Müəllimlərin işə qəbulu müsabiqəsi davam edir
22 iyul saat 12:30. Azərbaycan Texniki Universitetinin ən böyük zalındayıq. Azərbaycan dili və Ədəbiyyatı fənni üzrə imtahanlar davam edir. Namizədlər sıra ilə yerini alıb. Arzu Kərimova da onların arasındadır. 90 dəqiqə ərzində 60 suala cavab verəcək: “2018-ci ildən müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıram. Nəticəmi ilbəil artırmışam. 2018-ci ildə 45 bal idisə, 2019-cu ildə 55 bal topladım. Ötən il işləyən müəllimlərə icazə verilmədiyi üçün imtahanda iştirak edə bilmədim. Bu il yenidən burdayam”.
“Hədəfimə çatdım”
...90 dəqiqə sonra. Budur, vaxt bitdi. Vaxtın bitdiyini sistem özü xəbər verir. İmtahanın bitdiyini göstərən xəbərdarlıqla yanaşı, namizədin qeyd etdiyi cavabların nəticəsi də ekranda görünür. Arzu Kərimovanın nəticəsi onun üzünü güldürür: “Nəhayət, bu il istəyimə çatdım. 60 bal topladım”.
1986-cı il təvəllüdlü namizəd hədəfinin mümkün ən yüksək balı toplamaq olmasının səbəbini belə izah edir: “2008-ci ildən Hacıqabul rayon Cavad Cavadov adına Atbulaq kənd tam orta məktəbində pedaqoji fəaliyyət göstərirəm. Ancaq ailəm Qaradağ rayonunun Ələt qəsəbəsində yaşayır və 3 azyaşlı uşağımın mənə ehtiyacı var. Hacıqabulda müəllimlik fəaliyyətimi davam etdirmək körpə uşaqlarla çətinlik törədir. Onun üçün imtahanda yaxşı nəticə göstərib qəsəbəmizdə yerləşən məktəblərin birində işləmək istəyirəm. Ən yüksək balı toplamalıydım ki, iş yerimi yaşayış yerimə uyğun dəyişə bilim”.
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının məzunu uğurunu imtahanlara hazırlığı ilə əlaqələndirir: “Asan olmadı, əziyyət çəkdim. Axı, hədəfim böyük idi. Əsas odur, hədəfimə çatdım”.
Bu imtahanda 60 bal toplaması onun özgüvənini artırıb: “İmtahan sualları asan, orta və çətinlik dərəcəsindəydi. Hətta əksəriyyəti düşündürücüydü deyə bilərəm. Buna baxmayaraq, ən yüksək balı toplaya bildim. Bu da o deməkdir ki, insan hazırlıqla hər şeyə nail ola bilər. Öz üzərində yaxşı çalışan müəllim mütləq uğur qazanar”.
“Mən şagirdlərimi, onlar da məni sevirlər”, - deyən namizədin sözlərinə görə, onu özünə nümunə götürənlər çoxdur: “Onlarla şagirdim Azərbaycan dili və ədəbiyyatı ixtisasını, ən əsası, müəllimliyi seçib. Müəllim üçün bundan böyük hədiyyə nə ola bilər? Müəllimliyi mənə də Şirvan şəhərində tarix müəllimim olmuş Məhbubə Mirzəyeva sevdirib. Sevinirəm ki, mən Məhbubə müəllimimi hər uğurumda xatırladığım kimi, məndən stimul alıb müəllimliyi seçən şagirdlərim də məni unutmayacaqlar”.
“Şagirdlərimin əksəriyyəti yüksək balla ali məktəblərə qəbul olunublar”
Azərbaycan dili və ədəbiyyatı fənni üzrə imtahanların bu seansında özünü xoşbəxt hiss edən daha bir müəllim. İkinci 60 balın sahibi Ruslan Mustafayevlə də söhbətləşirik. O, Şəkidəndir. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə məzunudur: “2012-ci ildən müəlliməm. Ayrı-ayrı təhsil müəssisələrində çalışmışam. Şagirdlərimin əksəriyyəti yüksək balla ali məktəblərə qəbul olunublar”.
Sadəcə şagirdləri yox, özü də imtahanlardan üzüağ çıxıb: “Həm 2019-cu ildə, həm də 2020-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqəsində iştirak edib 54 bal topladım. Ancaq heç birində daimi əsaslarla işə qəbul oluna bilmədim. Nəhayət, bu il imtahanda 60 bal topladım. Buna görə də çox sevinirəm”.
