, AzMİU-nun fəxri məzunları, valideynlər akt zalının da, tədbirin də hərarətini yüksəldirlər.
Səhnədə universitetin 3-cü kurs tələbəsi, burada keçirilən bütün tədbirlərin aparıcısı Fidan Məmmədzadə və inşaat fakültəsində dekan müavini Tural Əliyev görünür. Qonaqları salamlayandan sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin 43-cü buraxılış gecəsini açıq elan edirlər.
Əvvəlcə məzunları AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova təbrik etdi: “Ümid edirəm ki, həyatınızın bundan sonrakı mərhələlərində təhsil aldığınız bu universitetin adını ucaldacaq, diplomunun hörmətini qaldıracaqsınız. Universitetimizdə aldığınız mütəxəssis və həyat dərsi hər zaman köməyinizə gələcək. Hər birinizi təhsilin sonrakı pillələrində oxumaq üçün gözləyirik. Sizi auditoriyalarımızda müəllim kimi gözləyirik!”.
Rektor qeyd edib ki, hər buraxılış gecəsi onlar üçün hesabat günüdür. Məhz bu gün rəqəmlərə baxıb universitetin fəaliyyətinə qiymət verirlər. Dönüb başa vurduqları tədris ilinə nəzər salır, səhvlərinə qiymət verir, doğrularını qeyd edirlər. Nəyi düz, nəyi səhv etdiklərinin, həyata keçirilən fəaliyyətin nəticəsində hansı uğurları qazandıqlarının hesabatını aparırlar.
Tələbələr istəsə, daha çox kredit götürüb, universiteti daha tez bitirə bilərlər
Budur, daha bir tədris ilinin nəticələri ortaya qoyulur.
AzMİU-da ötən ildən qalan məzun yoxdur. Cübbəlilərin hamısı məhz bu ilin məzunlarıdır. Ancaq bu il məzun ola bilməyənlər var. Buraxılış kursu olan 420 tələbə tələb edilən kredit sayını toplamadığı üçün təhsilini növbəti illərdə davam etdirəcək. Bunu kredit sisteminin tələbələrin qarşısına qoyduğu çətinliklərdən biri kimi dəyərləndirən rektor G.Məmmədova təhsilini tamamlaya bilməyənlərin 23 faiz təşkil etdiyini vurğulayıb.
Kredit sisteminin tələblərini yerinə yetirənlər isə daha çoxdur. Başa çatan tədris ilində universiteti bakalavriat səviyyəsində 22 ixtisas üzrə 1130 nəfər bitirib. Onlardan 4 nəfəri fərqlənmə diplomuna layiq görülüb.
Bakalavriat səviyyəsi üzrə məzunlardan 337 nəfər magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib. Onlardan 40 nəfəri xarici ölkə universitetlərinin magistr proqramlarına qəbul olunub.
Tünzalə Mikayılova magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçən 337 nəfərdən biridir. 95 bal toplayaraq AzMİU-nu fərqlənmə diplomu ilə bitirir. Tikinti iqtisad fakültəsində marketinq ixtisası üzrə təhsil alan məzun magistratura səviyyəsində də təhsilini AzMİU-da davam etdirəcək: “Kredit sisteminin çətinliyi oldu. Ancaq öhdəsindən gəldik. Hesab edirəm ki, təhsilini tamamlaya bilməyənlərə görə kredit sisteminin çətinliyini səbəb göstərmək doğru deyil. Biz öhdəsindən gəldiksə, onlar da gələ bilərdi. Hətta bu sistemlə təhsilimizi daha tez tamamlaya da bilərdik. İstəsək, daha çox kredit götürüb, universiteti daha tez bitirə bilərik. Mən bunu etmək istəmədim. İstədim ki, təhsilimi elə 4 ilə tamamlayım”.
“AzMİU-nun verdiyi təhsillə başqa ölkələrin verdiyi təhsil arasında böyük fərq görməmişəm”
Azərbaycan Memarlıq və İnşaat Universitetini magistratura səviyyəsində 38 ixtisaslaşma üzrə 227 nəfər gənc bitirir. Onların böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib. 16 nəfər fərqlənmə diplomuna layiq görülüb. Magistratura səviyyəsini bitirən gənclərdən 4-ü Tempus layihəsi çərçivəsində “Ekologiya mühəndisliyi” ixtisası üzrə AzMİU ilə İspaniyanın Koruna Universitetinin ikili diplom proqramı ilə təhsil alıb. Daha 4 magistr Tempus layihəsi çərçivəsində hazırlanmış “Enerji menecmenti” ixtisası üzrə təhsilini tamamlayıb.
Əsli Kərimli də magistr təhsilini AzMİU-da tamamlayanlardandır. Memarlıq fakültəsinin bina və qurğuların memarlığı ixtisası üzrə təhsil alıb. Xaricdə təhsil almaq üçün can atan azərbaycanlı gənclərdən fərqli olaraq, o, ölkə ali təhsil müəssisələrinin, xüsusən, AzMİU-nun verdiyi təhsilin keyfiyyətindən razıdır: “Məncə, hər şey tələbənin özündən asılıdır. Hansı ölkənin universitetində oxumağından asılı olmayaraq, insanın keyfiyyətli kadr kimi yetişmək istəyi varsa, bunu mütləq edəcək. Müəllimlər bizə istiqamət verir. Azərbaycanda da dünya universitetlərində verilən proqramlar tətbiq edilir. Bizim işimiz oxumaq, daim öz üzərimizdə işləməkdir. Xaricdə master-klas keçmişəm. Mən AzMİU-nun verdiyi təhsillə başqa ölkələrin verdiyi təhsil arasında böyük fərq görməmişəm. Odur ki, bir Azərbaycan təhsil müəssisəsində, xüsusən, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almağımla qürur duyuram”.
