Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki Uşaq-Gənclər İnkişaf mərkəzlərində (UGİM) hesabat tədbirləri keçirilib.

 

BŞTİ-nin tabeliyindəki 4, 5, 6, 7 və 8 nömrəli UGİM-lərdə təşkil olunan hesabat tədbirlərində BŞTİ-nin müdir müavini Nərgiz Səfərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri və UGİM-lərin pedaqoji heyəti iştirak ediblər.

 

Üç gün davam edən hesabat tədbirlərinin keçirilməsinin əsas məqsədi 2017-2018-ci tədris ili ərzində görülən işləri ümumiləşdirərək nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək və keyfiyyətli dəyişikliklərə nail olmaq üçün UGİM-lərin pedaqoji kollektivinin imkanlarını səfərbər edərək, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.

 

Hesabat tədbirlərində çıxış edən BŞTİ-nin müdir müavini Nərgiz Səfərova UGİM-lərdə işin təşkili, istedadlı şagirdlərin aşkara çıxarılması, məktəbdənkənar təhsil müəssisələrində tədris prosesinin təkmilləşdirilməsi, şagirdlərin yaş xüsusiyyətləri, maraq dairəsi, meyil və bacarıqları nəzərə alınmaqla dərnəklərə cəlb edilməsi və maddi–texniki təchizat məsələləri barədə danışıb. Müdir müavini qeyd olunan məsələlərlə bağlı öz tövsiyələrini diqqətinə çatdırıb.

 

Daha sonra tədbirlərdə çıxış edən qonaqlar UGİM-lərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıb, qarşıdakı tədris ilinin daha səmərəli təşkili ilə bağlı müvafiq məsləhətlər veriblər.

 

Tədbirlərdə həmçinin, UGİM-lərin 2017-2018-ci tədris ili ərzində gördüyü işlərdən bəhs edən videoçarxlar nümayiş olunub.