UNEC-də Azərbaycan Respublikasi Vergilər Nazirliyinin dəstəyi ilə “Müasir vergi inzibatçılığının əsas trendləri” mövzusunda təlim kurslarına start verilib. Təlimləri vergi sahəsinin təcrübəli alim və mütəxəssisləri aparacaq.

 

UNEC Biznes Mərkəzinin direktoru Asəf Əsədov bildirib ki, məqsəd tələbələri müasir vergi inzibatçılığının əsas trendləri, inkişaf istiqamətləri, müasir analitik texnologiyalar barədə məlumatlandırmaq və bilik menecmenti yaxınlaşmalarının rolunu gücləndirməkdir. Təlimlərin vergi inzibatçılığı və menecmenti, vergi auditi, İKT və vergi analitikası istiqamətləri üzrə aparılacağını vurğulayan A.Əsədov sonda mövzulara uyğun imtahanların keçiriləcəyini, imtahanları uğurla verən tələbələrə isə sertifikatlar təqdim olunacağını söyləyib.

 

Təlimin ilk günündə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev vergitutmanın tarixi, əsas anlayışları, dövlət üçün əhəmiyyəti, hüquqi bazası və beynəlxalq vergitutma ilə bağlı mövzularla tələbələrə təlim keçib. Professor sonda tələbələri maraqlandıran sualları cavablandırıb.

 

Təlimlər martın 19-dək davam edəcək.