“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin şəhər mərhələsinin seçim turu keçirilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil edilən şəhər mərhələsinin seçim turunda paytaxtın 12 inzibati rayonu üzrə 100-ə yaxın pedaqoji mühazirə dinləniləcək. Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn vəinnovativ xarakterə, səmərəli təcrübəyə əsaslanan 12 pedaqoji mühazirə ölkə üzrə seçimlərə təqdim ediləcək.

 

Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular “Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması”, “Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi”, “İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri”, “İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.

 

Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

 

Qeyd edək ki, 2017-2018-ci dərs ilində təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

 

Pedaqoji mühazirələrin ölkə mərhələsinin aprel-may aylarında keçirilməsi nəzərdə tutulur.