R.Mustafayev deyir ki, imtahanlara hazırlaşarkən əsas diqqətini metodikaya ayırıb: “Təvazökarlıqdan uzaq olmasın, ixtisasım üzrə hazırlığa heç ehtiyac duymadım. Bütün vaxtımı kurikulum üzrə hazırlığa həsr etdim”.
R.Mustafayev hesab edir ki, bu hazırlığa dəyib: “İmtahan olduqca şəffaf keçdi. Azərbaycan dilindən sadəcə bir sual vaxtımı aldı. Metodikadan düşən sualları cavablandırarkən heç bir çətinliyim olmadı”.
Müəllimliyi sevərək seçdiyini vurğulayan R.Mustafayev deyir ki, ali təhsil müəssisələrinə qəbul zamanı da pedaqoji ixtisasları qeyd edib: “Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı hələ uşaqlıqdan qarşıma məqsəd qoymuşdum. Əmim də bu fənn üzrə çox nüfuzlu müəllimlərdən biri olub. Onun təsiri ilə mən də, bacım da bu peşəyə yiyələnmişik”. R.Mustafayev müəllimlik fəaliyyətində gələcək planlarından da danışdı: “Bir müəllim kimi məktəbdə bütün bilik və bacarıqlarımı xalqımızın sevimli balalarının gələcək inkişafı yolunda sərf edəcəyəm. Şagirdlərimin bədii təxəyyülünü hərəkətə gətirən xüsusi tapşırıqlardan istifadə edəcək, onları məntiqi, tənqidi və yaradıcı təfəkkürü stimullaşdıran fəaliyyətlərə cəlb edəcəyəm. Dərslərimi mövcud təhsil proqramının tələblərinə uyğun quracağam. Vəzifə borcumu uğurla yerinə yetirəcəyəmə inanıram”. R.Mustafayev məqsədinə çatmaq üçün lazım olan enerji və qabiliyyətə sahib olduğuna inanır: “Müəllimliyə və uşaqlara sevgim kifayət qədərdir. Düşünürəm ki, müəllim şagirdlərini bilikli, savadlı, bacarıqlı, tərbiyəli, səriştəli, məsuliyyətli bir vətəndaş-şəxsiyyət kimi formalaşdırmağa çalışmalı, öz fənnini sevdirməyi bacarmalıdır”.
Təkrar imtahanlar olacaq
17 gündür davam edən imtahanlarda yüksək bal toplayıb uğurundan fərəhlə danışanlarla yanaşı, narazılıqlarını dilə gətirənlər də var. Xüsusən, iyulun 5-dən baş tutan müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş suallarla bağlı narazılıqlar ayrıca araşdırılıb. Aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5 040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi və diskriminasiya əmsalı təhlil edilib. Belə ki, iyulun 12-də ibtidai sinif, 23 və 26-da Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə keçirilmiş seanslarda istifadə edilən test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib.
Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək. Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaq. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.
Təkrar imtahan vermək arzusunda olan namizədlər iyulun 28-i saat 11:00-dan iyulun 30-u saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər.
Ümumiyyətlə, imtahanlarla bağlı narazılığı olan bütün şəxslərə öz haqqını müdafiə etmək imkanı yaradılıb. Belə ki, iyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərini araşdıran komissiya işə başlayıb. İmtahanda iştirak edənlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndərilir.
40 mindən çox şəxs imtahan verdi, 25 mindən çox şəxs isə verəcək
2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi davam edir. İyulun 5-dən start götürən prosesdə artıq 40 minə yaxın namizəd imtahan verib. Bu gün coğrafiya və tarix fənnləri üzrə 3063 namizəd imtahanlara dəvət olunub.
Artıq fizika, informatika, ibtidai sinif, riyaziyyat, kimya, təsviri incəsənət, musiqi, Azərbaycan dili, rus dili, texnologiya və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi üzrə namizədlər imtahanlara qatılıb. Fizika üzrə imtahanlarda ən yüksək 59, informatika fənni üzrə 58, riyaziyyat üzrə 56, kimya üzrə 59 bal qeydə alınıb. İbtidai sinif üzrə müəllimliyə namizədlər arasında 10, Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 2 nəfər 60 bal toplayıb.
Beləliklə, müəllimlərin işə qəbulu imtahanları avqustun 2-dək yekunlaşacaq. Növbəti günlərdə 25 000-dən artıq namizədin imtahanlarda iştirakı gözlənilir.
Ruhiyyə DAŞSALAHLI