AMEA İnformasiya Texnologiyaları İnstitutundan verilən məlumata görə, qurumun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevin “İKT-yə əsaslanan iqtisadiyyatın inkişafının qiymətləndirilməsinin metodoloji aspektləri” (Methodological aspects of estimation of ICT-based economic development) adlı məqaləsi dünyanın nüfuzlu “Management Dynamics in the Knowledge Economy” jurnalında dərc olunub.
İKT-yə əsaslanan iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsinin metodoloji aspektlərinə həsr olunmuş məqalədə informasiya iqtisadiyyatının inkişaf istiqamətləri və onun xarici ölkələrdə formalaşma tendensiyaları təhlil edilib. Azərbaycanın informasiya iqtisadiyyatının inkişaf etmiş ölkələrlə müqayisəli təhlili aparılib, informasiya və bilik iqtisadiyyatının inkişaf səviyyəsinin formalaşması və qiymətləndirilməsi üçün müxtəlif göstərici sistemlərinin müqayisəli təhlili verilib. Məqalədə, həmçinin, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması ilə bağlı bəzi tövsiyələr təqdim edilib. Burada eyni zamanda informasiya və bilik hesabına formalaşan Ümumi Daxili Məhsulun (ÜDM) hesablanması metodikası və informasiya və bilik iqtisadiyyatının kompozit indekslər sistemi də təklif olunub.
Qeyd edək ki, “Management Dynamics in the Knowledge Economy” jurnalı EBSCO, BASE, Cabell's, DOAJ, Index Copernicus, ERIH Plus, GIF, NewJour, ProQuest, RePEc, Ulrich’s and World Cat və s. kimi nüfuzlu elmi bazalarda indeksləşir.
Yusif ƏLİYEV