Səfir Husnan Bey Fanani: “Azərbaycan Dillər Universitetinə daim dəstək olacağam"


Azərbaycan Dillər Universiteti (ADU) Elmi Şurasının 4 iyul 2018-ci il tarixli iclasının qərarı ilə İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani ADU-nun fəxri professoru adına layiq görülüb.

 

Bu münasibətlə keçirilən tədbirdə ADU-nun professor-müəllim heyəti, İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının nümayəndələri və ölkəmizdəki səfirliyinin əməkdaşları iştirak ediblər.

 

İndoneziyalı qonaqları və şura üzvlərini salamlayan rektor, AMEA-nın həqiqi üzvü Kamalla Abdulla ADU-da müxtəlif ölkələrin dillərinin və mədəniyyətlərinin yüksək səviyyədə təbliğ olunduğunu bildirib. Rektor qeyd edib ki, bu dillər və mədəniyyətlər sırasında İndoneziya dili və mədəniyyəti də xüsusi yer tutur: "2007-ci ildən universitetimizdə İndoneziya dili tədris olunur. 2010-cu ildən etibarən isə ADU-da İndoneziya Araşdırmaları Mərkəzi fəaliyyət göstərir. İndoneziyaşünaslıq ixtisası üzrə təhsillərini başa vurmuş onlarla məzunumuz həm ölkəmizdə, həm də xaricdə bu istiqamət üzrə yüksək səviyyədə çalışırlar".

 

ADU-nun İndoneziya Araşdırmaları Mərkəzinin İndoneziya universitetləri ilə sıx əməkdaşlıq etdiyini deyən rektor  bu əməkdaşlıqda səfir Husnan Bey Fananinin  böyük əməyi olduğunu bildirib: "Cənab səfir Husnan Bey Fananinin Azərbaycan Dillər Universiteti ilə İndoneziya universitetləri arasında sıx əməkdaşlıq qurmaqda xüsusi xidmətləri var. Hazırda tələbələrimiz İndoneziyada təhsillərini davam etdirir, elmi tədiqat işləri aparırlar. Xoş haldır ki, İndoneziya universitetlərində də Azərbaycan dili və mədəniyyəti təbliğ olunur".

 

Sonra  akademik Kamal Abdulla  səfir Husnan Bey Fananiyə ADU-nun fəxri professoru diplomunu təqdim edib.

 

Husnan Bey Fanani Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, akademik-müəllim heyətinə təşəkkürünü bildirib: "Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri günü-gündən inkişaf edir. Azərbaycan Dillər Universitetinin fəxri professoru adına layiq görülməyimdən şərəf hissi keçirirəm. Bu həm mənim, həm ailəm, həm də xalqım üçün uca bir addır. Bu etimad xalqlarımız arasında möhkəm qardaşlıq əlaqələrinin bariz nümunəsidir".

 

Səfir əlavə edib ki, Azərbaycan və İndoneziya gəncləri xalqlarımızın dəyərlərini daha da irəli aparacaq.

 

Səfir  Husnan Bey Fanani ADU-ya hər zaman dəstək olacağına söz verib: "İndoneziya və Azərbaycan universitetləri arasında da  əməkdaşlıq yüksək səviyyədədir. Söz verirəm ki, harada olmağımdan asılı olmayaraq bu istiqamətlərin daha da inkişaf etməsi üçün Azərbaycan Dillər Universitetinə daim dəstək olacağam".

 

Sonda səfir Husnan Bey Fanani pianoda Azərbaycan və İndoneziya musiqilərini ifa edib.