Dövlət Proqramı məzunları erməni vəhşiliyinin izi ilə Ağdamda olublar


İyulun 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almış bir qrup məzunun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri təşkil olunub. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov regiona səfər edən tələbələri və Təhsil Nazirliyinin əməkdaşlarını qarşılayaraq qeyd edib ki, Azərbaycan dövlətinin gücünü əks etdirən xaricdə təhsil proqramının məzunları bizim gələcəyimizin, gələcək Azərbaycanın, daha güclü Azərbaycanın təcəssümüdür. Ona görə bu gün torpaqlarımızı işğaldan azad etmiş Müzəffər Azərbaycan Ordusunun gəncləri kimi elmi ilə, təhsili ilə Azərbaycanın inkişafına töhfə verəcək gənclər olaraq siz də bu ölkənin güclü bir dövlət olmasının təməl sütunlarından birisiniz. “Əminəm ki, dövlətin sizə qoyduğu sərmayəni artıqlaması ilə bu torpağa,  dövlətə, bu xalqa qaytaracaqsınız. İşğaldan azad olunmuş doğma Ağdamımıza xoş gəldiniz. Mənim üçün həm də ikiqat əlamətdar hadisədir. Ona görə ki, xaricdə təhsil üzrə Dövlət Proqramının ilk məzunlarından biriyəm. Bu gün şəxsən sizi burada qarşılamağı və bu səfəri sizinlə bir yerdə keçirməyi özümə borc bildim”.

 

Daha sonra Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət təşkil edilib. Məzunlar tərəfindən Ağdam Dövlət Dram Teatrı qarşısında milli folklor nümunələrindən “Sarı gəlin”, “Heyratı Azərbaycan”, eyni zamanda, Niyazinin “Rast” simfonik muğamından fraqment, “Vivaldi-summer” ifa olunub. Səfər zamanı Ağdamın Baş Planı ilə tanışlıq olub. Ağdam səfərinin iştirakçıları “Azərbaycan müəllimi”nə öz təəssüratlarını bölüşüblər.

 

“İstədik ki, gənclər öz gözləri ilə bu prosesin şahidi olsunlar”

 

Tural Əhmədov, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri: - Bu gün şahidi olduğunuz səfər “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və Hökumətlərarası Təqaüd Proqramının məzunlarının işğaldan azad olunmuş Ağdam şəhərinə səfəridir. Təhsil Nazirliyi olaraq biz vətəndaşlarımızın xarici ölkələrdə, eyni zamanda, əcnəbilərin ölkəmizdə təhsilini təşkil edirik. Bu mənada iyun ayında əcnəbi tələbələrin işğaldan azad olunmuş Fizuli və Cəbrayıl rayonlarına səfərinin davamı olaraq gənclərimizin Ağdama səfərini təşkil etdik. Buradakı gənclər dünyanın ən nüfuzlu universitetlərindən müxtəlif ixtisaslar, təhsil səviyyələri üzrə məzun olmuş və hazırda cəmiyyətdə öz yerini tutan, dövlət, özəl, eyni zamanda beynəlxalq təşkilatlarda işləyən vətəndaşlarımızdır. Biz istədik ki, onlar öz gözləri ilə bu prosesin şahidi olsunlar. Eyni zamanda quruculuq işləri ilə bağlı  ixtisaslaşdıqları sahələr üzrə öz tövsiyələrini versinlər.

 

“Doğma torpaqlarımızdayıq”

 

Samirə Həsənzadə, Dövlət Proqramı məzunu: - Buraya gəlməyimizə görə Təhsil Nazirliyinə minnətdarlığımı bildirmək istərdim. Ağdama gəldiyimiz ilk saatlardan müxtəlif təəssüratlarımız var, doğma torpaqlarımızdayıq. Düşməndən azad olunmuş Ağdamı ilk dəfədir ki, görürük. Amma bir qədər də kədərli, çox həyəcanlı  hisslər keçiririk. Erməni vəhşiliyini görəndən sonra insanın nə qədər vandal ola biləcəyi, yəni vəhşiliyin hansı həddə olduğunu  düşünmək belə çox çətin gəlir insana. Bizim mədəni abidələrimizi, hər şeyi məhv etmək bir insan üçün nə qədər asan gələ bilərmiş. İnşallah ki, gələcəkdə bütün bunları bərpa edərik. Dünyaya da səsimizi çatdıraq və göstərək ki, bizim düşmənimiz necə hiyləgər və vəhşi bir düşməndir ki, tarixi, mədəni bir şəhəri bu günə sala bilib.

 

 

“Özümü çox xoşbəxt hiss edirəm!”

 

 

 

Aygün Mehrəliyeva, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı: - Burada olmaqdan özümü çox xoşbəxt hiss edirəm. Özüm də ağdamlıyam. Atam I Qarabağ müharibəsində şəhid olub. Düşməndən azad olunmuş torpaqlarda olmaq çox qürurvericidir, çox həyəcanlıyam.  Gec də olsa, haqq-ədalət öz yerini tapdı. Biz torpaqlarımıza qayıtdıq! Müzəffər Ali Baş Komandanımıza çox minnətdaram. Bu torpaqlar uğrunda can vermiş bütün şəhidlərə Allahdan rəhmət diləyirəm.