AzMİU-nun əcnəbi tələbələri
AzMİU-da təhsil alması ilə nəinki fəxr edən, hətta bunun üçün kilometrələrcə məsafə qət edənlər də var. 2017-2018-ci tədris ilində AzMİU-da tədris 3 dildə təşkil edilib. Nəticədə builki buraxılışda 95 nəfər rus və 28 nəfər ingilis dilində təhsilini başa vurub.
Ümumiyyətlə, AzMİU-nun builki məzunları arasında Türkiyə, İran, İraq, Rusiya, Türkmənistan, Sierra-Leone, Qazaxıstan, Gürcüstan və Suriyadan olan 132 nəfər var ki, onlardan 126 nəfər bakalavr, 6 nəfər isə magistrdir.
Bakalavrlardan biri Abass Kanu Afrikadan gəlib. Sierra Leone vətəndaşı olan Abass Azərbaycan Memarlıq və İnşaat Universitetində Əcnəbi tələbələrin təhsili üzrə dekanlığın tələbəsidir. İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Onu “tərbiyəli, ağıllı, fəal və yaxşı oxuyan” tələbə kimi xarakterizə edən dekan müavini Kəmalə Sərdarlı Abass haqqında “35 illik fəaliyyətimdə belə tərbiyəli, mədəni tələbə görməmişəm”, - deyir: “4 ildə cəmi bir kəsiri olub. Universitetin ictimai həyatında fəal iştirak edib. Bir sıra tədbirlərdə AzMİU-nu məhz Abass təmsil edib”.
Elə Abass da Bakıdan çox razıdır. Həm Bakıdan, həm də müəllimlərindən: “Bu semestr üçün təhsil haqqımı ödəyə bilməmişdim. Pulum olmadığı üçün ödəməm gecikirdi. Dekan müavini Kəmalə müəllim təhsil haqqımı ödədi. Həmin pulu ona sonra, ölkəmdən qayıdanda ödədim. Bu mənim üçün çox böyük bir addımdır. Mən də, elə ailəm də bu davranışı heç vaxt unutmarıq. Bu, Azərbaycanda gördüyüm gözəl münasibətin sadəcə biridir. Burada olduğum, bu universitetdə oxuduğum üçün şadam. Azərbaycanda 4 fəal tələbəlik ili yaşadım. Təhsil Nazirliyinin layihələrində - "Azərbaycanı necə tanıyırıq", “Novruz mühazirələri”ndə iştirak etdim. Ölkənizi çox sevdim. Azərbaycan bundan sonrakı həyatımın da bir parçası olacaq”.
Memar əsgərlər: onlar 800 nəfərdən çoxdur
Memarlıq və İnşaat Universitetində təhsilini bitirdikdən sonrakı planları hələ bəlli olmayanlar az deyil. Ancaq universitetdə təhsilini bitirərək hərbi xidmətə yollanacaq yüzlərlə gənc də yetişib. Rektor Gülçöhrə Məmmədova təbrik nitqində onları da unutmayıb. Vətənin müdafiəsinə AzMİU-nun auditoriyalarından çıxıb gedəcək 800-dən artıq məzundan gözləntilər böyükdür: “Hər məzunumuzdan təhsil aldıqları universitetin adını daim uca tutmasını istəyirik. Xüsusən, əsgər məzunlarımızdan şücaət, qəhrəmanlıq gözləyirik. Hər biriniz 100 yaşlı böyük Azərbaycan ordusunun sıralarında xidmət edəcəksiniz. Bunu unutmamalı, öz qəhrəmanlığınızla Ordumuzun bundan sonrakı uğurlarında sizin də payınızın olmasına çalışmalısınız!”.
“Universitetimizin adını zirvələrə qaldırmağa çalışacağıq”
Buraxılış gecəsində AzMİU-nun müxtəlif fakültələrində təhsil alan, həm təhsildə, həm universitetin ictimai həyatında fəal iştirak edən tələbələri diplomlarla, təltifnamələrlə mükafatlandırıldı.
Məzunların adından nəqliyyat fakültəsinin tələbəsi Ülvi Verdiyev çıxış edərək onların sevincinə qoşulanlara təşəkkür etdi: “Tələbə olduğumuz bu 4 ilin tez keçəcəyini demişdilər. Amma bu qədər tez olacağı ağlıma gəlməmişdi. Bu gün həmin 4 ildə təhsildə ciddi inkişaf yolu keçdiyimizi görürük. Ancaq inkişafımız sadəcə öz hesabımıza deyil. Müəllimlərimizin, valideynlərimizin payı daha çoxdur. Bu 4 ildə universitetimiz evimiz oldu. Bundan sonra da bu ev bizə doğma qalacaq. Xoş xəbərlərinə hər zaman sevinəcəyik. Fəaliyyətimizlə universitetimizin adını zirvələrə qaldırmağa çalışacağıq”.
Buraxılış gecəsinə son nöqtəni AzMİU-nun özfəaliyyət ansamblı qoydu. Bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edən ansambl üzvləri gecəyə bədii rəng qatdılar.
Beləliklə, Memarlıq və İnşaat Universiteti yarandığı gündən bu yana 43-cü buraxılışını yola saldı. Ancaq o gün bir vida deyil, qarşılıqlı verilən vədlər günü oldu. Universitet məzunlarını təhsilin növbəti pillələrində, ya da müəllim olaraq gözlədiyinə dair, məzunlar isə “Xoş gününə sevinəcəyik”- deyib, öz fəaliyyətilə universitetinin adını zirvələrə qaldıracağına söz verdilər.
Ruhiyyə DAŞSALAHLI