 

 

“Keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil”

 

 

 

Ceyla Seyidova, Dövlət Proqramı məzunu: - Otuz ildən sonra düşməndən azad olunmuş torpaqlarımızda ilk musiqi ifaçısı olmağın sevincini yaşadım.  Ona görə ki, Ağdam Dövlət Dram Teatrı qarşısında 3 musiqi əsərini - Niyazinin “Rast” simfonik muğamından fraqmentini, xalq mahnısı “Sarı gəlin”i və Vivaldinin üçüncü hissə konsertini ifa etdim. Bu gün burada keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil. Biz çox xoşbəxt anlar yaşayırıq. Ali Baş Komandanımıza, möhtərəm Prezidentimizə buradakı gənclər adından təşəkkürlərimi çatdırmaq istərdim. Çox sağ olsun ki, biz bu günləri gördük və bu günləri yaşayırıq.

 

 

 

 

“Şərəfli günlərin canlı şahidləriyik”

 

 

Niftalı Qasımlı, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin mütəxəssisi: - Bu gün bizim üçün həqiqətən də çox qürurverici, tarixi bir gündür. Bu gün biz erməni vandallarının viran qoyduğu Ağdam şəhərinə səfər etmişik və buradakı tarixi abidələrlə tanış oluruq. Həqiqətən də çox acınacaqlı bir mənzərə ilə üzləşmişik. Əminik ki, dövlətimizin uğurlu siyasəti nəticəsində bu torpaqlar tez bir zamanda bərpa olunacaq.

 

Əlavə edim ki, mən özüm 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişəm. Sentyabrın 29-dan döyüşlərə cəlb olunmuşam. Fizuli, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Həqiqətən çox qürurvericidir ki, illər sonra ordumuzun və xalqımızın birliyi nəticəsində, dövlət başçımızın qətiyyətli, əzmkar siyasəti sayəsində biz bu şərəfli günlərin canlı şahidləriyik.

 

“Hər birimizin ürəyi Vətənlə döyünürdü”

 

Orxan Kərimzadə, Dövlət Proqramı təqaüdçüsü: - Təhsil Nazirliyinin xaricdə təhsil almış Dövlət Proqramı məzunlarının Ağdama təşkil etdiyi bu səfəri bizim üçün çox əhəmiyyətli və dəyərlidir. Biz bu təşəbbüsə görə Təhsil Nazirliyinə və digər təşkilatçılara minnətdarlığımızı bildiririk. 44 günlük müharibədə xaricdə yaşayan tələbələr olaraq hər birimizin ürəyi Vətənlə döyünürdü. Təbii ki, bu müharibədə qalib gəlmək heç də asan başa gəlməyib, şəhidlər vermişik. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Qazilərimizə cansağlığı arzulayırıq ki, onlar bizə bugünkü hissləri yaşadıblar. Bu torpaqlarda yaşadığımız hissləri sözlə ifadə etmək mümkün deyil. Burada gördüyümüz hər bir abidəni, şəhərin hər bir hissəsini həmişə şəkillərdə, videolarda görmüşük. Amma bu gün bütün bunları real olaraq görürük. Ümid edirik ki, çox qısa zamanda bütün abidələr, Ağdam şəhəri və digər işğaldan azad olunmuş ərazilər bərpa olunacaq. Yenidənqurma işləri, gördüyümüz kimi sürətlə davam etdirilir və ən qısa zamanda ümid edirik ki, biz buraya yenidən qayıdacağıq. Bərpa olunmuş  və yenidən qurulmuş Ağdam şəhərinə və digər ətraf rayonlara səfərlər edə biləcəyik.

 

 

“Erməni vəhşiliyini bir daha öz gözlərimizlə gördük”

 

Sevinc Novruzova, Hökümətlərarası Təqaüd Proqramının  (HTP) məzunu: - Çox qürurlu və sevincli bir gündür ki, Təhsil Nazirliyinin xətti ilə HTP məzunu olaraq Ağdam şəhərinə səfərdə iştirak edirəm. Eyni zamanda bu dağıntıları görmək çox üzücüdür. Yəni biz erməni vəhşiliyini bir daha öz gözlərimizlə gəlib burada görürük. İnsana xas olmayan nə qədər vəhşiliklər varsa onlar öz əməlləri ilə burada nümayiş etdiriblər. Bütün gördüklərimiz ermənilərə qarşı növbəti mübarizələrimizdə material olacaq. Ermənilər burada Azərbaycana aid tarixi, mədəni, dini abidələri, insanların şəxsi mülkiyyətini dağıdıblar. Dağıntılar ekspertizadan keçdikdən, bunlara hüquqi qiymət veriləndən sonra Azərbaycan vətəndaşı olaraq biz məzunlar üzərimizə düşən öhdəliyi, vəzifəni yerinə yetirərək, ilk növbədə,  bu materialları  bütün dünya ölkələrinə yaymalıyıq. Təsdiqedici materiallardan şəxsən mən iştirak etdiyim bütün tədbirlərdə erməni vəhşiliyini ifşa etmək üçün istifadə edəcəyəm. 

 

 

“Ağdamlı olaraq mənim üçün xüsusi önəm daşıyan bir gündür”

 

 

 

Ülfət Hacıyev, Dövlət Proqramı təqaüdçüsü: - Bu gün biz Ağdam şəhərindəyik. Ağdamlı olaraq mənim üçün xüsusi önəm daşıyan bir gündür. Mən Ağdamın Baş Qarvənd kəndində anadan olmuşam, Dövlət Proqramı üzrə Belçika Krallığında təhsil almışam. Bu gün Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi bizi qarşıladı, Ağdamın tarixi, burada görüləcək işlərlə bağlı tanış etdi. Bu, biz məzunlar üçün çox əhəmiyyətli səfər oldu. Bunun üçün Təhsil Nazirliyinə, nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinə minnətdarlığımı bildirirəm.

 

 

 

 

Oruc MUSTAFAYEV